Ötən il keçirilən bələdiyyə seçkilərindən sonra bələdiyyələrlə bağlı qanunvericilik aktlarında əlavə və dəyişiklilər edildi. Bu günlərdə isə könüllü vətəndaşların bələdiyyəyə köməyi məqsədilə məhəllə komitələri yaradılıb. Bu məhəllə komitələri nə kimi işlər görəcəyi diqqət çəkir.
Məsələyə münasibət bildirən “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai Birliyinin sədri Vüqar Tofiqli deyib ki, Azərbaycanda məhəllə komitələrinin yaradılması prosesi artıq başa çatmaq üzrədir. Onun sözlərinə görə, xüsusən şəhər bələdiyyələrində məhəllə komitələri fəaliyyətdədir:
“Məhəllə komitələrinin əsas məramı vətəndaşlarla ünsiyyəti daha da intensivləşdirmək, problemləri operativ öyrənmək və onların tezliklə aradan qaldırılmasını həyata keçirməkdir. Məhəllə komitələrinin fəaliyyətini artırmaq məqsədilə mənzil kommunal strukturlarının fəaliyyətini tamamilə dayandırmaq və onlara ayrılan vəsaitin bir qismini dotasiya şəklində bələdiyyələrə vermək və həmin o məhəllə komitələrində fəaliyyətini intensivləşdirmək lazımdır”.
Sosial-Strateji Tədqiqatlar və Analitik Araşdırmalar Mərkəzinin rəhbəri İlqar Hüseynlinin sözlərinə görə, bələdiyyələrin statusu ilə bağlı qanunvericilikdə göstərilib ki, özünüidarəetmə orqanları məhəllə komitələrini yarada bilərlər: “Amma məsələ burasındadır ki, məhəllə komitələrinin yaradılması bələdiyyə ərazisində yaşayan vətəndaşların könüllü təşəbbüsləri şəklində yaradılmalıdır. Belə komitələrin yaradılması hansısa qanunvericilik aktında konkret şəkildə qeyd edilməyib. Ümumiyyətlə, məhəllə komitələrində təmsil olunan şəxs ictimai əsaslarla fəaliyyət göstərir. Yəni, istər bələdiyyə şurasından, istərsə də bələdiyyənin mülkiyyətində olan ərazilərdən istifadə və ya əmək haqqı formasında hansısa pul almır. Yalnız könüllülük prinsipi ilə yaradılan bir komitələrdir. Əslində, məhəllə komitlərinin yaradılması o təşəbbüslə irəli atılıb ki, bu komitələr ərazidə mövcud olan sosial problemləri araşdırsın, çatışmazlıqları aşkarlayıb ortaya çıxarsın. Daha sonra bu problemlər bələdiyyə şuralarının iclaslarına çıxarılmalıdır ki, onlar da bunun həlli üçün məsələni gündəliyə daxil etsinlər”.
BƏXTİYAR