8 İyul 2015 20:12
620
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azərbaycan Hava Yolları" QSC (AZAL) bazarda artan tələbatı nəzərə alaraq, tərəfdaşları ilə birgə 2016-cı ildən dünyanın daha çox tələbat duyulan kurortlarına büdcəyə uyğun turların təşkilinə başlamaq qərarına gəlib. Bunu Teleqraf.com-a AZAL-ın mətbuat xidmətindən deyiblər.

Bu reysləri müvafiq xidmət səviyyəsi ilə birlikdə tam ekonom-sinfin olduğu təyyarələrdə həyata keçirmək planlaşdırılır.

Bəzi KİV-lər bu məsələ ilə bağlı yalan və həqiqətə uyğun olmayan məlumat yayırlar ki, bu da turizmin inkişafına mənfi təsir edə bilər və AZAL-ın fəaliyyətinə kölgə salır.

Biletlərin qiymətinə və ölkə vətəndaşlarının Gürcüstan vasitəsilə uçuşları məsələsinə gəlincə, AZAL-dan qeyd ediblər ki, şirkət Tbilisidə aeroportun xidmətlərindən istifadə edən Azərbaycan vətəndaşlarının sayı barədə dəqiq statistikaya malik deyil: "Lakin qeyd etməliyik ki, Gürcüstan da daxil olmaqla xarici dövlətlərin vətəndaşları hər gün Heydər Əliyev Beynəlxalq Hava Limanı ilə uçuşlar həyata keçirirlər. Statistikaya əsasən, müəyyən günlərdə Bakı aeroportunun xidmətlərindən istifadə edən Gürcüstan vətəndaşlarının sayı gündə 100 nəfərdən çox olur".

Qiymətin nisbətən yüksək olmasına gəlincə, onların hansı aviaşirkətin xidmətləri ilə müqayisə edilməsi böyük əhəmiyyət kəsb edir. AZAL sərnişinlərə yüksək təhlükəsizlik səviyyəsi, rahat şərtlər və keyfiyyətli servis, bir çox şirkətlərdən fərqli olaraq bu və ya digər ölkədə daxili siyasi vəziyyətin dəyişməsi ehtimalına baxmayaraq, geriyə uçuş zəmanətini təqdim edir.

AZAL-dan deyiblər: "Artıq bildirildiyi kimi, bu ilin iyununda aviaşirkətlərin xidmətinin keyfiyyətinin qiymətləndirilməsi sahəsində tanınmış "Skytrax" beynəlxalq reytinq agentliyi AZAL-a nüfuzlu "4 ulduz" reytinqini verib ki, bu da AZAL-ı tanınmış qlobal aviaşirkətlərlə eyni cərgəyə qoyur. Bu kontekstdə AZAL-ın xidmətlərinin dəyəri çox rəqabətqabiliyyətli görünür".

Şirkətdən qeyd ediblər ki, rəsmi statistik məlumatlara əsasən, 2014-cü ildə ölkəyə gələnlərlə müqayisədə Azərbaycandan gedənlərin sayında 35 faiz artım qeydə alınıb ki, bu da AZAL-ın yüksək qiymətlərinə görə mümkünsüz olardı: "Tbilisi aeroportu vasitəsilə dünyanın daha populyar kurortlarına təklif edilən turpaketlərin aşağı qiymətinə gəlincə, turizm şirkətləri müştərilərə daha aşağı sinif hotellər (3 və daha az ulduzlu) təklif edirlər. Statistika göstərir ki, AZAL-ın tərəfdaş turoperatorlarının müştəriləri 4 ulduzlu (25 faiz) və 5 ulduzlu (təqribən 80 faiz) hotellərdə qalmağa üstünlük verirlər. Bununla əlaqədar olaraq nisbətən yüksək qiymət formalaşdırılır".

Şirkətdən deyiblər ki, lakin bu halda da AZAL-ın tərəfdaşları müştərilərə kurortlarda istirahət üçün rəqabətqabiliyyətli təkliflər təqdim edirlər: "Xüsusilə, dünyanın daha populyar kurortlarına aviauçuşlar və 5 ulduzlu hoteldə yerləşmənin daxil olduğu turpaketlərin qiyməti xüsusi aksiyalarda 499 manat təşkil edir. Hazırda turistlərimiz yüksək sinifli hotellərdə yerləşməklə olduqca rəqabətli qiymətlərlə Dubay şəhərində istirahət imkanına malikdirlər. AZAL bu ilin sentyabrından tərəfdaşları ilə birlikdə Şarm əş-Şeyx kurort şəhərinə də reys açır".


Müəllif:

Oxşar xəbərlər