Bu gün Azərbaycan Milli QHT Forumunun (MQF) Bakı QHT Resurs və Təlim Mərkəzində Türkiyə İşbirliyi və Koordinasiya Agentliyinin (TİKA) təşkilatçılığı ilə “H.Z. Tağıyev xeyriyyə proqramı” çərçivəsində “Türkiyə beynəlxalq əməkdaşlıq” mövzusunda yeddi günlük təlim öz işinə başlayıb.
MQF-nin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, təlimin ilk günündə TİKA-nın Bakı ofisinin rəhbəri Mustafa Haşim Polad, TİKA-nın koordinator müavini İsmail Gürlek, MQF-nin prezidenti Rauf Zeyni də iştirak edib.
MQF-nin prezidenti Rauf Zeyni açılış nitqi ilə çıxış edərək, iştirakçıları salamlayıb, təlim iştirakçılarına uğurlar arzulayıb.
TİKA-nın Bakı ofisinin rəhbəri Mustafa Haşim Polad təlimlərin mahiyyəti haqqında iştirakçılara geniş məlumat verib.
Daha sonra Türkiyə Yardımeli Dərnəyinin koordinatoru, təlimçi Mehmet Çakıl “Yetimlər üçün təhsil proqramları” adlı təlim proqramı ilə çıxış edib. Təlim proqramında TİKA-nın və Türkiyədə fəaliyyət göstərən vəqflərin bir neçə ölkədə həyata keçirdiyi xeyriyyəçilik fəaliyyəti haqqında aztəminatlı əhaliyə dəstək məqsədilə sosial layihələr, valideyn himayəsindən məhrum olan uşaqlar üçün uşaq evlərinin, məktəblərin açılması, Sudan, Somali, Banqladeş və digər ölkələrdə həyata keçirilən layihələr haqqında məlumat verilmiş və təlimdə iştirak edən QHT nümayəndələrini maraqlandıran suallar cavablandırılmışdır.
Təlimlər 11 iyun 2015-ci il tarixinədək davam edəcək. Təlimdə iştirak edənlərə sertifikatlar təqdim olunacaq. Həmçinin təlimdə fəal iştirak edənlər növbəti təlim üçün Türkiyəyə getmə şansı əldə edəcəklər.
BƏXTİYAR