22 May 2015 19:34
581
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasında Avropa İttifaqının Azərbaycandakı səfiri Malena Mardla görüş keçirilib. Şuranın mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, Malena Mard Avropa İttifaqı Azərbaycan arasında münasibətlərin inkişafı üçün tərəflərin lazım olan səyləri göstərdiyini bildirib. Səfir Azərbaycan nümayəndə heyətinin Riqa sammitində iştirakının və strateji tərəfdaşlıq haqqında saziş layihəsini təqdim etməsinin əlaqələrin inkişafına tövhə verəcəyinə ümid etdiyini deyib. Səfir şura sədrini Aİ-nın Azərbaycandakı ofisinin elan etdiyi qrant müsabiqəsi haqqında da məlumatlandırıb və şura ilə yaxından əməkdaşlıq etməkdə maraqlı olduqlarını bildirib.

Şura sədri Azay Quliyev ölkəmizin bir çox sahələrdə Aİ ilə yaxından əməkdaşlıq etdiyini və Azərbaycanın strateji tərəfdaşlıq haqqında təşəbbüsünün dəstəklənməsinin hər iki tərəfə faydalı olacağını vurğulayıb. O, şuranın Aİ-nın yerli ofisi ilə birgə qrant müsabiqələrinin həyata keçirilməsi, regional QHT resurs və təlim mərkəzləri şəbəkəsinin genişləndirilməsi, QHT-lərin instusional inkişafı və digər istiqamətlərdə yaxından əməkdaşlığa hazır olduğunu qeyd edib. Şura sədri təəssüflə səfirin diqqətinə çatdırıb ki, Aİ və Avropa Parlamentində bəzi qüvvələr inkişafda olan əməkdaşlıq münasibətlərimizə əngəllər yaratmağa çalışırlar. Azərbaycana qarşı ikili standartlara söykənən mövqedən çıxış edilməsi, ədalətsiz və qərəzli qətnamələrin qəbul olunması, ərazi bütövlüyümüzə və suverenliyimizə qarşı edilən hörmətsizlik ölkə ictimaiyyətini məyus etməklə yanaşı münasibətlərin inkişafına da xələl gətirir.

Sonda vətəndaş cəmiyyəti inistitutlarının inkişafı ilə bağlı səslənən təkliflərin yaxından araşdırılması və mümkün təşəbbüslərin dəstəklənməsi haqqında razılıq əldə olunub.

BƏXTİYAR


Müəllif: