Bu gün Bakı şəhər Baş Gömrük İdarəsində Azərbaycanda sahibkarlıq fəaliyyəti ilə məşğul olan aparıcı iş adamları ilə görüş təşkil olunub.
Teleqraf.com-un məlumatına görə, sözügedən görüş Prezident İlham Əliyevin sədrliyi ilə keçirilmiş Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında səsləndirdiyi müvafiq məsələlərə həsr olunub.
Sahibkarlar qarşısında çıxış edən Dövlət Gömrük Komitəsinin (DGK) sədr müavini Şahin Bağırov bildirib ki, bu cür görüşlər Azərbaycanda hökumət-biznes əlaqələrinin daha da sıxlaşmasına və ölkədəki biznes mühitinin inkişafına gətirib çıxaracaq. Onun sözlərinə görə, Dövlət Gömrük Komitəsi hər zaman Azərbaycan iqtisadiyyatının rəqabətli və sağlam inkişafına dəstək verir: “Bu gün sahibkarlarla keçirilən görüşdə Azərbaycan Prezident Administrasiyasının da məsul nümayəndəsi iştirak edir. Burada bizim sahibkarlarla aparacağımız qarşılıqlı müzakirələr hesab edirəm ki, gələcəkdə dövlət-sahibkar münasibətlərinin daha da inkişafına gətirib çıxaracaq”.
Ş.Bağırov qeyd edib ki, son illər Azərbaycan Prezidenti tərəfindən sahibkarlığın inkişafı istiqamətində böyük və uğurlu addımlar atılıb: “Cənab Prezident bu sahədə hüquqi müstəvinin daha da genişləndirilməsi, sahibkarlıq subyektlərinin hüquqlarının müdafiəsi, qanunsuz yoxlamaların qarşısının alınması, yeni üsulların tətbiq edilməsi və yeni çağırışlara cavab verilməsi istiqamətində uğurlu addımlar atıb. Bu gün bizim qarşımızda duran əsas məsələlərdən biri də səmərəli dövlət tənzimlənməsi tədbirlərinin həyata keçirilməsi və bazar iqtisadiyyatına əsaslanan formaların tətbiq edilməsi ilə bağlıdır. Bütün bu məsələlər cənab Prezident tərəfindən imzalanan sənədlərdə və “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasında da əksini tapıb”.
Komitə sədrinin müavini söyləyib ki, Azərbaycanda sahibkarlıq sahəsində işgüzar mühitin yüksəldilməsi üçün bütün dövlət qurumları, o cümlədən gömrük orqanları qarşısında konkret vəzifələr qoyulub. Onun sözlərinə görə, gömrük orqanlarının əsas vəzifələrindən biri də Azərbaycanda sahibkarlıq işinin sərbəst fəaliyyətinə dəstək verilməsini təmin etməkdir: “Bununla yanaşı, yeni üsulların tətbiqi və qanunvericilik tələblərinə cavab vermək məsələnin vacib tərəfidir. Bilirsiniz ki, son dövrlər dünya iqtisadiyyatında olduğu kimi, ölkə iqtisadiyyatında da müəyyən dəyişikliklər baş verib. Son vaxtlar Azərbaycana idxal edilən malların həcmi bir qədər azalıb. Bunun da əsas səbəbi ölkədə yerli istehsalın güclənməsidir. Yerli istehsalın daha da gücləndirilməsi üçün bütün zəruri tədbirlər görülür. Bunun nəticəsi olaraq idxal mallarının həcmində azalmalar baş verir”.
Ş.Bağırov bildirib ki, Azərbaycanda biznesin inkişafı üçün əlavə imkanlar yaradılmalıdır: “İdxalın çeşidinin genişləndirilməsinə və daha yaxşı məhsullarla əvəz edilərək ölkəyə gətirilməsinə, həmin malların gömrük rəsmiləşdirilməsi prosesindən operativ keçirilməsinə və biznes subyektlərinə normal xidmət şəraitinin yaradılması vacibdir. Bununla bağlı tərəfimizdən tədbirlər planı müəyyən edilib. Bu sahədə əlavə hansı işlərin görülməsinə ehtiyac varsa, bu barədə də sahibkarların özlərindən birbaşa təkliflər eşitməyə hazırıq. Mən burada iştirak edən sahibkarlardan xahiş edirəm ki. hər hansı təklifləri varsa, bildirsinlər. Burada açıq müzakirədir, hər kəs öz təklifini səsləndirə bilər. Çünki cənab Prezident bizim qarşımızda konkret vəzifələr qoyub. Biz də sahibkarlığın inkişafına yardım göstərməliyik. Ölkəmizin iqtisadi potensialın daha da gücləndirilməsi üçün müvafiq tədbirlər görməliyik. Bu baxımdan da hesab edirəm ki, bu gün keçirilən görüş həm bizim üçün, həm də sahibkarlar üçün çox maraqlı olacaq”.
