8 İyul 2015 15:44
520
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) yeni qeydiyyatdan keçmiş 17 dini icmaya şəhadətnamələr təqdim edilib.

Komitənin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, bu məqsədlə təşkil edilmiş toplantıda DQİDK rəhbərliyi, şöbə müdirləri və yeni qeydiyyatdan keçmiş dini icmaların sədrləri iştirak ediblər.

Komitə sədri Mübariz Qurbanlı Azərbaycanda dövlət-din münasibətlərindən danışaraq bildirib ki, ölkəmizdə dövlətin dinə, o cümlədən müxtəlif dini icmalara diqqət və qayğısı ardıcıl həyata keçirilir. Prezident İlham Əliyevin apardığı siyasətin nəticəsində dövlət-din münasibətlərinin tənzimlənməsi sahəsində hazırda çox mühüm uğurlar əldə edilib. Ümummilli lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra bütün sahələrdə olduğu kimi dövlət-din münasibətlərində də müstəqilliyimizə, milli-mental dəyərlərimizə, dinimizə uyğun qaydaların təsbit olunduğunu vurğulayan komitə sədri, dini icmaların Azərbaycan cəmiyyətində özünəməxsus yeri və rolu olduğunu bildirib.

Yeni qeydiyyatdan keçmiş dini icmaların sədrlərinə müvafiq tövsiyələrini verən M.Qurbanlı icmaları daha aktiv olmağa, yerlərdə axund və imamlarla, eləcə də QMİ-nin nümayəndələri ilə qarşılıqlı əməkdaşlıq şəraitində fəaliyyət göstərməyə çağırıb.

Eyni zamanda komitə sədri dini icma sədrlərinə məzhəblərarası qarşıdurmaya sövq edən hərəkətlərin qarşısını almağı, rəhbərlik etdikləri icmaların milli-mənəvi dəyərlərimizin təbliği və radikalizmə qarşı ideoloji mübarizə istiqamətində fəaliyyət göstərmələrini, ümummilli maraqlardan çıxış etmələrini tövsiyə edib.

Dini icma sədrləri çıxış edərək dini sahəyə göstərilən diqqət və qayğıya görə təşəkkür edib, rəhbərlik etdikləri icmalarda dini sabitliyi qoruyub saxlamaq üçün əllərindən gələni edəcəklərini, milli-mənəvi dəyərlərin təbliği istiqamətində iş aparacaqlarını bildiriblər.

Sonda Ramazan ayı münasibətilə toplantı iştirakçılarını təbrik edən M.Qurbanlı qeydiyyat şəhadətnamələrini dini icma sədrlərinə təqdim edib.

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər