Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyev DSX aparatında Beynəlxalq Miqrasiya Təşkilatının baş direktoru Uilyam Svinqlə görüşüb.
DSX-nın mətbuat mərkəzindən Teleqraf.com-a verilən məlumata görə, E.Quliyev Azərbaycan sərhəd mühafizəsi sisteminin təşkili, DSX-nın təyinatı və tapşırıqları, əməliyyat şəraiti və mövcud təhdidlər barədə məlumat verib.
Azərbaycanın sərhəd mühafizəsinin gücləndirilməsi, dövlət sərhədindən buraxılış məntəqələrinin texniki imkanlarının yaxşılaşdırılması, Dövlət Sərhəd Xidmətinin təlim-tədris imkanlarının təkmilləşdirilməsində Beynəlxalq Miqrasiya Təşkilatı ilə birgə əməkdaşlıqda həyata keçirilən fəaliyyətlərin əhəmiyyəti xüsusi qeyd edilib.
Görüşdə dünyada və regionda baş verən hadisələrin miqrasiya proseslərinə və sərhəd təhlükəsizliyinə təsiri, yeni çağırışlar və cavab tədbirləri ilə bağlı fikir mübadiləsi aparılıb.
BMqT-nin baş direktoru Azərbaycanın təhlükəsizlik sistemində DSX-nın önəmli yeri və rolu, ölkə sərhədlərinin etibarlı mühafizəsi üzrə həyata keçirilən tədbirləri, o cümlədən cari ilin iyun ayında Bakıda keçirilmiş I Avropa Oyunları zamanı DSX-nın fəaliyyətini yüksək qiymətləndirib, miqrasiya məsələləri üzrə cavabdeh qurumlarla birgə fəaliyyətinin əhəmiyyətini vurğulayıb.
Tərəflər DSX ilə BMqT arasında əlaqələrin vəziyyətini yüksək qiymətləndirib və birgə əməkdaşlığın bundan sonra da uğurla davam etdiriləcəyinə əminlik ifadə edilib.
BƏXTİYAR