“İmam Hüseyni bu gün qəhrəmanlıq səhifəsi kimi təqdim edirlər. Doğrudurmu? Xeyr. İmam Hüseynin özünün nə qədər səhvi olub. Zübeyrin oğlu Abdullah da Yezidə biət etmirdi. Getdi Məkkədə hakim oldu. Yezidin onun üstünə göndərdiyi dəstəyə qalib gəldi. Ömərin oğlu da biət etmədi. İmam Hüseynin özündə çox səhv olub”.
Bu sözləri Azərbaycanın Belarusdakı sabiq səfiri, keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Əli Nağıyev “Modern.az” saytına açıqlamasında deyib. O, islam tarixinin bəzi məqamlarına öz yanaşmasını dilə gətirib: “Birincisi İmam Hüseyn vəziyyəti düz hesablamırdı. İkincisi isə onun iddiaları var idi. İmam Hüseyn qardaşı Həsəndən bir yaş kiçik idi. Altı ay Həsən xəlifəlik etdi. Özü də 15 minə qədər qoşunu var idi. İmam Hüseyn əgər qəhrəman idisə, qoşunların yığıb qardaşı ilə birlikdə Müaviyəyə qarşı döyüşüb qalib gələrdi.
Yoxsa ki, o dərəcədə biabırçı, alçaldılmış şəkildə xilafəti Müaviyəyə təhvil verməzdilər. İmam Hüseynin ambisiyalı olmasını sübut edən çoxlu faktlar var.
O, Müslümü Kufəyə göndərdi ki, oradakı vəziyyəti öyrənib xəbər versin. Cavab gözləmədən Kufəyə yola düşdü. Halbuki, artıq Kufənin valisi Ubeydulla Müslümün də, onunla birlikdə bir çox tərəfdarlarının da boynunu vurmuşdu.
Və nəhayət yolda olarkən Yezid onun qabağına üç şərt göndərdi: Ya Məkkəyə qayıtsın, ya Dəməşqə Yezidin yanına gəlib biət eləsin, ya da xilafətin düşmənləri ilə döyüşə getsin. Yeri gəlmişkən, Mullerin yazdığına görə, imam Hüseyn bu şərtlərdən birini seçməyə qərar vermişdi. Ancaq lənətlənmiş Şümür aləmi qarışdırdı.
Bu günkü təbliğatçılar, özü də kim, müştehidimiz deyir ki, Yeziddən sonra Mərvan xəlifə oldu. Ay qardaşım, belə deyil axı! Sən şiəlik təbliğatına gedib arada qalan 3 ayı niyə gizlədirsən?
Yezidin iki oğlu var idi. Müaviyə və Xalid. Yezid öləndən sonra oğlu Müaviyə onun yerinə xəlifə elan edildi. Və 3 ay xəlifə oldu. Bir dəfə də olsun xəlifəlik etmədi. Cəmi bir dəfə çıxdı minbərə, dedi ki, onun atası da, babası da səhv edib və onlar Allahın göstərdiyi yolla getməyiblər, “Quran”ın dediklərinə əməl etməyiblər, “Əhli-Beyt”i qırıblar. O, bir növ olanlara görə üzr istəyir. Düşdü minbərdən getdi, həmin gecə onu öldürdülər. Sən içindən imanlısansa, imam Hüseynə “şaxsey-vaxsey” gedəndə, Müaviyə İbn Yezidə də bir salavat çevirmək lazımdır ya yox?! Ancaq mənim baş müştehidim isə arada qalan 3 ayı gizlədir. Belə təbliğat, tarixi saxtalaşdırmaq - bu, imandan deyil axı!”