Fədai Abdullayev: “"Hazırda virusların başlıca fəaliyyəti kompüterdən informasiyanın oğurlanmasına və gizli məlumatların götürülməsinə yönəlib"”
İnformasiya texnologiyalarında toplanan məlumatların təhlükəsizliyi üçün ziyanverici proqramlardan qorunmaq günümüzün aktual məsələlərindəndir. Kompüterdə saxlanılan məlumatlara və proqramlara zərər yetirən ayrıca proqramların ən geniş yayılanı viruslardır.
Kompüter virusu proqramın, informasiyanın içərisinə daxil olan, öz-özünü çoxaldan, gizlədən və ziyanlı işlər görən parazit proqram kodudur.
“MON Tech” MMC-nin satış rəhbəri Fədai Abdullayevin sözlərinə görə, gün ərzində internet şəbəkəsinə yazılıb qoşulan kiçik həcmli virus proqramlarının həcmi 350 mini keçir.
Virus proqramlarını kiçik proqramçılardan tutmuş peşəkar proqramçılara qədər çoxları yaza bilir. Fədai Abdullayev bildirir ki, virus proqramları ya biznes xarakterli, ya intiqam almaq məqsədilə, yaxud da proqramçının özünü təsdiq etməsi uçun yazılır.
Virus və antivirus yazanlar cəbhələrə bölünüb
Bəzən belə bir fikirlər səslənir ki, virus və antivirus yazanlar eyni şəxslərdir.
Proqramçı-mühəndis bu fikirlə razılaşmır. Onun sözlərinə görə, hazırda əksər ölkələrdə ziyanverici proqramların yaradılması, istifadəsi və yayılması qanunla qadağandır. Qanunvericiliyə əsasən, virus yazan şəxs və ya şirkət məsuliyyətə cəlb olunduğuna görə antivirus yazan şirkətlər hazırda belə bir risk etmir: “Çünki kimsə illərlə qazandığı nüfuzu bir ehtimala görə yerə vurmaq istəməz. Virus proqramların hücumunun qarşısını almaq üçün böyük şirkətlər bu boşluğu görüb antivirus proqramları yazırlar”.
Virusların sayı 350 min, antivursların sayı 100-dən çoxdur
Günümüzdə 100-dən çox antivirus proqramın olduğunu deyən proqramçı tövsiyə edir ki, antivirus proqramı seçərkən müştərinin öz ehtiyacını düzgün müəyyənləşdirməsi və ilk top 10-da olan antivirusdan istifadə etməsi vacib amildir: “Top 10-da olan antivurs daha etibarlı və güvənlidir. Digər tərəfdən, eyni markanın lisenziyalı (pullu) və lisenziyasız (pirat) antivirusu arasında çox fərq var. Lisenziyalı antivirus aldığınız zaman qarşıdakı brendin, antivirus markasının qarşılıqlı öhdəliyini götürmüş olursunuz. O, sizin informasiyanızın təhlükəsizliyinə təminat verir. Sizin haqqınızdakı hər hansı şəxsi məlumatı başqasına ötürülməməsi barədə öhdəlik götürür. Əgər siz hətta internetdə belə olsa, lisenziyasız, pirat məhsul alırsınızsa, təhlükə altında qalmış olursunuz. Havayı heç bir şey yoxdur.
Çox vaxt bu məhsulu alarkən sizə açar verir və bunun altına sizin məlumatları yazırlar, bu zaman məlumatların oğurlanması təhlükəsi yaranır. Buna fishing proqramı deyirik, bu, kompüterə yükləndiyi zaman sizin bank əməliyyatı, kart əməliyyatı kimi şəxsi məlumatlarınız oğurlana bilir. Bu səbəbdən belə proqramlardan istifadəni məsləhət görmürük".
