29 İyun 2015 13:13
757
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mübarək Ramazan ayının gəlişi ilə əlaqədar olaraq Qafqaz Müsəlmanları İdarəsi orucla bağlı şəriət hökmlərinin təqdim edib.

Teleqraf.com QMİ-yə istinadən orucun hökümlərini oxuculara təqdim edir.
(Davamı)

Yemək və içmək

Əgər oruc tutan şəxs qəsdən bir şey yesə və ya içsə, orucu batil olar, istər çörək və su kimi adi yeməklərdən olsun, istərsə də torpaq və ağac şirəsi kimi şeylər olsun, istər az olsun, istərsə də çox, hətta əgər diş fırçasını ağızdan çıxarıb yenə ağzına daxil etsə və onun rütubətini udsa, oruc batil olur. Lakin fırçanın rütubəti “batinin rütubətidir” deyilməyəcək şəkildə ağızın suyunda aradan gedərsə, onu udmağın eybi yoxdur.

Xörək yeməklə məşğul olarkən sübh olduğunu bilsə, gərək ağzından tikəni çıxartsın, əgər qəsdən udsa, orucu batildir və sonradan deyiləcək göstərişə görə ona kəffarə də vacib olar.

Oruc tutan şəxs bir şeyi səhvən yesə və ya içsə, orucu batil olmaz.

Oruc tutan şəxsin bədəni keyləşdirmək və ya başqa bir vasitə ilə istifadə olunan ampulları istifadə etməsində bir zərər yoxdur. Lakin qida və müalicə üçün istifadə olunan ampullardan çəkinməsi daha yaxşıdır.

Oruc tutan şəxs dişinin arasında qalan bir şeyi qəsdən udsa, orucu batil olar.

Oruc tutmaq istəyən şəxsə azandan əvvəl dişlərini təmizləmək lazım deyildir. Lakin əgər bilsə ki, dişlərinin arasında qalan yemək qırıntısı gündüz boğazına gedəcək, onda dişlərini təmizləməlidir.

Ağız suyunu udmaq, habelə turş və turşa bənzər şeyi xəyala gətirməklə ağızda toplaşan suyu udmaq orucu batil etmir.

Sinə və başdan gələn ağız boşluğuna çatmamış bəlğəmi udmağın eybi yoxdur. Ehtiyat-vacibə əsasən ağız boşluğuna daxil olsa, onu udmamalıdır.

Oruc tutan şəxs susuz ola və su içmədiyi təqdirdə öləcəyindən və ya ona bir zərər dəyəcəyindən, ya da dözülməyən bir çətinliyə düşəcəyindən qorxarsa, qorxusunu aradan aparmaq üçün bir miqdar su içə bilər. Lakin onun orucu batil olur. Əgər Ramazan ayıdırsa, lazım-ehtiyata əsasən həmin miqdardan artıq içməsin və günün qalan hissəsini orucu batil edən işlərdən çəkinsin.

Quş və ya uşaq üçün yeməyi çeynəmək, yeməyin dadına baxmaq və boğaza yetişməyən bu kimi işlər nəticəsində qida təsadüfən boğaza çatsa, orucu batil etməz. Lakin insan əvvəlcədən yeməyin boğaza çatacağını bilərsə, orucu batil olur və qəzasını tutması, həmçinin kəffarə də verməsi ona vacibdir.
İnsan zəifliyi üzündən orucunu yeyə bilməz. Lakin onun zəifliyi adətən dözülməsi mümkün olmayacaq dərəcədədirsə, orucu yeməsinin eybi yoxdur.

Cima (cinsi əlaqə)


Cinsi əlaqə nəticəsində hər iki şəxsin orucu batildir. Həmçinin, sünnət yeri miqdarında daxil olsa, hətta məni (sperma) gəlməsə də batildir. Əgər sünnət yerindən az miqdarı daxil olsa və məni gəlməsə, oruc batil olmaz. Lakin aləti kəsik olan bir kəs dəllək kəsən yer miqdarında daxil etsə, belə ki, “yaxınlıq etmişdir” deyilsə, orucu batildir.

Bilərəkdən cima qəsdi etsə və şəkk etsə ki, sünnət yeri qədər daxil olub ya olmayıb, ehtiyat-lazıma əsasən orucu batil olur və onu qəza etməlidir. Lakin ona kəffarə vacib olmaz.

