11 May 2015 20:05
682
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə “Qafqaz Media” İctimai Birliyinin təşkilatçılığı ilə tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə İctimai Birliyin sədri, Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun həkim-kardioloqu Azadə Hüseynova Ulu Öndərin xalqımızın rifahı yolunda əvəzsiz xidmətlərindən söhbət açıb.

Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri, fizika-riyaziyyat elmləri doktoru, akademik Arif Mehdiyev, Bakı Dövlət Universitetinin müəllimi Aygün Talıblı, Ağa Musa Nağıyev adına Milli Dəyərlərin Qorunması İctimai Birliyinin sədri Dilarə Nağıyeva və başqaları bildiriblər ki, Heydər Əliyevin zəngin, çoxşaxəli siyasi irsi Azərbaycan dövlətçiliyini, xalqımızın müstəqilliyini əbədi yaşatmaq üçün misilsiz mənəvi xəzinədir. Məhz bu baxımdan Ümummilli Liderin zəngin irsi dərindən öyrənilməlidir.

Qeyd olunub ki, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin əziz xatirəsi xalqımızın yaddaşında əbədi qalacaq. Azərbaycan xalqı xoşbəxtdir ki, onun Heydər Əliyev kimi dahi rəhbəri olub və Ulu Öndərin sarsılmaz siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Tədbirdə ölkəmizin mədəniyyətinin inkişafında və təbliğində fəallığına görə bir qrup ziyalı, o cümlədən AZƏRTAC-ın əməkdaşı Zərəngiz Mansurova İctimai Birliyin təsis etdiyi “Heydər zirvəsi” diplomu ilə təltif olunub.

Sonda incəsənət ustalarının ifasında Ulu Öndərə həsr olunmuş ədəbi-bədii kompozisiya təqdim edilib.


Müəllif: