“Jurnalistika heç bir dövrdə olmadığı qədər müasir zamanın ən aparıcı qüvvəsinə çevrilib. Xəbər, dağıtmaq və qurmaq gücünə malik səviyyəyə çatıb və məhz bu xarakteri jurnalistləri onunla ehtiyatlı davranmağa vadar edir. Təəssüf ki, bu gerçəklik Azərbaycan KİV-ində mütəmadi olaraq kölgəyə düşür. Sosial şəbəkələrin geniş sferanı əhatə etməsi xəbərləri dəqiqləşdirmək imkanlarını fantastik dərəcədə çoxaltsa da jurnalistika nəinki bu imkanlardan səmərəli istifadə etmir, əksinə, sıradan bir insanın statusunu anındaca xəbərə çevirərək tirajlayır".
Bu fikirlər Azərbaycan mətbuatında xoşagəlməz halların ifrat dərəcədə artmasına etiraz olaraq, Jurnalist Ekspert Mərkəzinin yaydığı bəyanatdandır. KİV orqanlarında vulqarizmin hökmranlıq etdiyinə diqqət çəkən bəyanat müəllifləri bəzi yazarların və aparıcıların söyüşlərlə meydan sulamasını cəmiyyətə vurulan zərbə kimi dəyərləndiriblər: “Artıq ictimai qınaq da belə biabırçılğın qarşısını almaqda aciz vəziyyətə düşüb. Kimin ağzından nə çıxır, bəzi mətbuat orqanları anındaca onu tirajlayırlar. Yetər ki, söyüş olsun, yetər ki, şou xarakteri daşısın, yetər ki, şəxsiyyət alçaldılsın. 140 yaşı olan mətbuat üçün belə şüursuz davranış adekvat deyil. Dövlətin mətbuatın inkişafı üçün çox böyük işlər gördüyü açıq həqiqətdir. Heç kimə sirr deyil ki, mətbuat nümayəndələrinin əziyyətləri müqabilində qazandıqları, başqa sahənin təmsilçilərinin qazancından az deyil ki, çoxdur. Bununla yanaşı, cəmiyyətdə jurnalist adının hörməti var".
JEM jurnalistləri bu hörməti qorumağa və mətbuatı sosial şəbəkələrin bumundan uzaq durmağa çağırır: "Mənbəsiz heç nə bərqərar ola bilməz. O cümlədən xəbər mütləq ali mənbəyə söykənməlidir. Sosial şəbəkədə yayılan statusu ona görə xəbərə çevirmək olmaz ki, onun mənbəsi sürüşkəndir. Statusu yazan onu silə və yazdığını dana bilər. Tutaq ki, statusun profillə birgə şəklini çəkmişik. Bu da sübut deyil. Status müəllifi deyə bilər ki, profilimi oğurlayıblar. Mənbə o qədər etibarlə olmalıdır ki, Nyuton demiş, onun üstünə çıxıb, dünyanı məhvərindən qopartmaq mümkün olsun. Lap yaxşı, maraqlı və mahiyyətində xəbər olan status oxuyuruq. Bu, bizə ipucu versin. 20 il öncə nə internet vardı, nə sosial şəbəkələr. Xəbəri dəqiqləşdirmək olduqca çətin idi. Buna baxmayaraq, biz siyasətçinin evinə də olsa, zəng edib, hadisəyə münasibət öyrənirdik. Onun bir sözlü cavabı da yetərli idi. Bu gün hər hansı xəbəri dəqiqləşdirməkdən asan heç nə yoxdur. Onlarla kommunikasiya imkanları var. Statusdan ilkin mənbə kimi istifadə edib, onu hərtərəfli araşdırandan sonra təqdim etsək, nəinki dünya dağılar, əksinə yeni dünya qurarıq. Bizim xəbər, qonşu saytın xəbərindən eksklüzivliyi ilə fərqlənər. Ortaya xeyli maraqlı məqamlar çıxar".
Dəqiqliyin operativlikdən daha vacib olduğu bəyanatda xüsusi ilə vurğulanır: "İP xətrinə xəbəri daha tez yaya bilərik, ancaq dəqiqlik çatmaz. Dəqiq xəbəri isə gec yaysaq mənfi heç nə baş verməz. Dəqiqliyin özü eksklüzivlikdir. Məlumatı kim nə qədər dəqiq araşdırırsa, onun xəbəri tam eksklüziv olur".