Fəxrəddin Veysəlov: “Əcnəbi abreviaturaya keçid dilimizə hörmətsizlikdir”
Bir necə sözdən ibarət təşkilat, müəssisə adlarının qısaldılmış formada yazılış qaydaları orta məktəbdən bizə məlumdur. Ancaq həmin adların abreviaturasının başqa dildə təqdim edilməsi heç hansı kitabda yoxdur. Azərbaycanda belə təşəbbüslə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti çıxış edərək adını qısa formada ARDNŞ yox, SOCAR yazılması tələbəni irəli sürdü.
Bu yaxınlarda isə Azərbaycan Dövlət İqtisad Universiteti analoji addım atdı. Adının abreviaturası yaxın günlərədək ADİU kimi yazılan təhsil müəssisəsi artıq UNEC (University of Economy) kimi təqdim olunur.
“UNEC-ə keçidin əsas məqsədi brend ada sahib olmaqdır”
Universitetin ictimaiyyətlə əlaqələr şöbəsinin mütəxəssisi Ramil Cabbarovun qəzetimizə verdiyi məlumata görə, UNEC abreviaturasına keçidin əsas məqsədi beynəlxalq səviyyəli, hər kəs tərəfindən və hər dildə anlaşıla bilən brend ada sahib olmaqdır: “Bununla xarici mənbələrdə UNEC adı axtarış verildiyi zaman Azərbaycan Dövlət İqtisad Universiteti aşkarlanmış olur ki, bu da beynəlxalq brendin qaydalarına tam uyğundur. UNEC sözü University of Economics sözlərindən alınıb, mənası İqtisad Universiteti deməkdir. Keçmiş ASUE, ASEU abreviaturalarının erməni universitetinin adı ilə eyniləşdiyi üçün UNEC-ə keçid həm dünyada unikallığı, həm də dilə yatımlılığı ilə fərqlənir”.
Qeyd edək ki, bu tədris ilindən İqtisad Universiteti ilə dünyanın qabaqcıl ali məktəblərindən hesab edilən London İqtisadiyyat Məktəbi arasında razılaşma memorandumu imzalanıb. Memoranduma görə, ADİU-da təhsil alan tələbələr London İqtisadiyyat Məktəbinin diplomuna da sahib ola bilərlər.
Beynəlxalq abreviaturalı adlar artır
Azərbaycanda əcnəbi adlar altında fəaliyyət göstərən müəssisələr çoxdur. Məsələn, illik ödəniş haqqı 40 min dollar olan “İnternational School of Azerbaijan” TİSA adı ilə tanınır. Bakı şəhərində küçə və meydanlarda 12 əcnəbi adda ticarət və xidmət obyektləri, dövlət və qeyri-dövlət təşkilatları, şadlıq evləri, dükanlar, firmalar, tədris kursları, təhsil müəssisələri fəaliyyət göstərir.
Bu sıraya beynəlxalq abreviatura adı altında müəssisələrin də qoşulması və bu sayın tədricən artması cəmiyyətdə, xüsusən elmi ictimaiyyət arasında narahatlıq yaradır.
“Amerika kəşf etməyimizə ehtiyac yoxdur”
“Qloballaşma şəraitində Azərbaycan dilindən zamanın tələbinə uyğun istifadə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nda nəzərdə tutulan vəzifələrin həyata keçirilməsi və proqramın qəbul edilməsinin iki illiyinə həsr olunan dəyirmi masada Mətbuat Şurasının Monitorinq qrupunun rəhbəri İlham Abbasov bu məsələyə də toxundu.
Monitorinqin nəticələrinə istinad edərək o, bəzi təşkilatların – məsələn, Azərbaycan Hava Yollarının-AZAL, Azərbaycan Dövlət Neft Şirkətinin-SOCAR, Trans-Anadolu Qaz Boru Kəməri layihəsinin - TANAP və sair bu kimi əcnəbi adlar altında təqdim edilməsini kobud dil pozuntusu adlandırdı.