Daha sonra Bakı şəhər Baş Gömrük İdarəsinin rəisi Vüsal Novruzov ölkə prezidentinin keçirdiyi son müşavirədə bəzi dövlət orqanlarının fəaliyyətsizliyini və öz vəzifələrinin öhdəsindən layiqincə gələ bilməməsini, xüsusilə də ölkədə sahibklarların sərbəst fəaliyyətinə süni maneələr yaradılmasını tənqid etdiyini xatırladıb: “Azərbaycan Respublikası Prezidentinin ölkədə sahibkarlığın inkişafına mane olan müdaxilələrin qarşısının alınması barədə 28 sentyabr 2002-ci il tarixli fərmanı ilə gömrük orqanları qarşısında mühüm vəzifələr qoyulub. Həmin fərmandan sonra sahibkarlığın inkişafı ilə bağlı görülən işlərin xeyli artmasına baxmayaraq, bu sahədə mövcud olan bəzi problemlər gömrük orqanları tərəfindən mərhələli şəkildə aradan qaldırılıb. Sahibkarların fəaliyyətinə mane olan əngəllərin aradan qaldırılması üçün gömrük orqanları ilə ölkəmizdə fəaliyyət göstərən yerli və xarici sahibkarların əlaqələri genişləndirilib, onların fəaliyyətinə yerli-yersiz və əsassız yoxlamalar aparılmasının qarşısı alınıb, qaçaqmalçılıq və gömrük qaydalarının pozulması ilə məşğul olan şəxslərə qarşı aparılan mübarizə sərtləşdirilib, ədalətli rəqabətin daha da gücləndirilməsi imkanları yaradılıb. Ümumiyyətlə, Azərbaycanda iş adamlarının haqlı narazılığına səbəb olan bir çox maneələr aradan qaldırılıb. Baş verən bu dəyişikliklər son nəticədə gömrük orqanları qarşısında qoyulan əsas vəzifələrdən ən vacibi hesab edilən gömrük vergi və rüsumlarının yığımına da müsbət təsir edib. Həmçinin, bu, dövlət büdcəsinin mədaxil hissəsinin formalaşmasına da birbaşa müsbət təsir göstərib”.
V.Novruzov əlavə edib ki, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 26 fevral 2011-ci il tarixli 45 saylı “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi, gömrük işi sahəsində prosedurların sadələşdirilməsi və şəffaflığın artırılması ilə əlaqədar bəzi tədbirlər haqqında” fərman imzalanıb: “Fərmanın icrası ilə bağlı Bakı Baş Gömrük İdarəsində qanunvericiliklə müəyyən edilmiş bütün gömrük ödənişlərinin yalnız bank və ya plastik kart vasitəsilə ödənilməsini təmin etmək üçün müxtəlif banklara aid 14 poçt-terminal quraşdırılıb. Həmin vaxtdan etibarən, nağd qaydada ödənişlərə birdəfəlik son qoyulub və bu sahədə şəffaflıq təmin edilib. Bundan əlavə, Bakı şəhər Baş Gömrük İdarəsində gömrük xidmətlərinin şəffaflığını və operativliyini artırmaq məqsədilə elektron idarəetmə sistemi yaradılıb. Bununla da sahibkarla idarə rəisi arasında birbaşa rabitə xətti quraşdırılıb”.
V.Novruzov daha sonra bildirib: “Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 24 iyun tarixli 609 saylı fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi qaydaları”na və bu qaydalara əlavə edilmiş dəyişikliklərə ölkə prezidenti və hökumətin digər normativ və hüquqi sənədlərinə istinad edərək nəzərinizə çatdırıram ki, mülkiyyət hüququndan və tabeçiliyindən asılı olmayaraq bütün hüquqi və fiziki şəxslər heç bir maneə olmadan vergi və rüsumları ödəməkdən azad olmaqla, yalnız gömrük rəsmiləşdirilməsi haqqı ödəməklə daxildə istehsal olunan mal və məhsulları sərbəst şəkildə xarici ölkələrə ixrac edə bilərlər. Bu növ ixrac əməliyyatlarının sayının və çeşidinin çoxalması cənab prezident İlham Əliyevin önəmli hesab etdiyi məsələlərdən biridir. Bu, ölkənin ixrac potensialının inkişafını sürətləndirir, Azərbaycana xarici valyuta axınını çoxaldır və bunlar da öz növbəsində ümumdaxili məhsulun artmasına səbəb olur”.
Daha sonra o, tədbirdə iştirak edən sahibkarlara müraciət edərək, şəffaflığın təmin olunması üçün daha sıx əməkdaşlıq şəraitində çalışmağa çağırıb.
Sonra tədbir KİV üçün qapalı şəraitdə keçirilib. Qapalı keçirilən görüşdə bir sıra sahibkarların təklifləri dinlənilib, müzakirələr aparılıb.