Əgər şəxs oruc olduğunu unudub yaxınlıq etsə və ya onu cima etməyə məcbur etsələr, belə ki, bu iş onun ixtiyarından kənar olsa, onun orucu batil olmaz. Amma cima halında yadına düşsə (birinci halda) və ya məcburiyyət onun üzərindən götürülərsə, dərhal cima halından çıxsın, əgər çıxmasa, onun orucu batildir.

İstimna

Əgər oruc tutan şəxs istimna etsə, (yəni özündən məninin xaric olmasına səbəb olan bir iş görsə) orucu batildir.

Əgər insandan ixtiyarsız məni xaric olsa, orucu batil deyildir.

Oruc tutan şəxs gündüz yatacağı təqdirdə möhtəlim olacağını (yəni yuxuda ondan məni xaric olacağını) bilirsə, yatmamaqla əziyyətə düşməsə belə, yatması caizdir. Əgər yataraq möhtəlim olarsa, orucu batil olmaz.

Oruc tutan şəxs məni xaric olarkən yuxudan ayılsa, məninin xaric olmasının qarşısını alması vacib deyildir.

Möhtəlim olan oruc tutan şəxs bövl (sidik) etmək vasitəsilə məninin qalanının məcradan xaric olacağını bilirsə, bövl edə bilər.

Möhtəlim olmuş oruc tutan şəxs məcrada məni qaldığını, əgər qüsldən qabaq bövl etməzsə qüsldən sonra məninin xaricə çıxacağını bilirsə, qüsldən qabaq bövl etməsi ehtiyat-müstəhəbbdir.

Məni xaricə çıxarmaq məqsədi ilə özü ilə oynayan şəxs ondan məni gəlməsə belə, lazım-ehtiyata əsasən o orucu tamamlayıb sonra qəzasını da tutsun.

Oruc tutan şəxs məni çıxarmaq məqsədi olmadan, məsələn; öz qadını ilə oynaşarsa, özündən məni gəlməyəcəyindən əmindirsə, təsadüfən ondan məni gəlsə belə, orucu səhihdir. Lakin məninin gəlməyəcəyindən əmin deyilsə, məni gəldiyi təqdirdə orucu batil olur.

Allaha və Peyğəmbərə (s) yalan isnad vermək

Oruc tutan şəxs danışmaq, yazmaq, işarə etmək və buna bənzər hər hansı bir yolla Allaha, Peyğəmbərə (s) və on iki İmamdan (ə) birinə qəsdən yalan olan bir şeyi nisbət verərsə, sonra dərhal “yalan dedim” deyib və tövbə etsə belə, lazım-ehtiyata əsasən orucu batil olar. Həmçinin, Xanım Zəhraya (ə), digər peyğəmbərlərə (ə) və onların vəsilələrinə də yalan bir şeyi nisbət vermək ehtiyat-müstəhəb olaraq eyni hökmü daşıyır.

Əgər bir şəxs doğru və ya yalan olduğunu bilmədiyi və dəlili olmayan bir rəvayət nəql etmək istəsə, vacib-ehtiyata əsasən o rəvayəti eşitdiyi kimsədən və ya oxuduğu kitabdan nəql etməlidir.

Əgər öz etiqadına görə bir şeyi düz hesab edib Allah və ya Peyğəmbər (s) sözü hesab edib və nəql etsə, sonra yalan olduğunu başa düşsə, orucu batil olmaz.

Əgər bir şeyin yalan olduğunu bilsə, onu Allaha və Peyğəmbərə (s) nisbət versə və sonra dediyinin düzgün olduğunu başa düşsə, lazım-ehtiyata əsasən gərək orucu tamam etsin və sonra qəzasını tutsun.

Əgər başqasının uydurduğu yalanı qəsdən Allaha, Peyğəmbərə (s) və Peyğəmbərin (s) canişinlərinə nisbət versə, lazım-ehtiyata əsasən orucu batil olur. Lakin o yalanı uyduran şəxsin dilindən nəql edərsə, eybi yoxdur.

Əgər oruc tutan şəxsdən soruşsalar ki, “Peyğəmbər (s) belə bir söz buyurubmu?”, “yox” əvəzinə qəsdən “bəli” desə və ya “bəli” əvəzinə qəsdən “yox” desə, lazım-ehtiyata əsasən orucu batil olur.

Əgər Allah və Peyğəmbərin (s) adından düz söz desə, sonra “yalan demişəm” desə və ya gecə onlara bir yalana istinad verib sabahı gün oruc olub desə ki, “dünən gecə dediyim söz düzdür”, orucu batil olur. Lakin məqsədi xəbərin təfsilatını bəyan etmək olsa, orucu batil olmur.

BƏXTİYAR


Müəllif: