21 Aprel 2015 19:43
774

Bakıda Çexiya viza mərkəzinin açılışı olub.

Tədbirdə çıxış edən Çexiyanın Azərbaycandakı səfiri Vitezslav Pivonka mərkəzin yaradılmasının zərurətindən danışıb. Onun sözlərinə görə, mərkəz Çexiyaya getmək istəyən Azərbaycan vətəndaşları üçün vizaların verilmə prosedurunu asanlaşdıracaq: “Ötən il səfirlik 8500 Azərbaycan vətəndaşına viza verib. Onlar əsasən Karlovı Varı və Praqaya səfər ediblər. Lakin biz digər şəhərlərimizi də azərbaycanlılara göstərməyə çalışırıq. İstəyirik ki, Azərbaycan vətəndaşları Çexiyanı gözəl bir turizm mərkəzi kimi yaxından tanısın. Ötən il Çexiyaya 13 milyondan çox turist səfər edib. Biz azərbaycanlı turistlərin bu sayın önəmli bir hissəsini təşkil etməsini arzulayırıq”.

Səfir onu da qeyd edib ki, Çexiya Azərbaycanla bütün sahələrdə əməkdaşlıqda maraqlıdır. Bu səbəbdən Çexiya rəsmiləri ölkəmizə tez-tez səfər edirlər. Çexiya parlamentinin sədri Yan Hamaçek iyun ayında Azərbaycana gələcək. Qonaq I Avropa Oyunlarının açılış mərasimində iştirak edəcək.

Diplomat Çexiya viza mərkəzinin 27 aprel tarixindən rəsmi fəaliyyətə başlayacağını bildirib.

Qeyd edək ki, viza mərkəzi Azərbaycan və xarici ölkə vətəndaşlarına göstərilən xidməti daha da təkmilləşdirmək məqsədilə açılıb.

Mərkəz yalnız qısamüddətli Şengen vizasına sənədləri qəbul edəcək. Uzunmüddətli viza üçün sənədlərin qəbulu və notarial xidmətlər (sənədlərin, imzaların təsdiqlənməsi və s.), əvvəllər olduğu kimi, Çexiya səfirliyinin konsulluq şöbəsində həyata keçiriləcək.

Mərkəzdə vizanın verilməsi prosesini «VFS.Global» şirkəti həyata keçirir. Baş menecer Cavid Həsənovun bildirdiyinə görə, bu ilin yanvarından fəaliyyətə başlayan şirkət hazırda Azərbaycanda Litva və Çexiyaya viza müraciətlərini qəbul edir: “Fəaliyyətimizi genişləndirməyi və yaxın gələcəkdə ölkələrin siyahısını artırmağı nəzərdə tuturuq. Hazırda Norveç səfirliyi ilə danışıqlar gedir, yaxın günlərdə bu ölkənin də viza mərkəzi işə başlayacaq. Turizm şirkətləri ilə əməkdaşlıq edirik. Düşünürəm ki, belə bir mərkəzin fəaliyyəti Azərbaycan vətəndaşlarının xarici ölkələrə səfərləri zamanı daha rahat şəkildə viza almasına imkan verəcək”.

«VFS.Global»ın Türkiyədəki partnyoru olan «Gaterway Management» şirkətinin baş direktoru Halis Çakmakın sözlərinə görə, belə mərkəzlərin yaranması azərbaycanlı turistlər üçün əlverişli imkandır: “Bundan sonra Azərbaycan vətəndaşları bu mərkəzə müraciət etməklə asan yolla viza ala biləcəklər. Biz Türkiyədə 16 ölkənin viza mərkəzini yaratmışıq. Gələcəkdə həmin ölkələrin Azərbaycanda da viza mərkəzini yaratmağı düşünürük. Mühüm məsələlərdən biri də belə mərkəzlərin Azərbaycanın regionlarında fəaliyyətini qurmaqdır. Bundan başqa, mobil xidmət təşkil edəcəyik. Bu yolla viza üçün müraciət edən vətəndaşın evinə gedib onun müraciətini oradaca həll edəcəyik. Türkiyədə artıq bu təcrübədən istifadə etmişik və çox yaxşı effekt verib. Düşünürəm ki, bu yolla eyni zamanda Azərbaycanda turizmin inkişafına da öz töhfəmizi vermiş olarıq”.

İLHAMƏ


Müəllif: