4 İyun 2015 12:02
1 111
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu il Azərbaycanda miladi təqvimlə 18 iyun, hicri tarixlə Ramazan ayının birinci günü, iyunun 17-i orucluğun niyyət gecəsidir. Eydül-Fitr (Fitr Bayramı) isə iyulun 18-nə təsadüf edəcək və həmin gün ölkədə Bayram namazı qılınacaq.

Teleqraf.com xəbər verir ki, bu gün Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası və Elmi-Dini Surasının Ramazan ayının başlaması ilə bağlı iclası keçirilib. İclasda müqəddəs Ramazan ayının başlanması münasibətilə fətva verilib.

Fətvada qeyd olunur: "Mübarək Ramazan ayının başlanması münasibəti ilə dünya müsəlmanlarını, o cümlədən, ölkəmizdəki müsəlman qardaş və bacılarımızı təbrik edir, Allah-taaladan ibadətlərimizin və dualarımızın qəbul olunmasını diləyirik. Ramazani-şərifin başlanması ilə əlaqədar olaraq Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası və Elmi-Dini Şurası aşağıdakıları bəyan edir:

Ramazan məqamı müsəlman dünyası üçün ilahi lütfdür, çünki Allahın Öz bəndələrinə ən böyük neməti olan Qurani-Kərim məhz bu ayda nazil olub. Müqəddəs Kitabımızda bu barədə belə buyurulur: “İnsanlara doğru yolu göstərən, bu yolu açıq dəlilləri ilə aydınlaşdıran və (haqqı batildən) ayıran Quran Ramazan ayında nazil edilib” (Bəqərə, 185).

Orucluq dinimizin təməl sütunlarından biridir. Fərqli qayda və vacibatlara uyğun olaraq oruc ibadəti bütün səmavi dinlərdə Uca Yaradan tərəfindən vacib buyurulub. Qurani-Şərifdə buyurulur: "Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib buyurulduğu kimi, sizə də vacib buyuruldu ki, (bunun vasitəsilə pis əməllərdən) çəkinəsiniz!" (Bəqərə, 183). Təsadüfi deyil ki, səhih hədislərdə orucluğun Allaha aid olduğu və mükafatının da Allah tərəfindən veriləcəyi bildirilir.

Oruc ibadəti bir çox insanlar üçün həyatlarının dönüş nöqtəsinə çevrilir, günahlardan tövbə etmələrinə və Allah yolunda xeyirxah işlər görməyə səbəb olur. İnsanın ruhu və cismi üçün olduqca böyük əhəmiyyəti olan orucluq insan mənəviyyatına müsbət təsir göstərən ilahi qüvvəyə malikdir. Mərhəmət və şəfqət ayı olan müqəddəs Ramazanda ehtiyacı olanlara, uşaq evlərinə, ahıl və kimsəsizlərə imkan daxilində kömək etmək, ifrata və israfa yol vermədən iftar süfrələri açmaq Allah nəzərində bəyənilən əməllərdəndir. Bu ayda valideynlərin, elm və fəzilət sahiblərinin xeyir-dualarını almaq, dünyasını dəyişənlərin ruhlarını yad etmək, insanlar arasında barış və dostluq yaratmaq, cəmiyyətimizdə qarşılıqlı hörməti təbliğ etmək olduqca önəmlidir.

Hər il olduğu kimi, bu il də Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Şamaxı Astrofizika Rəsədxanası ilə birlikdə Azərbaycan ərazisi üfüqünə uyğun olaraq Ramazan ayının əvvəli, namaz vaxtları, bu mübarək ayın gündəlik duaları, eləcə də bayram tarixini əhatə edən xüsusi təqvim və yaddaş kitabçası tərtib edib. Mənəvi vəhdətimizi qorumaq məqsədilə müxtəlif mənbələrdən daxil olmuş, məzhəb, vaxt ayrıseçkiliyinə səbəb ola biləcək digər təqvimlərə müraciət etmək düzgün deyildir. Buna görə də dindarlarımıza, bölgələrdəki qazilərə, səlahiyyətli nümayəndələrə, imam və axundlara ibadət məkanlarımızda bu təqvimə riayətin vacib olduğunu bildiririk. Eyni zamanda, ölkəmizdə tolerantlıq mühitinin qorunub-saxlanılması naminə KİV və sosial-media vasitələrində sözügedən təqvimin təbliği və yayılmasını milli vəhdət baxımından vacib sayırıq.

Azərbaycan Respublikasının Dini qurumlarla iş üzrə Dövlət Komitəsi (DQİDK) və Qafqaz Müsəlmanları İdarəsi arasında bütün sahələr üzrə səmərəli əməkdaşlıq əlaqələri mövcuddur. Ümidvarıq ki, mövcud əməkdaşlıq yuxarıda göstərilən məqamların həyata keçirilməsi istiqamətində də öz bəhrəsini verəcək.

