Gəncə şəhərindəki Heydər Əliyev Mərkəzində Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Tarix İnstitutu və Türkiyə Cümhuriyyəti Atatürk Araşdırma Mərkəzinin (ATAM) birgə təşkil etdiyi dünya tarixçilərinin VIII Beynəlxalq Atatürk konfransı oktyabrın 13-də işinə başlayıb.
Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudov konfransı açıq elan etdikdən sonra Azərbaycan və Türkiyə Respublikalarının dövlət himnləri səslənib, hər iki dövlət başçısının təbrik məktubları oxunub. Ankara terror hadisəsi qurbanları bir dəqiqəlik sükütla yad edilib. Atatürk Araşdırma Mərkəzinin başqanı Mehmet Ali Beyhan da öz çıxışında terrorçuları və terroru lənətlədi. Tədbirdə Azərbaycan Prezidentinə VIII Beynəlxalq Atatürk Konqresinin iştirakçılarının müraciəti qəbul olundu.
Müraciətdə bildirilir ki, AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun və Türkiyə Cümhuriyyəti Atatürk Araşdırma Mərkəzinin birgə təşkilatçılığı ilə 13-15 oktyabr 2015-ci ildə Gəncə şəhərində reallaşan VIII Beynəlxalq Atatürk Konqresinin təşkilinə və keçirilməsinə, eləcə də bir sıra nüfuzlu elmi simpoziumların və konfransların, o cümlədən “Azərbaycan və Şərqi Anadoluda türk-müsəlman əhaliyə qarşı soyqırımları (1914-1920-ci illər)" mövzusuna həsr olunmuş II beynəlxalq elmi konfransa görə Prezidentin göstərdiyi qayğı təqdir olunub. 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasında Gəncənin əvəzsiz rolu xatırlanıb. Bakının bolşevilkərin, daşnakların və Azərbaycan istiqlalının digər düşmənlərinin hakimiyyətindən 1918-ci ilin sentyabrında azad edilməsi ilə nəticələnən Azərbaycan-türk qoşunlarının zəfər yürüşü məhz Azərbaycan-Türkiyə qardaşlığının qəhrəmanlıq simvollarından biri olan Gəncədən başlandığı qeyd edilib.
Bildirilib ki, Gəncədə keçirilmiş VIII Beynəlxalq Atatürk Konqresi Azərbaycan, Türkiyə, Rusiya (o cümlədən Moskva və Şimali Qafqazın bir sıra respublikaları), Hindistan, Gürcüstan, Ukrayna, Bolqarıstan, Serbiya və başqa ölkələrin alimlərinə bölgəmizin tarixində baş vermiş faciəli hadisələrə bir daha nəzər yetirməyə imkan verib.
SEVİL