Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayevin təşəbbüsü ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində “Kürmük məbədi Azərbaycanın maddi-mədəni irsidir” mövzusunda “dəyirmi masa” keçirilib.
Mərkəzdən Teleqraf.com-a bildiriblər ki, tarix elmləri doktoru Həcər Verdiyeva “dəyirmi masa”nı açaraq Azərbaycanın bəşər mədəniyyətinin mərkəzlərindən biri kimi ulu əcdadlarımızın müxtəlif çalarlı mədəni dəyərlərə sahib olduğunu diqqətə çatdırıb və ölkəmizin ərazisində tarixin müxtəlif dövrlərinə aid yüzlərlə maddi-mədəniyyət abidələrinin mövcud olduğunu bildirib. Tədbirdə Azərbaycan tarixinin Qafqaz Albaniyası dövrü həqiqətlərinin daşıyıcısı olan tarixi abidələr “dəyirmi masa” iştirakçılarının - tarixçilər, arxeoloqlar, etnoqraflar, filoloqların əsas müzakirə mövzusu olub.
“Dəyirmi masa”da Qax rayonunda yerləşən Kürmük məbədinin çoxçalarlılığı vurğulanaraq əcdadlarımızın dini inanclarının rəmzi abidəsi olduğu diqqətə çatdırılıb. Çıxış edən məruzəçilər - tarix elmləri doktoru M.Paşayeva, tarix üzrə fəlsəfə doktorları M.Xəlilov, T.Əliyev, E.Vəliyev və tədqiqatçı-arxeoloq B.Məmmədova əldə edilən faktiki materiallar əsasında ölkənin şimal-qərb bölgəsində qorunan maddi-tarixi abidələr haqqında maraqlı məlumatlar verib, bu abidələr silsiləsində Kürmük məbədinin özünəməxsus yer tutduğunu vurğulayıblar. Onlar Azərbaycan xalqının sələflərinin dini inanclarının politeizmdən monoteizmə keçən davamlı yolun abidəsi olduğunu bildiriblər. Məruzələr ətrafında aparılan fikir mübadiləsi zamanı belə bir nəticəyə gəlinib ki, erkən orta əsrlər dövründən daha qədim zamanın şahidi olan, ibtidai dinlərin ziyarətgahından xristian dini abidəsinə çevrilən Kürmük məbədi, Qafqazın qədim xristian kilsəsi olan Alban apostol avtokefal kilsəsinin bir nümunəsi olaraq, eyni zamanda, Azərbaycan xalqının uzaq keçmişdə yaşadığı politeist dinlərin də daşıyıcısı, “Selena” (Ay) məbədi olmaqla sinkretik bir abidədir. Bu reallığı əsas götürən “dəyirmi masa” iştirakçıları belə bir tarixi həqiqətləri diqqətə çatdırıblar ki, Kürmük məbədi Azərbaycan xalqının tarixi yaddaş abidəsi, Azərbaycanın maddi-mədəni irsidir və bu maddi-mədəni irsin varisi də Azərbaycan xalqıdır.
“Dəyirmi masa”da, həmçinin Qafqaz Albaniyasının mədəni-mənəvi mühiti və bu mühitin mövcud olduğu zamanların ədəbi abidəsi olan “Kitabi-Dədə Qorqud” eposu haqqında da fikir mübadiləsi aparılıb, növbəti “dəyirmi masa”nın məhz “Qafqaz Albaniyası və “Kitabi-Dədə Qorqud” dastanı” mövzusunda keçirilməsi qərara alınıb.