Camal Kondu: “Özümüzlə ünsiyyətimiz gələcəyimizin necə olacağını müəyyənləşdir”
Ötən gün Azərbaycanda ilk dəfə “Fərdi İnkişaf” sektorunda baş verən yeniliklərlə əlaqədar mətbuat konfransı keçirilib.
Tədbirdə Türkiyənin tanınmış Fərdi və Təşkilati İnkişaf ustadı Camal Kondu da iştirak edib, son illər dünyada elm və praktika kimi diqqət cəlb eləmiş NLP-yə aydınlıq gətirilib.
Konfransda fərdi inkişafın sosial-siyasi mühitə müsbət təsirlərindən danışılıb, eyni zamanda sağlam vətəndaş cəmiyyətinin və hər bir sahədə potensial kadr hazırlığının effektinə toxunulub. Bildirilib ki, ideal insan yoxdur, amma mükəmməl insanı formalaşdırmaq olar. Daha sonra NLP-nin mənası və nəzəri cəhətdən açıqlaması bəyan olunub.
NLP – Neyro Linqvistik Proqlamlaşdırma deməkdir.
Neyro: Beş duyğu üzvümüzdən istifadə etməklə təcrübələrimizi şüurlu və ya şüuraltı proseslərə çevirən sistemdir, beynimiz və sinir sistemimizin bütün funksiyalarını ifadə edir.
Linqvistik: Dilin təcrübələrimizə məna qazandırmaq, bu təcrübələri özümüzə və başqalarına köçürtmək üçün istifadə etdiyimiz sözlü və ya sözsüz mesaj və simvolları təmsil edır. Yəni düşündüyümüzü, danışdığımızı və duyğularımızı kodlaşdıraraq başqalarına çatdırma sistemidir.
Proqramlaşdırma: Hədəfə çatmaq üçün istifadə etdiyimiz zehin proqramlarıdır. Bu proqramların keyfiyyəti isə birbaşa onların doğuracağı nəticələrdən irəli gələrək insanların həyat keyfiyyətini təyin edir, sonda barışmalı olduqları taleyi formalaşdırır.
Hər cür təcrübə yaxşı və pisliyindən asılı olmayaraq bir zehin proqramının nəticəsidir. Qısacası, necə və nə düşünməyimiz, bu düşüncələri davranışa necə çevirməyimiz, bu köçürmələrlə nə cür nəticələr əldə etməyimiz həyatımıza təsirsiz ötüşmür. Proqramlar dəyişərsə davranışlar, duyğular və hərəkətlər də dəyişər.
Konfransda “Mind Training İnstitute”un (MTİ) Türkiyə təmsilçiliyinin rəhbəri Camal Kondu bildirib ki, NLP düşüncə və duyğuların daxili dünyamızda necə formalaşdığını öyrənməklə başlayır: “Heç bir şey təsadüf nəticəsində yaranmır. Hər şey müəyyən bir sıralamayla start götürür və son dərəcə mənalı bir şəkildə reallaşır. NLP isə bu davranış və duyğu zəncirinin şifrəsini tapmağa kömək olur. Əgər sizi nələrin dibə çəkdiyini anlaya bilsəniz, bunlardan necə qurtulacağınızı da öyrənəcəksiniz. Bu da sizi mümkün təhlükə və zərərlərdən qorumuş olacaq.
Davranışlarımızın şifrələrini tapmaq bir detektivin ipuclarını doğru şərh etməsi prosesinə bənzəyir. Özünü kəşf etmək əyləncəlidir. Özünüzü kəşf etdikdən sonra özünü dəyişdirmək möhtəşəm bir gücdür. Bu güc əlçatmaz deyil. Bu gücə hər kəs yetişə bilər”.
