Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2, 6, 11, 16 iyun tarixlərində respublikanın bütün orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan şagirdlər üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirib.
Bu imtahanlarda 105346 nəfər IX sinif şagirdi, 86156 nəfər XI sinfi şagirdi iştirak edib. Artıq buraxılış imtahanlarında ən yüksək və ən aşağı nəticə göstərən şəhər və rayonların da siyahısı məlumdur.
IX siniflərdə keçirilən riyaziyyat və ana dilindən buraxılış imtahanlarında şagirdlər maksimum 60 bal toplaya bilərdilər. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə Modern.az-a açıqlamasında IX sinif şagirdlərindən 127 nəfərin imtahanlarda 60 bal topladığını qeyd edib.
XI sinif şagirdləri üçün test üsulu ilə ana dili, riyaziyyat və xarici dil fənləri üzrə keçirilən buraxılış imtahanlarında hər bir fənn üzrə 30, ümumilikdə 90 test tapşırığı (ana dili, riyaziyyat, xarici dil/kimya) təqdim edilib.
E.Nağızadə XI sinif məzunlarından yalnız 259 nəfərin 90 sualın hər birinə düzgün cavab verdiyini vurğulayıb.
Elnur Nağızadə bildirib ki, XI sinif şagirdlərindən 90 suala cavab verənlərin 165 nəfəri, 9-cu sinif şagirdlərindən 60 suala cavab verənlərdən 56 nəfəri Bakı şəhərindəki məktəblərin məzunlarıdır.