15 Dekabr 2015 19:32
674
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu günlərdə Daşkəndin “Yangi asr avlodi” nəşriyyatında tanınmış özbək yazıçı-publisisti Şöhrət Salamovun “Türküstan və Cənubi Qafqaz XIX-XX əsrlərdə. Daşnaklar: Fərqanədən Qarabağadək” adlı növbəti kitabı rus dilində çapdan çıxıb. Kitab Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) və Azərbaycanın Özbəkistandakı səfirliyinin dəstəyi ilə işıq üzü görüb.

SAM-dan verilən məlumatda bildirilir ki, müasir dövrdə bəşəriyyətə, qlobal sülh və təhlükəsizliyə, xalqların əməkdaşlığına qarşı yönəldilən ən böyük təhdid beynəlxalq terrorizm və onun müxtəlif təzahürlərinə münasibətdə ikili standartların, geosiyasi maraqların hələ də mövcud olmasıdır. Bu baxımdan, Ş.Salamovun bu kitabı həmin aktual mövzuya toxunmaqla beynəlxalq terrorizmin tərkib hissəsi olan erməni terrorizminin genezisinə, onun XIX-XX əsrlərdə türk mənşəli xalqlara, müsəlmanlara qarşı həyata keçirdiyi kütləvi cinayətlərin siyasi, etnik və dini mahiyyətinin açıqlanmasına həsr edilib. Arxiv sənədlərinə əsasən, 1918-1920-ci illərdə Mərkəzi Asiyadakı türk xalqlarının milli dövlətçiliklərini bərpası uğrunda apardıqları azadlıq mübarizələrinin qarşısını almaq məqsədilə Qafqazdan xüsusi olaraq göndərilən cəza dəstələrinin – bolşevik-daşnak hərbi birləşmələrinin burada törətdikləri soyqırım aktları nəticəsində təkcə Fərqanə vadisində on minlərlə özbək xüsusi amansızlıqla qətlə yetirilib, işgəncələrə məruz qalıb, kənd və şəhərlər, dini tikililər, tarixi binalar dağıdılıb. Bundan başqa, 1989-cu ildə baş vermiş Fərqanə hadisələrinin istintaq araşdırmaları zamanı Ahıska türklərinə qarşı kütləvi terror və etnik təmizləmə siyasətinin həyata keçirilməsində, burada milli zəmində ədavətin salınmasında Ermənistanın və Özbəkistanda fəaliyyət göstərən erməni millətçi təşkilatlarının da izi müəyyən edilib.
Şöhrət Salamov “Türküstan və Cənubi Qafqaz XIX-XX əsrlərdə. Daşnaklar: Fərqanədən Qarabağadək” kitabında ilk dəfə olaraq, dinc əhaliyə qarşı yönəldilmiş həmin kütləvi qırğın aktlarının eyni siyasi-ideoloji mənbədən, etnik türklərə qarşı patolojinifrətdən qaynaqlandığını sübuta yetirməklə yanaşı, onların lokal xarakter daşımadığını XX əsrin əvvəllərində Anadoluda və tarixi Azərbaycan ərazilərində törətdiyi qanlı cinayətlərin məntiqi davamı kimi dəyərləndirmiş, ötən əsrin 80-ci illərinin sonlarında Ermənistanın Azərbaycana qarşı və azərbaycanlılara qarşı yürütdüyü işğalçılıq, etnik təmizləmə və vandalizm siyasəti arasında ssenari eyniliyinin və paralellərin olduğunu göstərib. Bu məqsədlə erməni terrorizmi ilə bağlı Özbəkistanda başladığı tədqiqatları Bakıda – Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində uğurla davam etdirib, yerli alim və mütəxəssislərlə görüşüb, arxiv materiallarını öyrənib. Şöhrət Salamovun bu kitabının əsas missiyası özbək oxucularını Azərbaycan həqiqətləri, azərbaycanlıları isə ötən əsrin əvvəllərində qardaş Özbəkistanda baş vermiş olaylarla tanış etməkdir.
“Türküstan və Cənubi Qafqaz XIX-XX əsrlərdə. Daşnaklar: Fərqanədən Qarabağadək” kitabının müxtəlif dillərə tərcümə olunması və yayılması da nəzərdə tutulub.

Səxavət


Müəllif: