Bu gün Qadın Konsensus Mərkəzi tərəfindən "Azərbaycanda məişət zorakılığı və erkən nikahlar" mövzusunda dəyirmi masa keçirilib.
Publika.az xəbər verir ki, tədbirdə çıxış edən Qadın Kondensus Mərkəzinin sədri, “Gündəlik teleqraf” MMC-nin rəhbəri Aynur Camalqızı məişət zorakılığının bu gün çox aktual mövzu olduğunu qeyd edib.
Onun sözlərinə görə, bu istiqamətdə qanunvericilik bazasının mükəmməl olmasına baxmayaraq, hələ də bu problemdən əziyyət çəkirik:
“Xüsusən də əyalətlərdə bu problem daha aktualdır. Təəssüf ki, bu gün əyalətlərdə ailə qurularkən qanun yox, milli adət-ənənələr əsas götürülür, yetkinlik yaşına çatmayan şəxslər ailə qurur. Onlar ailəyə nə psixoloji, nə də mənəvi baxımdan hazır olurlar. Erkən nikahları çox zaman islamla əlaqələndirirlər. Hesab edirəm ki, bu, yanlış düşüncədir. Bugünkü tədbirimizdə həm bu sahədə problemləri, onların yaranma səbəblərini müzakirə edəcəyik, həm də maarifləndirici fikirlər, təkliflər səsləndirəcəyik. Layihəmiz 6 aylıq müddəti əhatə edir. Ümid edirəm ki, bu müddət ərzində məişət zorakılığı probleminin həlli üçün müəyyən işlər görə biləcəyik”.
Millət vəkili Aydın Mirzəzadə çıxışı zamanı bu mövzunun son dərəcə aktual olduğunu bildirib. Onun sözlərinə görə, bu məsələdə hər kəs məsuliyyət daşıyır. Hər bir ailədə olan problem cəmiyyətin diqqətində olmalıdır: “Hesab etmirəm ki, hazırda məişət zorakılığı ölkəmiz üçün təhlükəli problemdir. Lakin bir ailədə bu problemin olması onun müzakirəyə çıxarılmasını vacib edir. Qanunlarımızda bu problemlə mübarizə yetərincə açıq şəkildə əks olunub. Sonuncu dəfə qanunvericiliyə nikahdan əvvəl tibbi müayinədən keçmək, valideynlərin məsuliyyəti ilə bağlı dəyişikliklər edilib. Hesab edirəm ki, sadəcə qanunvericilik bazasını mükəmməlləşdirməklə problem həll olunmur. Problemin həlli ailədən, valideynlərin, qohumların onlara dəstəyindən başlayır. Xüsusən də gənc ailələrə ailə idarəçiliyi baxımdan dəstək vacibdir. Bu məsələnin həlli üçün önəmli məqamlardan biri də ictimai qınaqdır. Son olaraq qeyd etmək istəyirəm ki, məişət zorakılığına səbəb olan məsələlərdən biri də nümunəvi ailələrin mətbuatda yetərincə işıqlandırılmaması, onların təbliğ edilməməsidir. Mediamız cəmiyyəti obyektiv şəkildə işıqlandırır, lakin nədənsə yalnız zorakılıq və problemlər gündəmə gətirilir. Elə təəssürat yaranır ki, ölkədə bütün ailələr belə idarə edilir. Əksinə, ölkədə yetərincə nümunəvi ailələr var və onlar təbliğ edilməlidir. Statistikada ildən-ilə məişət zorakılığı halları azalır. Bu da maarifləndirmənin və təhsil alan qızların sayının artması ilə bağlıdır”.
Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət komitəsinin Hüquq şöbəsinin müdiri Taliyə İbrahimova məişət zorakılığının həlli, bu barədə qanun layihəsinin hazırlanmasında komitə tərəfindən görülən işlərdən danışıb.
