22 May 2015 15:15
1 117
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nərgiz Xələf: "Avropa Oyunlarının bir hissəsi olmaq bizim üçün fəxrdir

"Bakı-2015" I Avropa Oyunlarının uğurla həyata keçirilməsi üçün istər dövlət, istərsə də qeyri-hökumət təşkilatları tərəfindən dəstək verilir, irimiqyaslı hazırlıq işləri davam etdirilir. Azərbaycan və Avropa ölkələri arasında münasibətlərin inkişafına çalışan Azərbaycan Gənclərinin Avropaya İnteqrasiya Təşkilatı (AGAT) da "Bakı-2015"in yüksək səviyyədə baş tutması üçün fəallıq göstərən qurumlardandır.

AGAT-ın sədr müavini, su idman oyunları üzrə mütəxəssis Nərgiz Xələflə Avropa Oyunları barədə söhbətləşdik.

"Bakı-2015"in tarixi hadisə olduğunu bildirən müsahibimiz deyir ki, Avropa Oyunları ən əsası Azərbaycanın dünyada tanınması üçün daha bir addımdır: "Çünki müəyyən tarixi proseslərə görə Azərbaycanın dünyada tanınmasında ləngimələr olmuşdu və müstəqillik qazandıqdan sonra buna nail olduq. Lakin mötəbər tədbirlərin keçirilməsi ölkəmizin həm də qüdrətli dövlət olduğunu göstəricisidir. Bu baxımdan hamılıqla bu işdə fəal olmalıyıq. Avropanın 50 ölkəsindən 6 min idmançının və onların məşqçilərinin ölkəmizə gəlməsi və bu yarışların 49 ölkədə canlı yayımlanması bizim birbaşa tanınmağımıza xidmət edir".

Nərgiz Xələf özünün də tədbir iştirakçıları sırasında olmağından qürur duyduğunu deyir: "Fəxr edirəm ki, bu oyunlara mənim də xidmətim var və bu bir şans olmaqla yanaşı, həm də böyük bir uğurdur. Avropa Oyunları bizim üçün fəxrdir. Həqiqətən bu gün Azərbaycanı, məmləkətini sevən, əsl vətəndaş olan gənclərimiz var, onlarla bir arada çalışırıq, sosial şəbəkələrdə daha aktiv olmağa səy göstəririk.

Məsələn, elə haştaglar (#) var ki, onlar birbaşa Avropa Oyunlarına söykənir. Bu gün artıq həmin haştaglar müsbət və real statuslardan ibarətdir".

Nərgiz Xələf bütün gənclərə səslənərək deyir ki, artıq "Bakı 2015" I Avropa Oyunlarının başlanmasına çox az bir müddət qalıb: "Bu gündən etibarən qoy bütün Azərbaycan gəncliyi bu prosesə qoşularaq sosial şəbəkələrdə - instagram, twitter, facebook və sairdə öz fikirlərini bildirsinlər. Onlardan xahiş edirik ki, Azərbaycanda keçiriləcək möhtəşəm idman yarışları ilə bağlı haştaglardan (#)istifadə edərək statuslar yerləşdirsinlər.

AGAT olaraq bizim üçün gənclərin bu sahədə aktivliyi çox vacibdir. Biz biləndə ki, Avropa Oyunları bizdə keçiriləcək, o zamandan başlayaraq bizimlə əməkdaşlıq edən bütün gəncləri bura cəlb etdik. Bizim üçün bu prioritet idi. 2009-cu ildə Azərbaycanda yaşayan milli icmaların gənclər təşkilatlarının koordinasiya şurasını yaratmışıq. Təşkilatda Azərbaycanda yaşayan rus, türk, polyak, yəhudi və digər millətlərdən olan gənclər iştirak edir. Hazırda həmin gənclər çox aktivlik göstərirlər".

Müsahibimiz ümumi aktivlik səviyyəsinin yüksək olduğunu vurğuladı: "Oyunlara 1200 könüllü cəlb olunub, bu isə təkcə öz istəyi ilə qatılanlar deməkdir. Həm də bu, yalnız qeydiyyatdan keçənlərdir və onlar Avropa Oyunlarının nişanını belə çox fəxrlə taxırlar. İdmançıların özlərinin də yoxlama məşqlərində necə həvəsli olduğunu görürük.

Mənim bu prosesə qoşulmağıma gəlincə, bir vətəndaş olaraq əsas prioritet Azərbaycanın adına layiq bir tədbir təşkil etməyə öz köməyimi verməkdir. Əslində bu bir bayramdır, amma bir narahatlıq, təlaş da var. Çünki minlərlə qonağı qarşılamaq, uğurlu nəticə naminə məsuliyyətli olmaq təbii ki, çətindir. Amma əminəm ki, bu məsuliyyətli işin ödhəsindən layiqincə gələcəyik. İnanıram ki, Azərbaycan ilk Avropa Oyunlarını dünyada qızıl hərflərlə yazacaq".

Nərgiz Xələf hazırlıq mərhələsində Bakıya gələn qonaqların paytaxtın hazırlığından və idman mərkəzlərindən razı qaldıqlarını deyir: "Avropa Oyunlarınını işçi heyətində inteqrasiya gedir və maraqlısı odur ki, iş prosesində kimin hansı millətdən olduğunu heç kəs hiss etmir və bu önəm daşımır. Bu da Azərbaycanın necə bir multukultural, tolerant bir ölkə olduğunun göstərir. Bu dönəmdə ancaq və ancaq məsuliyyətli olmalı, iş əmsalımızı xalqımızın ümummilli uğuru naminə birə beş artırmalıyıq. Oyunlarda iştirak üçün bir idmançıya lazım olan həvəs və sevgidir ki, bunu da hiss etmək çətin deyil".

AGAT sədrinin müavini idmançıların hazırlıq səviyyəsinin yüksək olduğunu deyir.

Naibə Qurbanova


Müəllif:

Oxşar xəbərlər