Qəzetimizə açıqlamasında İlham Abbasov bildirdi ki, kobud dil pozuntusuna yol verən bu cür müəssisələrin subyektiv izahı əsas vermir ki, Azərbaycan Konstitusiyası və “Dövlət dili haqqında” qanunun tələbləri pozulsun: “Bizim Amerika kəşf etməyimizə ehtiyac yoxdur. Konstitusiyamızda da, dövlət dilimiz haqqında qanun və qaydalarda, dil haqqında qəbul edilən dövlət proqramlarında bu məsələlər əks olunub. Bu cür hallar birincisi çox kobud dil pozuntulardır, ikinci özbaşınalıqlardır. Dil praktikamızda qısaltmalara ənənəvi şəkildə iki cür yanaşma var. Elələri var, beynəlxalq qısaltmadır, əsli ingilscədir, məsələn, NATO, YUNESKO... Digəri də beynəlxalq təşkilatlardır ki, öz dilimizə tərcümə edilərək qısaltmasını yaratmışıq: BMT, MDB və sair. Bəla burasındadır ki, bizim öz dilimizdə olan sözlərin qısaltması ingiliscə verilir. Mənim mövqeyim belədir ki, bu, konstitusiyamıza, Prezidentin sərəncamı ilə yaradılan “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”na qarşı sabotajdır”.
Dil qanununun 19-cu bəndi
İlham Abbasov dövlət dilinə bu cür yanaşmanı milli kimliyə sayğısızlıq hesab edir: “Azərbaycan Hava Yollarını biz niyə ingiliscə qısaltma ilə AZAL deməliyik? Yaxud Azərbaycan Dövlət Neft Şirkətinin qısaltması ARDNŞ olduğu halda niyə SOCAR yazılmalıdır? Bu, neft şirkətidir, beynəlxalq bazara çıxanda loqotipi SOCAR yazılır, belə yazılmalıdır, çünki bu onun ticarət markasıdır. Amma açıq mətnlə SOCAR yazıb Azərbaycan cəmiyyətinə bu şəkildə təqdim etmək yolverilməzdir.
Amerikanın “Koka-kola” içkisi brend olaraq tanınıb, bütün dünya “Coca-cola” adı ilə qəbul edilib. Amma dil qanun və qaydalarımıza uyğun olaraq biz bu sözü “Koka-kola“ yazmalıyıq. Dilin qanunları siyasət və qeyri-ideologiyalardan, bütün inzibati və siyasi qanunlardan yüksəkdə dayanır. Çünki dil obyektiv hadisə olaraq xalqın milli varlığını ifadə edir. Bunu Azərbaycan Respublikasının Konstitusiyası da, “Dövlət dili haqqında” qanun da, dillə bağlı hazırda icra edilən dövlət proqramı da təsbit edir.
Dünyanın bütün xalqları öz dillərini qorumaq üçün addımlar atır. Hətta Avropanın elə ölkələri var ki, əhali sayı bizdən dəfələrlə azdır, amma öz dillərini qorumağa çalışırlar. Belə bir şəraitdə biz niyə öz dilimizə sayğısız yanaşmaliyıq?
“Dil haqqında” qanunun 19-cu bəndində göstərilir ki, bu qanunun pozulmasına görə hüquqi, fiziki və vəzifəli şəxslər qanunvericilikdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Çox təəssüf ki, 2002-ci ildən qüvvədə olan qanunun bu bəndi indiyədək icra olunmayıb”.
Bu hallar dilimizi kirlədir
Dilçilik İnstitutunu Monitorinq şöbəsinin müdiri Qulu Məhərrəmli bildirdi ki, bu cür halların çoxalması Azərbaycan türkcəsini kirlətdiyi üçün qarşısı alınmalıdır: “Doğrudur, firma adları ilə bağlı “Dil haqqında” qanunda xüsusi qeyd yoxdur. Bu da bir çox hallarda sui-istifadəyə yol açır. Elə brendlər var ki, onlar tərcümə olunmur, beynəlxalq miqyasda tanınıb. SOCAR da bu sıraya daxildir. İqtisad Universiteti də bir təhsil müəssisəsi olaraq ola bilsin ki, gələcəkdə beynəlxalq aləmdə tanınsın. İmkan daxilində çalışmalıyıq ki, Azərbaycan dilinin qaydaları qorunsun. Tanınmayan firmalar var ki, bu nümunədən istifadə edib özünə əndirabadi adlar seçir və bu da dilimizi kirlədir”.
Dilşünas alim Fəxrəddin Veysəlov da beynəlxalq aləmə çıxış üçün əcnəbi adın qəbulunu yolverilməz sayır: “Bizim operalarımız, uvertüralarımız, xalq mahnılarımız var ki, dünyaya öz adı ilə çıxıb. Bunlar əcnəbi adla tanınıbmı? Biz özümü zorla beynəlxalq aləmə sırımamalıyıq. Mən qondarma adı qəbul etməyi öz dilinə etinasızlıq kimi qiymətləndirirəm”.
Sevil HİLALQIZI