Azərbaycan Dillər Universitetində (ADU) universitetin İngilis dilinin üslubiyyatı kafedrasının müdir Sevinc Zeynalovanın təşkilatçılığı ilə “Tanıdım” layihəsi çərçivəsində orta məktəb şagirdləri ilə görüş keçirilib.
Görüşdə ADU-nun Tədris işləri üzrə prorektoru Vazeh Əsgərov, Elmi işlər üzrə prorektor Dünyamin Yunusov, Pedaqoji (ingilis dili-alman dili) fakültənin dekanı Fikrət Cahangirov və Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsinin dekanı Anar Nağıyev, universitetin professor-müəllim heyəti, həmçinin 6 nömrəli İntellekt liseyi, 220 saylı orta məktəb, 43 saylı məktəb-liseyinin 9-10-cu sinif şagirdləri iştirak edib.
ADU İctimaiyyətlə Əlaqələr Departamentindən Teleqraf.com-a verilən məlumata görə, Sevinc Zeynalova şagirdləri universitetin rəhbər şəxsləri və professor-müəllim heyətini onlarla tanış edib.
İngilis dilinin üslubiyyatı kafedrasının dosenti Vahid Ərəbov dünya dillərinin öyrədilməsinə xidmət edən ADU-nun əməkdaşları, tələbələri və müəllimlərinin bu nöqteyi-nəzərdən dünya ədəbiyyatından mütaliə etməklə digər ölkələrlə əlaqələr qurmağın mümkün olduğunu bildirib.
ADU-nun Tədris işləri üzrə prorektoru Vazeh Əsgərov şagirdləri universitetdə görməkdən şad olduğunu bildirib. Universitetdə gedən yeniliklərdən söz açan prorektor universitetin tədris prosesində tələbələrə yaradılan geniş imkanlardan danışıb. Azərbaycanda aparılan islahatlar nəticəsində ölkəmizin inkişaf prosesində olduğunu söyləyən prorektor iyunda Bakıda keçiriləcək İlk Avropa Oyunlarında könüllü iştirak edən ADU tələbələrinin fəallıqlarından danışıb.
Elmi işlər üzrə prorektor, professor Dünyamin Yunusov ADU-da fəaliyyət göstərən mərkəzlər haqqında məlumat verib. Universitetdə nəfis tərtibatlı 3 elmi jurnalın dərc olunduğunu, elmə maraq göstərən gənclərin məqalələrinin çap olunduğunu qeyd edən professor ADU-nun Tələbə Elmi Cəmiyyətinin fəaliyyətindən danışıb.
Pedaqoji fakültənin dekanı, professor Fikrət Cahangirov, Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsinin dekanı Anar Nağıyev rəhbərlik etdikləri fakültələrin fəaliyyəti, tələbələrin uğurları, onların xarici ölkələrə təhsil almaq üçün göndərilməsi ilə bağlı məlumat verdilər. ADU-nun məzunlarının aparıcı müəssisələrdə yüksək vəzifələrdə çalışdıqlarını qeyd edərək beynəlxalq əlaqələrindən danışıblar.
6 nömrəli İntellekt liseyinin 2011-ci il “İlin müəllimi” adına layiq görülmüş müəllimi Əminə Səfərova və 220 saylı orta məktəbin Tərbiyə işləri üzrə müdiri Təranə Axundova çıxış edərək çalışdıqları məktəb və məktəbin şagirdləri haqqında danışıblar. Universitet heyətinin dolğun məlumatına görə təşəkkürlərini bildirərək təşəbbüsü yüksək qiymətləndiriblər.
Görüşdən sonra şagirdlər ADU-nun İnformasiya Resurs Kompleksi, Çin dili mərkəzi, Yapon dili mərkəzi, Avstriya kitabxanası, İsrail və yaxın Şərq araşdırmalar mərkəzi ilə tanış olublar.
SEVİL