Tovuzda Ermənistanla ön cəbhədə hərbi hissədə möhtəşəm tədbirlər keçirilib.
Tədbirdə çıxış edən Tovuz rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalov ümummili lider Heydər Əliyevin xalq qarşısındakı əvəzsiz xidmətlərindən danışaraq bildirmişdir ki, ümummilli lider Heydər Əliyevin siyasəti müstəqil Azərbaycanın inkişafına yol açmışdır.
Azərbaycanın getdikcə artan siyasi nüfuzu, dünya ölkələri arasında özünə layiqli yer tutması məhz ümummili lider Heydər Əliyev siyasətinin uğurlu nəticəsi olduğunu deyən millət vəkili Qənirə Paşayeva bu siyasətin prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulamışdı. Çıxışının sonunda millət vəkili Qənirə Paşayeva "gələn bayramlarımızı inşallah birlik və bərabərlik içində işğaldan azad edəcəyimiz Dağlıq Qarabağımızda, Xankəndində, Xocalıda, Şuşada və bütün o gözəl bölgələrimizdə keçirək. İnanırıq ki, o gün uzaqda deyil. Biz hamımız bunun üçün əlimizdən gələni etməliyik", - dedi.
Sonra hərbi xidmətində fərqlənən əsgər və zabitlərə millət vəkili Qənirə Paşayevanın rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB adından hədiyyələr təqdim edilmiş və onlarla gözəl söhbətlər aparılmışdır. Əsgər və zabitlərimiz hər an Ali Baş Komandanın əmri altında torpaqlarımızı işğaldan azad etməyə hazır olduqlarını bildirmişdirlər. Tədbir Azərbaycanın əməkdar artisti Nuriyyə Hüseynovanın əsgər, zabit, hərbiçilərimiz üçün geniş konsert proqramı ilə davam etmişdi.