23 Sentyabr 2015 15:56
992
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sentyabrın 23-də Dövlət Bayrağı Meydanında Fövqəladə Hallar Nazirliyi (FHN) Akademiyasının ilkin hərbi hazırlığı başa vurmuş birinci kurs kursantlarının andiçmə mərasimi keçirilib.

Nazirlikdən verilən məlumata görə, mərasimdən əvvəl Akademiyanın rəhbərliyi, müəllim və kursant heyəti Fəxri Xiyabanda ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət ediblər.

FHN Akademiyasının rəisi general-mayor Pənah Süleymanov mərasimi açıq elan etdikdən sonra Azərbaycan Respublikasının Dövlət himni səslənmiş, Dövlət bayrağı meydana gətirilib. Sonra kursantlar təntənəli şəkildə Vətənə sədaqət andı içiblər.

Mərasimdə iştirak edən fövqəladə hallar nazirinin müavinləri tibb xidməti general-leytenantı Faiq Tağı-zadə və general-leytenant Etibar Mirzəyev kursantları təbrik edib və onlara təhsillərində uğurlar arzulayıblar. Qeyd olunub ki, hərbi and içərək Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin sıralarına daxil olan kursantlar Azərbaycan Prezidenti, İlham Əliyevin əmrinə hər an hazır olmalıdırlar. FHN-in gələcək əməkdaşları olacaq Akademiya kursantları dərk etməlidirlər ki, onlara insanların təhlükəsizliyini təmin etmək kimi müqəddəs və şərəfli bir missiya həvalə olunacaq və bu böyük vəzifənin öhdəsindən layiqincə gəlmələri üçün Akademiyada təhsil aldıqları müddətdə nəzəri və praktiki biliklərə mükəmməl yiyələnməli, daim savadlarını artırmalıdırlar.

Kursantları andiçmə mərasimi münasibətilə təbrik edən Akademiyanın rəisi general-mayor Pənah Süleymanov Dövlət bayrağının önündə and içmiş kursantların vətənə və xalqa sədaqətlə xidmət edəcəyinə əmin olduğunu bildirib. O, qeyd edib ki, İlham Əliyev tərəfindən yürüdülən uğurlu gənclər siyasəti nəticəsində hərtərəfli bilik və bacarığa malik böyük gənclər ordusu yetişib. Prezidentin həyata keçirdiyi islahatlar sırasında təhsilin inkişafına da xüsusi diqqət yetirilir, əsaslı tədbirlər həyata keçirilir. Məhz gəncliyə və təhsilə göstərilən bu böyük diqqət və qayğının nəticəsidir ki, bu gün FHN Akademiyası kursantlar qəbul edərək ölkə üçün layiqli kadrlar yetişdirir.

Valideynlər adından çıxış edən Elşən Hüseynbəyli kursantları təbrik etmiş, onlara uğurlar arzulayıb.
Mərasim kursantların təntənəli marş keçidi ilə yekunlaşıb.

İLHAMƏ


Müəllif:

Oxşar xəbərlər