30 aprel 1975-ci il tarixində - 40 il əvvəl ABŞ və onun yaratdığı oyuncaq Sayqon rejiminin nəzarətində olan Cənubi Vyetnamın paytaxtı Sayqon şəhəri azad edildi. Cənub-Şərqi Asiyanın ikiyə bölünmüş daha bir dövləti yenidən birləşdi. Qəhrəman Vyetnam xalqı qələbəsinin 40-cı ildönümünü təntənə ilə qeyd edir. Bəşər tarixinə ən qəddar müharibələrdən biri kimi daxil olmuş ABŞ-Vyetnam müharibəsi haqqında mənim məlumatım hansısa müharibə xronikasına dair filmdən və ya yazıdan əldə edilməyib. Mən ağır müharibədən qələbə ilə, lakin çox böyük itkilərlə çıxmış Veytnamda, həmin dəhşətli müharibənin getdiyi ərazilərdə, daha konkret Kam-Ran yarımadasında döyüş xidməti keçmişəm.
Sakit Okean Donamasına məxsus 17-ci Operativ Eskadranın tərkibində Cənubi Vyetnamda döyüş xidməti yerinə yetirərkən biz əmin idik ki, beynəlmiləl borcumuzu yerinə yetiririk. O zaman açıq müharibə getmirdi. Bizim qarşımızda duran vəzifələrdən biri də ABŞ tərəfindən taleyin ümidinə atılmış, 1 milyonluq Sayqon ordusunun qalıqlarına qarşı mübarizə aparmaq və onları məhv etmək idi. Sovet İttifaqının müdafiə nazirliyi bizim oradakı xidmətimizi “Fəaliyyətdə olan dversiya qrupları əleyhinə mübarizə” adlandırırdı.
O zaman ABŞ-la müharibə yeni bitmişdi və Kam-Ran yarımadasıda 1964-cü ildən davam edən qəddar müharibənin izləri hər yerdə görünürdü.
ABŞ qoşunları tərəfindən bütöv yaşayış məntəqələri kimyəvi silahlarla tam məhv edilmişdi. Müharibənin bitməsindən bir neçə il keçməsinə baxmayaraq, kimyəvi silahların təsiri qalmaqda idi. Orda hərbi xidmət keçmiş hər bir kəs o müharibənin izlərini indi də bədənlərində gəzdirirlər.
Müharibə dövründə Kam-Ran ABŞ 7-ci operativ donamasının bazası olmuşdur. 7-ci donamanın flaqmanı atom təyyarədaşıyan kreyseri Enterprise üçün xüsusi priçal da tikilmişdi.
Bu kreyserin göyərtəsində yerləşən 99 qırıcı təyyarə hər gün Cənubi Vyetnamın müxtəlif yayaşayəş məntəqələrinə yüzlərlə ton mərmilər, o cümlədən kimyəvi silahlar tökmüşdür.
Mənə elə gəlirdi ki, bu yerlərdə bir daha insan yaşaya bilməz.
Döyüş xidmətində olarkən şahidi olduğum iki hadisə heç vaxt yadımdan çıxmır. Bunlar ABŞ dövlətinin müttəfiqlərinə, onlara inanıb sədaqətlə xidmət edənlərə münasibətinin ən parlaq nümunələridir.
ABŞ müharibəni uduzub ölkəni tərk edərkən yalnız Sayon rejiminin elitasını özü ilə apardı (1999-cu ildə Texas ştatında olarkən onların yaşadıqları qəsəbəni gördüm. Olduqca acınacaqlı şəraitdə yaşayırdılar). ABŞ siyasətinə xidmət edən, onun uğruda döyüşən 1 milyonluq Sayqon ordusu isə taleyin ümidinə buraxıldı. Sonradan bu ordunun qalıqları cəngəlliklərə çəkilərək uzun illər Vyetanam və Sovet qoşunlarına müqavimət göstərdilər.
Müşahidə etdiyim ikinci mənzərə isə lap dəhşətli idi. ABŞ ordusunda xidmət etmək üçün bütün ABŞ-dan on minlərlə it yığılıb gətirilmişdi. Bu itlərin çoxu döyüş tapşırığını yerinə yetirərək məhv olmuşdu. İtlərin bu müharibədəki rəşadəti döyüşən ordu əsgərinin rəşadətindən daha yüksək idi. Müharibə uduzulduqdan sonra sağ qalmış və müharibədə rəşadət göstərmiş bu itlərin sonrakı taleyi daha dəhşətli oldu. Sağ qalmış itlərin, o cümlədən döyüş əməliyyatlarında yaralanaraq sağlamlığını itirmiş itlərin hamısını güllələdilər. Səbəb onların geri daşınması üçün xərc çəkməmək idi. Bu itləri güllələdikdən sonra heç olmasa bir "kotlovan" da qazıb üstünü örtmədilər.
Mən ABŞ xalqını çox sevirəm. ABŞ-a xidmət edənlərə isə Vyetnam müharibəsinin qəhrəmanları olan itlərin taleyini xatırlatmaq istərdim. Ehtiyatlı olun.