26 May 2015 15:18
689
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai Birliyi Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə Ağdam rayonunda “Yerli orqanlara müasir informasiya texnologiyalarından istifadə etməklə hüquqi xidmətlərin göstərilməsi” layihəsinin icrası ilə bağlı növbəti hüquqi dərs keçib.

Birlikdən Teleqraf.com-a verilən məlumata görə, Ağdam RİH-in təşkilatçılığı ilə keçirilən tədbiri giriş sözü ilə icra başçısının müavini Allahverən Əliyev açaraq rayon bələdiyyələrinin fəaliyyətindən, onların üzərinə düşən vəzifələrdən danışıb.

İctimai birliyin sədri Vüqar Tofiqli çıxışında bildirib ki, layihə çərçivəsində təşkilatın ekspertlərinin apardığı araşdırmalar zamanı rayon bələdiyyələrinn fəaliyyətində son üç ildə ciddi şəkildə artımın olduğu qeydə alınıb. Əsas maliyyə istiqamətləri əsasən torpaqların alqı-satqısından və icarəsindən, habelə torpaq vergisindən daxil olduğunu deyən V.Tofiqli əlavə maliyyənin cəlb edilməsi üçün bələdiyyələrin müvafiq orqanlara layihə təqdim etmək lazım gəldiyini dilə gətirib: “Bu gün rayon bələdiyyələri prezidentin sərt tənqidindən sonra fəaliyyətlərinə ciddi şəkildə diqqət yetirməli və tənqiddən nəticə çıxarmaq üçün vətəndaş cəmiyyətinin qüvvəsindən də istifadə etməlidirlər. Dövlət tərəfindən 2014-cü ildə bələdiyyələrin fəaliyyətinin yaxşılaşdırılması üçün ciddi addımlar atılıb. Ancaq prezidentin imzasıyla qüvvəyə minən bir çox qanun və sənədlər bələdiyyə üzvləri tərəfindən öyrənilməli və seçicilərinə izah edilməlidir”. Təşkilat sədrinin sözlərinə görə, inzibati nəzarət qaydasında Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzi ilə və rayon icra hakimiyəti ilə əməkdaşlıq əlaqələrinin qurulması nəticədə bələdiyyələrin fəaliyyətinin daha səmərəli olmasına imkan verəcəkdir.

Layihə barəsində danışan V.Tofiqli layihə çərçivəsində istifadəyə verilmiş yeni internet resurs- belediyye.info vasitəsi ilə bələdiyyə sistemində çalışanları maarifləndirmək niyyətində olduğunu bildirib: “Əminəm ki, bu minvalla yeni seçilmiş üzvlər maarifləndiriləcək, habelə bələdiyyələrarası əlaqənin qurulmasına təkan veriləcək, həm də onların fəaliyyətinin təbliğinə imkan yaranacaqdır”.

Sonda rayon bələdiyyələrini narahat edən mövzular ətrafında ciddi müzakirələr aparılıb, bələdiyyə sədrlərini narahat edən suallara cavab verilib.

Xatirladaq ki, QHT bundan əvvəl Suraxanı bələdiyyələrinin iştirakı ilə hüquqi dərs keçib. Növbəti sonuncu tədbirin Tərtər bələdiyyələri ilə keçirilməsi planlaşdırılır.

BƏXTİYAR


Müəllif: