Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun 2014-cü ildə elan edərək keçirdiyi “Universitet qrantı” və “Sənaye qrantı” məqsədli müsabiqələrinin qalib layihələrinin elan edilməsi ilə bağlı təqdimat mərasimi keçiriləcək.
“Universitet qrantı” məqsədli müsabiqəsi ölkənin bir sıra ali təhsil müəssisələrində aparılan əhəmiyyətli elmi araşdırma və tədqiqatların daha yüksək səviyyədə dəstəklənməsinə yönəlmiş layihələrin qrantlar yolu ilə ünvanlı şəkildə maliyyələşdirilməsi məqsədilə ilk dəfə olaraq keçirilib. Təhsil Nazirliyi müsabiqənin keçirilməsinə təşkilati dəstək göstərib.
“Sənaye qrantı” məqsədli müsabiqəsi isə “Azərbaycan Respublikasında 2014-cü ilin “Sənaye ili” elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 10 yanvar tarixli 212 nömrəli Sərəncamına və Azərbaycan Respublikası Prezidentinin 2014- cü il 12 mart tarixli 331 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında 2014-cü ilin “Sənaye ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın “Sənayenin kadr potensialının və elmi təminatının gücləndirilməsi” bölməsinin “Sənayenin inkişafı sahəsində aparılan elmi araşdırma və tədqiqatların dəstəklənməsi” maddəsinə uyğun olaraq, ölkə sənayesinin modernləşdirilməsi və qeyri-neft sənayesinin şaxələndirilməsi, iqtisadiyyatın sənayeləşməsinin sürətləndirilməsi, sənayenin inkişafı üçün mövcud potensialdan daha səmərəli istifadə edilməsinə yönəlmiş əhəmiyyətli elmi-tədqiqat layihələrinin və tədbirlərinin qrantlar yolu ilə maliyyələşdirilməsi məqsədi ilə keçirilib. İqtisadiyyat və Sənaye Nazirliyi müsabiqənin keçirilməsinə, ekspertiza işinin həyata keçirilməsinə təşkilati dəstək göstərib.
Tədbir 2015-ci il 14 may tarixində Bakı şəhəri, “Hilton-Baku” hotelinin “Yaqut” zalında saat 11.00-da başlayacaq.