Kompüteri az yoran antiviruslara üstünlük verin
Mütəxəssis bildirdi ki, antivirusların iş prinsipi fərqlidir. Hər antivirus öz istifadəçisi üçün fərqli şəkildə dəyər yaradır. Bir qisim antiviruslar var ki, bütün sistemdəki faylları, prosesləri incələyir, təhlükəsizliyi yoxlayır, təhvil alır və daim sistemə nəzarət edir. Hər hansı təhlükəli məlumat, virus proqramı görərsə onu tapır, silir və blok edib atır: “Müəyyən qisim antiviruslar isə fərqli çalışır. Onlar kompüter sisteminə yüklənərkən əvvəlcə kompüterdəki bütün faylları, sistemdəki bütün prosesləri yoxlayır və təhvil alır. İkinci tip antiviruslar demək olar ki, kompüteri daha az yorur və xüsusilə internet üzərindən təhlükəsizliyi daha yaxşı təmin edir. Hazırda istifadəçilər üçün, mobil təhlükəsizlik, smartfonlarda və planşetlərdə istifadə edə biləcəyimiz antiviruslar da var. Bu, fərdi istifadəçilər üçündür".
Antivirusların funksional imkanlarından danışan müsahibimizin sözlərinə görə, bu proqramların bir xüsusiyyəti virusdan qorumaqdırsa, digər xüsusiyyəti də zərərli vərdişlərdən yayındırmaqdır: “Zərərli spamlardan qoruyan, yaxud valideyn nəzarəti ilə uşaqların internetdən istifadəsini təmin edən antiviruslar var. Lazımsız faylları silmək, təhlükəsizlik çəpəri funksiyası yaratmaq kimi antiviruslar mövcuddur”.
Azərbaycan türkcəsində antivirus niyə işlək deyil?
Antivirus proqramının Azərbaycan variantı çox məhdud şəkildə tətbiq olunur. Bunun səbəbini Fədai Abdullayev Azərbaycan bazarının məhdudluğu ilə izah etdi: “2012-ci biz BAKU antivirus-müdafiə sistemi yaratmışdıq. Amma bu sistemi aktiv vəziyyətdə saxlamaq üçün bu sahədə ən peşəkar işçiləri cəlb etmək lazım idi. Gün ərzində kompüterə 350 min virus daxil olursa, belə proqramçıların da yüksək maliyyə təminatı olmalıdır ki, sistem daim nəzarətdə olsun. Bu isə həddən artıq yüksək maliyyə tələb edirdi.
Bizdə 10 milyon əhalinin 5 milyonu internet istifadəçisidirsə, onların da əksəriyyəti rus, ingilis istehsalı olan antiviruslar alır, yerli məhsula üstünlük vermir. Odur ki, maliyyə dəstəyi olmadığı üçün, çox təəssüf ki, bu layihə yarımçıq qaldı".
Kiber çinayətkarların zombisi
Fədai Abdullayevin sözlərinə görə, əgər 10-15 il öncə viruslar kompüteri sıradan çıxarmaq məqsədi ilə yazılırdısa, hazırda virusların başlıca fəaliyyəti kompüterdən informasiyanı oğurlamağa və kənar şəxslərin kompüterindən gizli olan məlumatların götürülməsinə yönəlib: “Hazırda kibercinayətkarlar üçün virus vasitəsilə kompüterlərin xarab olması yox, istifadəçinin informasiya texnologiyalarını işlək vəziyyətdə saxlaması, sosial şəbəkələrdə, mobil telefonlarda istifadəçinin aktiv olması maraqlıdır. Xoşagələn kiçik bir proqram e-mail, yaxud mobil telefona mesaj vasitəsilə sizə gondərilirsə, siz bu məlumatı saxladığınız müddətdə sizdən istənilən məlumatı götürmək mümkündür.
Bu zaman siz kompüter casusunun zombisinə çevirlirsiniz. Hazırda məsələn, bir kibercinayətkarın Azərbaycanda 40 min belə zombisi olsa, onu çox baha qiymətə Ermənistana sata bilər. Bu baxımdan, hazırda bu sahədə vəziyyət daha təhlükəlidir, nəinki virus problemində".
Sevil Hilalqızı