15 İyul 2015 14:43
970
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Gənclik” metrosunda foto-sərginin açılışı olub

İyulun 15-dən başlayaraq metronun “Gənclik” stansiyasının yenicə təmirdən çıxmış keçidində fotosərgi nümayiş olunur.

Teleqraf.com-un məlumatına görə, bu gün “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin “Kapital Bank” ASC ilə birgə həyata keçirdiyi sosial layihənin rəsmi açılışı olub. Açılış mərasimində “Bakı Metropoliteni” QSC-nin sədr müavini Hidayət Məmmədov, ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev, İspaniyanın ölkəmizdəki müvəqqəti işlər üzrə vəkili Xose Luis Dies, Azərbaycan Fotoqraflar Birliyinin sədri Mirnayib Həsənoğlu, fotoqraflar Ruslan Məmmədov, Nicat Rzayev, İlkin Kəngərli iştirak ediblər.

Layihə barədə məlumat verən Nəsimi Paşayev bildirib ki, sosial layihənin ideyası metropolitenə məxsusdur: “Təşkilatı işlər “Bakı Metropoliteni” QSC-nin reklam və marketinq şöbəsinin rəisi Lalə Babayeva həyata keçirib. Sərgiyə 126 müraciət əsasında 1857 iş təqdim olunub. Münsiflər heyəti əməkdar mədəniyyət işçisi Fərid Xayrulinin rəhbərliyi ilə seçim edib. 39 nəfərin 92 sənət əsəri sərgidə nümayiş olunmağa layiq görülüb”.

Qurum rəsmisi deyib ki, yeni təmirdən çıxmış keçidlərdə sosial layihələri reallaşdırmaq imkanı olduğu üçün bu rəhbərlik bu addımı atıb: “Metropoliten hər zaman sosial layihələr üstünlük verir və bir müddət əvvəl Nərimanov metrostanisyasına talassemiyalı uşaqların əl işindən ibarət sərgi açılmışdı, sosial layihələr bundan sonra da davam edəcək. Sənətsevərləri sərgiyə dəvət edirik”.

Tədbir təşkilatçılarına təşəkkür edən Fotoqraflar Birliyinin sədri Mirnaib Həsənoğlu çoxdan belə bir istəklərinin olduğunu deyib: “Bizim belə arzumuz var idi ki, tamaşaçını sərgiyə deyil, sərgini tamaşaçının yanına aparaq. Çünki adətən sərginin ilk günü gələnlər olur, sonra maraqsızlaşır. Bu sərgiyə isə minlərlə insan tamaşa edə biləcək. Çünki sərgi özü insanlar olan yerdə reallaşdırılıb”.

Sərgidə yerli fotoqraf-rəssamlarla yanaşı, əcnəbilərin də əsərləri yer alıb. Əsasən şəhərlərdən görüntülər, təbiət mənzərələri, insan təsvirləri ilıə zəngin fotosərgi bu ilin noyabr ayının 15-dək davam edəcək.

Fotosərginin yerində sonra nəyin olacağı barədə isə hələ qərar verilməyib. Nəsimi Paşayev burada oxşar, yeni layihələrin yer alacağını istisna etməyib.

Naibə QURBANOVA


Müəllif:

Oxşar xəbərlər