Bu gün Yardımlıda “Ənənəvi İslam dəyərləri və müasirlik” mövzusunda ikigünlük regional konfrans işə başlayıb. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) və Yardımlı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən konfransda Cəlilabad, Masallı və Yardımlı rayonlarında fəaliyyət göstərən dini icmaların rəhbərləri, din xadimləri, ictimaiyyət nümayəndələri, ziyalılar, gənclər iştirak ediblər.
Komitənin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, konfrans iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül-çiçək düzüb, xatirəsini ehtiramla yad ediblər.
Tədbirin açılışında çıxış edən Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov ölkəmizdə milli-mənəvi dəyərlərin qorunub saxlanılmasında və onun daha da inkişaf etdirilməsində ümummilli lider Heydər Əliyevin xidmətlərini vurğulayıb, ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən bu istiqamətdə həyata keçirilən tədbirlərdən danışıb.
Konfransda mövzu ilə bağlı DQİDK sədri Mübariz Qurbanlının məruzəsi dinlənilib. Komitə sədri çıxışında ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş dövlət-din münasibətlərindən, dahi rəhbərin milli-mənəvi dəyərlərin qorunması istiqamətində misilsiz xidmətlərindən, ölkəmizdə hökm sürən tolerantlıq mühiti, ayrı-ayrı dinlər və etiqadlar arasında qarşılıqlı hörmət və etimada əsaslanan əməkdaşlıq münasibətlərindən danışıb.
Sovet dönəmində ateizmin hökm sürdüyü bir dövrdə Yardımlıda milli-mənəvi dəyərlərin qorunduğunu vurğulayan M.Qurbanlı bu ənənənin bu gün də “seyidlər məkanı”nda davam etdirildiyini diqqətə çatdırıb.
Qeyd olunub ki, Azərbaycan dünyəvi, hüquqi və demokratik dövlət olmaqla, həm də multikulturalizm və tolerantlıq ölkəsidir.
Prezident İlham Əliyevin 2014-cü il 27 noyabr tarixli Sərəncamına əsasən, ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün Prezidentin Ehtiyat Fondundan DQİDK-ya 2,5 milyon manat vəsaitin ayrıldığını vurğulayan sədr ölkəmizdə dini icmaların fəaliyyəti üçün hər cür şəraitin yaradıldığını bildirib.
İslam dinini radikalizmə sürükləmək meyillərinin artmasından, bəzi qüvvələrin İslamı siyasiləşdirərək daxildə qarışıqlıq yaratmaqla onu gözdən salmağa çalışmasından, terrorla əlaqələndirmək istəklərindən danışan M.Qurbanlı, gənclərimizin dini və mənəvi-əxlaqi dəyərlərimizə yad olan radikal təriqətlərin təsirindən qorumaq məsuliyyətinin bütün cəmiyyətin üzərinə düşdüyünü diqqətə çatdırıb.
Konfransda DQİDK sədrinin birinci müavini Səyyad Salahlı və Qafqaz Müsəlmanları İdarəsinin bölgə qazisi Mirqiyas Təhməzov mövzu ilə bağlı çıxış ediblər.
Konfransın ilk iş günü başa çatdıqdan sonra M.Qurbanlı Yardımlı şəhərindəki “Cümə” məscidində dindarlarla görüşüb, məscidə kitablar hədiyyə edib.
Qeyd edək ki, regional konfrans işini iyulun 29-da plenar iclaslarla davam etdirəcək.
BƏXTİYAR