Ümummilli lider Heydər Əliyev yeni iqtisadi sistemə keçidin iqtisadi inkişaf üçün vacibliyi prinsipini irəli sürməklə yanaşı, eyni zamanda, bu keçid prosesində əhalinin sosial maraqlarının təminatını dövlət qarşısında strateji vəzifələrdən biri kimi müəyyən edib. Trend-in məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirib.
"Heydər Əliyevin müəyyənləşdirdiyi strategiya bazar iqtisadiyyatına keçid şəraitində aparılan islahatların əhalinin rifahına mənfi təsirinin azaldılmasını və köklü iqtisadi islahatlar şəraitində etibarlı sosial müdafiə sisteminin qurulmasını, milli iqtisadiyyatın sosialyönümlülük prinsipi əsasında inkişafını şərtləndirdi”, - deyə nazir vurğulayıb.
S.Müslümov əlavə edib ki, Ulu öndərin yeni iqtisadi münasibətlər dövrünə uyğun sosial müdafiə sistemi qurulanadək əvvəlki dövlət təminatı sisteminin saxlanılması barədə qərarı aparılan zəruri iqtisadi islahatların aztəminatlı təbəqənin yaşayış səviyyəsinə müəyyən mənfi təsirlərinin qarşısının alınmasında mühüm rol oynadı. Bunun nəticəsi olaraq digər MDB respublikaları ilə müqayisədə Azərbaycanda sosial cəhətdən həssas qruplar keçmiş sovet sistemindən qalmış və yeniləşdirilməsi müəyyən zaman tələb edən sosial müdafiə sistemindən faydalanmaqda davam edərək, öz yaşayışında yeni bazar iqtisadiyyatına keçidin çətinliklərini kəskin şəkildə hiss etmədi.
“Bu model sahibkarlığın sürətli inkişafına yönələn kompleks tədbirlərin həyata keçirildiyi, yeni mülkiyyət formalarının yarandığı şəraitdə əhalinin aztəminatlı hissəsinin sosial maraqlarının davamlı şəkildə təmin olunması baxımından unikal olmaqla, analoji keçid dövrünü yaşayan ölkələr üçün də nümunəyə çevrildi", - deyə bildirən nazir respublikada əhalinin sosial müdafiəsi ilə bağlı Heydər Əliyevin mühüm qərarlar verməsi və məqsədyönlü tədbirləri nəticəsində ölkəmizdə pensiya və müavinətlərin orta aylıq məbləğinin 1995-2003-cü illər ərzində 8 dəfə artdığını vurğulayıb.
S.Müslümov bildirib ki, 2000-ci ilin sentyabrında Nyu-Yorkda BMT-nin Minilliyin sammitində 147 ölkənin qoşulduğu “Minilliyin Bəyannaməsi”ni Azərbaycan adından Ümummilli liderimiz Heydər Əliyev imzalayıb. Bəyannamədə 8 qlobal məqsəddən birincisi kimi, ifrat yoxsulluq və aclıq içində yaşayan dünya əhalisinin sayının yarıyadək azaldılması məramı ifadə edilib. Ulu öndərimizin rəhbərliyi ilə bu vacib məramın gerçəkləşdirilməsi üçün aparılan və Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət siyasəti müsbət nəticələrini verdi: “Artıq yoxsulluq səviyyəsi 2003-cü ildəki 49 faizdən hazırda 5 faizə enib ki, bu da qlobal yoxsulluq səviyyəsindən 3 dəfə aşağıdır".
Nazir dövlətimizin başçısının sosial sahəyə xüsusi diqqət və qayğısının əhalinin sosial cəhətdən həssas qruplarının sosial təminatının ilbəil güclənməsinə səbəb olduğunu vurğulayıb: “Son on ildə sosial müavinətlərin orta aylıq məbləği 2,6 dəfə, o cümlədən əlilliyə görə sosial müavinətlərin orta aylıq məbləği 8,1 dəfə, sağlamlıq imkanları məhdud uşaqlara ödənilən sosial müavinətin aylıq məbləği 7,4 dəfə, Prezidentin fərdi təqaüdlərinin məbləği 5 dəfə, 2007-ci ildən şəhid ailələrinə verilən Prezident təqaüdlərinin məbləği ötən müddətdə 2 dəfə artırılıb. Müharibə əlillərinə 2008-ci ildən ödənilən Prezident təqaüdlərinin məbləğinin artımı ötən dövrdə I qrup əlillər üçün 66,6 faiz, II qrup əlillər üçün 85,7 faiz, III qrup əlillər üçün 100 faiz təşkil edib”. S.Müslümov təkcə ötən il dövlət büdcəsindən sosialyönümlü xərclərə əvvəlki ildəkindən 9,9 faiz, o cümlədən sosial müdafiə və sosial təminat xərclərinə 12,6 faiz çox vəsait yönəldildiyini, habelə 2014-cü ildə sosial müavinət və təqaüdlərin, kompensasiyaların ödənilməsinə 2013-cü illə müqayisədə 50,4 milyon manat və ya 20,8 faiz çox vəsait sərf olunduğunu da diqqətə çatdırıb. O əlavə edib ki, ölkədə sosial rifah halının yaxşılaşması və dövlət sosial yardım təyinatında ünvanlılığın təminatına nəzarətin gücləndirilməsi ünvanlı yardım alan ailələrin sayının ötən il 35,5 faiz azalaraq 92 514-ə enməsi ilə nəticələnib: “Bu azalma digər tərəfdən hər ailəyə düşən ünvanlı yardımın orta aylıq məbləğinin 23,5 faiz artaraq 155 manata çatması ilə müşaiyət olunub”.
S.Müslümov ötən il 2014-cü ilin əvvəlinədək növbədə olan bütün vətəndaşların, yəni 1453 nəfər müharibə əlili və onlara bərabər tutulan şəxsin, eləcə də 2014-cü il əarzində növbəyə dayananlardan 67 nəfərin avtomobillə təmin olunduğunu, habelə 174 nəfər müharibə əlili və şəhid ailəsinə mənzil verildiyini deyib.