29 Dekabr 2015 11:15
596
12 Punto 14 Punto 16 Punto 18 Punto

2015-ci ilin 25 dekabrında MegaFun əyləncə mərkəzində Azərbaycan Dövlət Uşaq Filarmoniyasının nəzdində fəaliyyət göstərən "Bacarıqlı əllər" adlı rəsm kollektivinin Yeni İlə həsr olunmuş "Rəngbərəng" adlı sərgisi keçirilib.

Sərgidə Uşaq Filarmoniyasının rəssamları Gilan Əzizxanlı və Leyla Dadaşovanın yetirmələri olan İbrahimova Ofeliya, Məmmədova Gülər, Cəfərova Elmira, Qədimova Jalə, Almasova Şəlalə, Həbilova Zeynəb, Səlimova Sahibə, Əliyeva Cahan, Seyidova Məmləkət, Əkbərov Həsən, Bağırova Fatimə və Əminənin daxil olduğu 12 bacarıqlı əl iştirak edib. Çeşidli mövzulara müraciət edən uşaqların müxtəlif janrlarda akvarel, akril, rəngli karandaş və qarışıq texnika ilə çəkdikləri 70 rəsm əsəri sərgiyə gələn tamaşaçılar tərəfindən heyranlıqla qarşılanıb.

Uşaq Filarmoniyasının direktoru, əməkdar incəsənət xadimi Dilara Əliyeva nümayiş olunan rəsmlərin uşaqların yaradıcılıq dünyasını əks etdirdiyini bildirərək deyib ki, estetik dünyagörüşünün formalaşmasında, istedadın daha tez üzə çıxmasında təsviri sənətin xüsusi rolu var və belə sərgilərin keçirilməsi uşaqlara mənəvi stimul verir.

Filarmoniyadakı Musiqili Uşaq Teatrının bədii rəhbəri Elşad Rəhimzadə, tanınmış rəssam İlqar Əkbərov sərgidə yer almış rəsmlər barədə öz fikirlərini söyləyib.

Sərginin sonunda balaca rəssamlara sertifikatlar təqdim edilib.


Müəllif:

Oxşar xəbərlər