“Bu barədə qanunun qəbul edilməsi ölkə rəhbərliyinin bu məsələyə olan diqqətinin göstəricisidir. Lakin qanunun qəbul edilməsi ilə iş bitmir. Əsas məsələ qanunun işləmə mexanizminin hazırlanması idi. Yerli icra hakimiyyəti orqanlarına iki vacib səlahiyyət verilib. Bu qurumlar cinayət tərkibi olmayan məişət zorakılığı halları ilə bağlı mühafizə orderi verməlidir. Həmçinin icra hakimiyyəti orqanları zorakılığı törədənlərin qeydiyyatını aparmalı, profilaktik tədbirlər görməlidir. Göründüyü kimi, qanunvericilik bazası var, lakin əsas problem qanunun tətbiqidir. Buna görə də, hər bir icra hakimiyyəti orqanlarında monitorinq qrupları yaradılır. Bu qrupların 8-9 üzvü olur. Hesab edirik ki, bu qruplar məişət zorakılığı halları ilə bağlı işlərimizi asanlaşdıracaq”.
Ombudsman Aparatının şöbə müdiri Zemfira Məhərrəmli məişət zorakılığının aktual olduğu qədər taleyüklü məsələ olduğunu bildirib. Onun sözlərinə görə, məişət zorakılığı, qızların təhsildən yayınması cənub bölgəsində deyil, paytaxt kəndlərində də müşahidə edilir:
“Bilməliyik ki, cəmiyyətin gələcəyi anadan asılıdır. Ona görə də qızlarımızın təhsildən yayınması bilavasitə gələcəkdə uşaqların təhsilsiz olması deməkdir. Erkən nikahların qarşısını ala bilməməyimiz gələcəklə bağlı gözləntilərimizi sual altına qoyur. Ailə qurmağa məcbur edilən qız sabah o ailədə hüquqlarını da qoruya bilməyəcək. Bu barədə mətbuatda yetərincə işıqlandırılıb, lakin Ombudsmanın fəaliyyətində bu məsələ qırmızı xətt kimi keçir. Gəncə, Quba, Şəki və Cəlilabad rayonlarında Ombusman aparatının regional qurumlarımız var. Bu qurumlarımızın fəaliyyətində qadın və uşaq problemləri əsas yer tutur. Hesab edirəm ki, bu gün məişət problemi ilə ən çox qarşılaşan təbəqə uşaq evlərində böyüyən qızlardır. Bu qızların ailələrə verilməsi üçün iş aparmalıyıq”.
“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova bildirib ki, məişət zorakılığının nəticələri ilə mübarizə aparmaqla yanaşı, onun qarşısını almaq üçün işlər görülməlidir:
“Qanunvericilik bazası var. Lakin qanunlarımızda müəyyən dəyişikliklərə ehtiyac var. Xüsusən də uzunmüddətli mühafizə orderinin polislərin verməsi məsələsi gündəmə gəlməlidir. Məişət zorakılığı məsələlərində informasiya alınması məsələsi həll edilməlidir. Bu gün zorakılığa məruz qalanların əksəriyyəti hara müraciət etməsindən xəbərsiz olurlar. Reabilitasiyanı həyata keçirən işçi qruplarının fəaliyyəti genişləndirilməlidir. Nikaha daxil olan şəxslərin tibbi müayinəsinin icbari olması məişət zorakılığının həllinə müsbət təsir edə biləcək. Yalnız qanunlar və onların icrasına çalışmamalıyıq, düşüncələrdə bu dəyişiklik olmalıdır”.
Psixoloq Azad İsazadə çıxışı zamanı məişət zorakılığının yalnız kişilər deyil, qadınlardan da asılı olduğunu deyib. “Hər hansı sahədə inkişaf edən qadın qısqanclıqla qarşılanır. Bu gün kişilər öz həyat yoldaşlarını qısqanclıqla yanaşı, anası və bacısının təsiri altına düşərək döyür. Qadın beyni yaxşı işləsə də, kişilərin də yumruğu yaxşı işləyir. Kişi qadının fikirlərinə yetərincə cavab tapa bilməyəndə döyməyə əl atır”.