Camal Kondu qeyd edib ki NLP-nin bizə verdikləri arasında xüsusilə özümüzlə olan daxili dialoqumuzu dəyişdirmək əsas yer tutur: “Özümüzlə ünsiyyətimiz gələcəyimizin necə olacağı haqda ipucu verir. Özümüzlə münasibətimiz necədirsə, həyatla da münasibətimiz elədir. NLP eyni zamanda nəfəs alıb-vermə şəklimiz, fiziki sağlamlığımız, xəyallarımız, hədəflərimiz, ehtiraslarımızla əlaqəlidir. O dəyərlərimizin fərqində olub dəyişməyimizə, hədəflərimizi professional şəkildə idarə etməyimizə və insanlarla sağlam əlaqələr qurmağımıza kömək edir.
Öz adımdan bunları deyə bilərəm: Əgər uzun illərdən sonra NLP ilə edilə biləcək şeylər haqqında danışanda eyni həyəcanı yaşayıramsa, NLP çölə atılmayacaq qədər güclü vasitədir və mütləq bu gücdən istifadə olunmalıdır”.
Camal Kondunun sözlərinə görə, fərdi inkişaf sektorunun vahid şəkildə inkişafı göz önünə alınsa, Azərbaycanda NLP-nin daha tam mənasıyla tanınmadığı ortaya çıxar: “Türkiyənin 90-ci illərin sonundakı vəziyyəti indi Azərbaycanda yaşanır. Xalqın içindən sadəcə kiçik bir insan qrupu NLP-nin nə olduğunu bilir. NLP-nin L-si dillə bağlı olduğundan, insanlar bu təlimi mümkün qədər öz dillərində və ya eyni dil qrupuna daxil olan dillərdə almalıdırlar. Dil NLP-də önəmlidir, hər dilə xas olan ayrı qəliblər var”.
Daha sonra NLP ustadı Babək Bayramov çıxış edərək bildirib ki, həyatda insanların uğur əldə etməsi üçün öz işlərini planlı şəkildə görmələri vacibdir: “Hədəfə çatmağa müxtəlif yollarla nail ola bilərik. Yetər ki, hədəflərimiz real olsun və ilk növbədə buna özümüz inanmalıyıq. İnsan bir şeyi çox istədikdə beyin onu gerçəkləşdirmək gücünə malikdir. İnsanların müxtəlifliyi uğura çatmaq yolunda heç bir maneə yaratmır.
NLP-yə görə insanlar potensial olaraq bərabərdir. Hər birimizin eyni quruluşa malik beynimiz və 24 saat vaxtımız var. İnsanlar arasındakı fərq dil, din, əqidə müxtəlifliyidir ki, bu da uğura çatmaqda heç bir əngəl deyil.
Digər tərəfdən, NLP həyatımızın bir çox sahələrini özündə birləşdirir. Təhsil, siyasət, ticarət, ailə içi ünsiyyət, fərdi inkişafda belə işimizə yarayar. Məsələn, elə insanlar var ki, müxtəlif fobiyalardan əziyyət çəkir. NLP terapiyaları ilə bundan yarım saata qurtulmaq mümkündür. Çünki NLP-nin bu insanlara yanaşması tibbi müdaxilədən fərqlidir.
Tibb daha çox bioloji, NLP isə neyroloji yanaşmadır. Özünə inamı az olanlar, məsələn, müdirdən maaşın artırılmasını istəyə bilmir, geniş ictimaiyyət qarşısında çıxış etməkdə çətinlik çəkir. Bunlar da şərtləndirmə ilə bağlıdır. Amma istənilən insanın özgüvəni olan sahələr də var. Həmin insanlar dostlarının əhatəsində çox sərbəst olur, amma bir məclisdə danışa bilmirlər. NLP vasitəsilə onun dostlarının yanında keçirdiyi hissləri utandığı anda olan hissləri ilə əvəzləyirik, bir neçə seansa özgüvən çatışmazlığı itir”.
Mətbuat konfransından sonra jurnalistlər üçün motivasiya seminarı keçirilib.
İlhamə ƏBÜLFƏT
Foto: Elçin Murad