Türkiyənin Bayburt şəhərində millət vəkili Qənirə Paşayeva və araştırmaçı-yazar İmdat Avşarın hazırlayıb tərtib etdikləri “Karabağ hikayeleri” kitabının Türkiyə türkcəsində təqdimatı və imzalanma mərasimi olub. BEKDER-in təşkilatçılığı ilə keçirilən təqdimat və imzalanma mərasimində yüzlərlə insan, özəlliklə gənclər qatılıb.
Bayburt valisi, Bayburt Universitetinin bir çox alimləri, o cümlədən Türk dünyasından bir çox insanlar da “Karabağ hikayeleri”nin imzalanmasına qatılıblar və bu kitabın çox önəmli olması barədə fikirlərini bölüşüblər. Türkiyə KİV-lərinin geniş iştirak etdiyi tədbirdə millət vəkili Qənirə Paşayeva və araştırmaçı yazar İmdat Avşar kitabda əsas məqsədin Türkiyədə və Türkiyədən kənarda yaşayan türk diaspor təşkilatlarına Qarabağ həqiqətləri ilə bağlı daha geniş bilgi vermək olduğunu bildiriblər. Millət vəkili Qənirə Paşayeva bildirib ki, tədbirin keçirildiyi bu gün Ermənistanın Ağdam bölgəsini işğalından 22 il keçir və ağdamlılar hələ də öz evlərinə dönə bilmirlər və onlar da daxil olmaqla 1 milyon insanımız hələ də məcburi köçkün həyatı yaşayırlar.
Ermənistanın Ağdamla azərbaycanlılara məxsus tarixi, mədəni, dini abidələri, qəbirstanlıqları dağıtmasından danışan millət vəkili Qənirə Paşayeva rəsmi İrəvan işğal etdiyi bütün Azərbaycan torpaqlarında bu cür vandalizm aktları törətdiyini bildirib. Beynəlxalq təşkilatların ikili standartlarından, ədalətsizliklərindən danışan millət vəkili Qənirə Paşayeva çox təəssüf ki, BMT Təhlükəsizlik Şurası, AŞPA və digər beynəlxalq təşkilatlar özlərinin qəbul etdiyi qətnamələrin yerinə yetirilməsi istiqamətində Ermənistana heç bir təzyiq göstərmirlər deyib. Qarabağ problemi harada doğulub harada yaşamasından asılı olmayaraq hər bir türk insanının problemidir deyən millət vəkili Qənirə Paşayeva türk gənclərini Qarabağ həqiqətlərini daha geniş öyrənməyə çağırıb və dünyanın hər yerində yaşayan insanlarımızın bu həqiqətlərin dünyaya daha geniş yayılmasında fəallıqlarının artmasının vacibliyini vurğulayıb. Kitabda yer alan bir-birindən dəyərli hekayələrin, Azərbaycanın haqq səsini, öncə qardaş Türkiyədə və Türk dünyasında, sonra da bütün dünyada əks etdirəcəyinə ümid edirik deyən millət vəkili Q.Paşayeva tanıtım və imzalanma mərasiminə qatılanların Qarabağ mövzusu ilə bağlı suallarını da cavablandırıblar. Millət vəkili Qənirə Paşayeva Qarabağ münaqişəsi ilə bağlı konfrans da verib.
Qeyd edək ki, “Qarabağ hekayələri” adlanan bu kitabda Elçin Əfəndiyev, Sabir Rüstəmxanlı, Qənirə Paşayeva, Əjdər Ol, Aqil Abbas, Günel Anarqızı, Novruz Nəcəfoğlu, Pərvin Nurəliyeva, Elçin Hüseynbəyli, Məqsəd Nur, Aydın Tağıyev, Aslan Quliyev, Yaşar Əliyev, Eyvaz Zeynalov, Afaq Şıxlı, Narıngül Nadirqızı, Kamran Nəzirli, Əkbər Qoşalı, Akif Əli, İmdat Avşar, Mahir Qabiloğlu kimi ədiblərin Qarabağ mövzusunda ağrı, nisgil dolu hekayələri yer alıb. Bu əsərlər iyirminci yüzildə dünyanın gözləri önündə tarixin canlı olaraq qeyd etdiyi ən qanlı, ən ağır soyqırıma, qətliamlara məruz qalan, minillik ata yurdlarından didərgin salınan Azərbaycan türklərinin ağrı-acılarını əks etdirir. Qeyd edək ki, Türkiyənin “Kun” kitab evində çıxan kitab Q.Paşayevanın rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB və Avrasiya Beynəlxalq Mətbuat Fondunun dəstəyi ilə işıq üzü görüb.