Builki hesablamalara əsasən, Ramazan ayının 1-i miladi təqvimlə 18 iyuna təsadüf edir. Eydül-Fitr – Ramazan bayramı Şəvval ayının 1-i - iyul ayının 18-nə təsadüf edir və həmin gün bayram namazı qılınacaq.

Azərbaycan hökuməti istər Qurban, istərsə Ramazan bayramlarının iki gün bayram edilməsi barədə qərar verib. Ümumən, Azərbaycanda mövcud bütün konfessiyaların dini bayramlarının dövlət rəhbəri səviyyəsində təbrik olunması ənənəsi var. Bu, dövlətimizin dini dəyərlərə ehtiram, qayğısının təzahürü, dövlət-din münasibətlərinin yüksək səviyyəsindən irəli gələn məqamdır və dindarlar tərəfindən minnətdarlıqla qarşılanır.

Orucun mühüm əməllərindən biri olan fitrə zəkatın vaxtında (Ramazan ayının son günündə) çıxarılması və imkansızlara verilməsi İslamda vacib əməllərdəndir. Bu, ehtiyacı olanların da bayram sevinci yaşamasına şərait yaradır. Fitrə canın sədəqəsidir və hər bir imkanı olan müsəlmanın ailənin hər bir üzvü üçün fitrə-zəkatı verməsi vacibdir. Qazilər Şurasının qənaətinə görə, bugünkü günə uyğun olaraq adambaşına 5-10 manat arası fitrə zəkatın verilməsi məsləhət görülür.

QMİ Qazılar Şurası və Elmi-Dini Şurası din xadimlərimizə bir daha xəbərdarlıq edir ki, müqəddəs Ramazan ayı ərzində iftar vaxtından qabaq açılan süfrələrdə iştirak etməkdən qəti şəkildə çəkinməlidirlər. Belə ki, bu, şəriətə görə böyük günahlardandır. Bu xəbərdarlığımızı nəzərə almayan din xadimləri barəsində ciddi tədbirlər görüləcək.

Qazılar Şurası din xadimlərinə tövsiyə edir ki, bu əziz günlərdə dinimizdə müqəddəs sayılan şəxsiyyətlərlə yanaşı, torpaqlarımız, Vətənimiz uğrunda canlarından keçən qəhrəman övladlarımızın, o cümlədən, Qarabağ şəhidlərinin əziz xatirəsi yad edilsin, ruhlarına dualar oxunsun.

Builki Ramazan ayı Vətənimizin həyatında böyük ictimai-siyasi əhəmiyyətli hadisə olan ilk Avropa oyunlarının keçirilməsi dövrünə təsadüf edir. Ölkənin beynəlxalq müstəvidə uğurlarından olan bu mötəbər tədbir zamanı Azərbaycana 50-yə yaxın dövlətin nümayəndələri, müxtəlif mədəniyyətlərin təmsilçiləri təşrif buyuracaq. Azərbaycan dövlətinin iqtisadi, siyasi, sosial sahədə nailiyyətlərilə yanaşı, dünyaya örnək sayılan tolerantlıq və multikulturalizm sahəsində uğurlarını, dini-mənəvi dəyərlərə ehtiram və qayğısını əyani şəkildə nümayiş etdirmək üçün xoş fürsət olacaq. QMİ Qazılar Şurası və Elmi-Dini Şurası din xadimlərimizə və dindarlara tövsiyə edir ki, Avropa Oyunları günlərində xarici qonaqlarımıza zəngin mənəvi, tarixi-mədəni irsimizlə yaxından tanış olmaq imkanının yaradılması üçün əllərindən gələni əsirgəməsinlər. Bu, ümummilli əhəmiyyətli işdə din xadimlərimizi fəal vətəndaş mövqeyi, vətənpərvərlik, təəssübkeşlik nümayiş etdirməyə, həmçinin, Azərbaycanda təmsil olunan ənənəvi konfessiya nümayəndələrini də bu işdə fəallıq göstərməyə çağırırıq.

Duaların qəbul olunduğu mübarək Ramazan ayında biz Allah-Təaladan dövlətçiliyimizin möhkəmlənməsi və xalqımızın rifahı naminə böyük işlər görən dövlət rəhbərimiz İlham Əliyev cənablarına xeyir-dualar diləyirik. Ülvi niyyətimiz budur ki, Qadir Allah doğma Azərbaycanımızın qüdrətli və firavan gələcəyini, ölkəmizdə və bütün dünyada sülhü və əmin-amanlığı bərqərar etsin!

Müsəlman qardaş və bacılarımızı mübarək Ramazanın gəlişi münasibətilə bir daha təbrik edir, müqəddəs dinimizə ehtiram nümayiş etdirməkdə, oruc ibadətlərimizi layiqincə tamamlamaqda bizə yardımçı olmasını Uca Rəbbimizdən təvəqqe edirik!

Allah oruc və namazlarınızı qəbul etsin! Amin!"


Müəllif:

Oxşar xəbərlər