Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov ölkə mətbuatını mövhumatçılığa qarşı mübarizədə fəal olmağa çağırıb.
Publika.az-ın məlumatına görə, bu gün Bakı Dövlət Universitetində (BDU) keçirilən “Azərbaycan milli mətbuatı – 140: “Əkinçi” ənənələri və müasir jurnalistika” mövzusunda elmi-praktik konfransda çıxışı zamanı Ə.Amaşov bildirib ki, bu istiqamətdə təhlükələr istisna deyil: “Əgər mövhumatçılıq güclənsə, sabah “Azad Qadın” heykəlinin qarşısında aksiya keçirə bilərlər. O halda mətbuat nə etməlidir, üzərinə hansı missiya düşür? Biz bu məsələlər barədə düşünməliyik”.
Ə.Amaşov həmçinin deyib ki, BDU-nun jurnalistika fakültəsində təhsil alan tələbələrin xaricdəki nüfuzlu ali məktəblərə təhsil almağa göndərilməsi məqsədəuyğundur: “BDU-nun jurnalistika fakültəsində bakalavr səviyyəsində oxuyan tələbələrin təhsillərini davam etdirmək üçün xarici ölkələrdəki aparıcı ali məktəblərə göndərilməsi üçün Dövlət Proqramı da qəbul edilə bilər. Bu, jurnalistikamızın inkişafı baxımdan vacibdir”.