Tədbirdə çıxış edən ilahiyyatçı Elşad Miri erkən nikahların islamla əlaqələndirməsinin yanlış olduğunu bildirib. Qeyd edib ki, bu problemlə bağlı, olduğu bir çox ərəb ölkələrində araşdırma aparıb və həmin ölkələrdə insanların azyaşlı qızlarını hətta gənc oğlana belə vermək istəmədiklərini müşahidə edib:
“Yalan olaraq belə bir fikir səsləndirirlər ki, peyğəmbərimiz azyaşlı bir qızla ailə qurub. Bu, sadəcə bir islam aliminin fikirləridir. Bundan başqa, qadının döyülməsinin də islamla əlaqələndirilməsi yalandır, böhtandır. Peyğəmbərimiz xanımından inciyərkən belə, onun qəlbini qırmamağa çalışıb. Təəssüf ki, bu gün islam doğru təbliğ edilmir, əksinə, bu barədə yalan yazanların kitabları təbliğ edilir. İnandırıram ki, o kitabları mən də oxusaydım, ateist ola bilərdim. Bu yalan və təhrif yalnız islama qarşı deyil, digər dinlərə qarşı da eyni münasibət var”.
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun mətbuat katibi Ceyhun Musaoğlunun bildirdiyinə görə, bu məsələdə danışmaqdan daha çox konkret fikirlər səsləndirilməlidir:
“Hesab edirəm ki, məişət zorakılığında din məsələsi çox az rol oynayır. Azərbaycan cəmiyyətində valideynlər övladlarını erkən yaşda ərə verərkən, peyğəmbərin həyatı barədə yazılan mifləri əsas götürmür. Bu gün zorakılıq edənlər əsasən, təhsilsiz, cahil insanlardır. Kişilər ziyalı biri qadının onun və övladlarının həyatındakı rolunu dərk edir”.
Qadınlar arasında Həmrəylik İctimai Birliyinin sədri Ruhəngiz Hüseynova bildirib ki, bu gün ali təhsilli kişilərimiz belə zorakılıq törədə bilir:
“Zorakılıq halları artıb, QHT Şurasında bununla bağlı layihələrin artması da buna sübutdur. Təəssüflər olsun ki, regionlarda məişət zorakılığı ilə bağlı keçirilən tədbirlər yetərli deyil. Televiziyalarda məişət zorakılığı ilə bağlı verilişlər zorakılığın qarşısını almaqdan daha çox, zorakılığı təbliğ edir”.
Dilarə Əliyeva adına qadın hüquqları müdafiə təşkilatının nümayəndəsi Sədaqət Paşayeva bildirib ki, məişət zorakılığı insanların şəxsi hüquqlarına aid məsələdir. Ona görə də bu məsələnin qanunvericilikdə əks olunması uzun müddət müzakirə mövzusu oldu. Hətta bəzi qadın millət vəkillərimiz belə buna etiraz edirdilər. Lakin uzunmüddətli müzakirələrə baxmayaraq, “Məişət zorakılığı haqqında” Qanun qəbul edildi. Lakin hələ də məişət zorakılığı törədənlərin cinayət məsuliyyətinə cəlb edilməməsi bu məsələnin kökünün yetərincə araşdırılmasına çətinlik yaradır. Zorakılıq halları ilə yalnız qadınlar deyil, kişilər də əziyyət çəkir. Bu gün məişət zorakılığı ən çox Gəncəbasar bölgəsində müşahidə edilir”.
Məişət zorakılığı faktı ilə üzləşmiş Rəqsanə Mustafayeva bu məsələdə ailələrin məsuliyyət daşıdığını bildirib: “Ailələr uşaqlarına təhsil verməkdənsə, onu ərə vermək istəyirlər. Mən məişət zorakılığından əziyyət çəkmiş biri kimi ailələrə bildirmək istəyirəm ki, övladlarına ilk növbədə təhsil versinlər”.