29 Dekabr 2015 19:35
1 181
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sərnişinlər yeni ildən avtobusda pulsuz internetdən istifadə edə biləcək

“BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) avtobuslarının hərəkət cədvəli, istiqaməti, vaxtı, biletlər və qiymətlər, şirkət haqqında digər məlumatları bu gündən fəaliyyətə başlayan bakubus.az saytından öyrənmək mümkün olacaq.

Teleqraf.com-un məlumatına görə, bununla əlaqədar bu gün bakubus.az saytının təqdimat mərasimi keçirilib. Saytın özəlliyi isə ön fonun “Google” xəritəsi üzərində qurulmasıdır.

Təqdimat mərasimində çıxış edən şirkətin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova bildirib ki, ən kiçik smartfonlarla da internetə girib asanlıqla saytdan avtobuslar və dayanacaqlar haqqında məlumatları öyrənmək mümkün olacaq: “Bizə ən çox verilən sual avtobusların pik saatlarda ləngiməsilə bağlı olur. Bizdə avtobuslar arasında 3-5 dəqiqəlik interval qoyulsa da, bəzən bizdən asılı olmayan səbəblərdən gecikmələr olur. Belə olan halda vətəndaşlar olduqları yeri seçib, həmin ərazidən keçən marşrutun nömrəsini tapmaqla onun nə zaman gələcəyini öyrənə bilərlər. Həmin nömrənin üzərinə vurduqda, sürücünün ad-soyadı, avtobusun dövlət nömrə nişanı və dayanacaq saytda görünür”.

Nuridə Allahyarova bildirib ki, “BakuBus”un saytının fəaliyyətə başlaması ilə qaynar xəttə gələn şikayət və zənglərin də sayı azalacaq.

Hər 10 saniyədən bir yenilənməklə saytın sərnişinlərə keyfiyyətli xidmət göstərəcəyini deyən şirkət sözçüsü qeyd edib ki, burada həmçinin, “Haqqımızda” bölməsində şirkət haqqında məlumat, yeniliklər və xəbərlər, vakansiyalarla bağlı informasiyalar da almaq mümkün olacaq: “Bizim avtobus xətlərində dəyişiklik çox sürətlə getdiyindən bəzən Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzində bunları izləmək mümkün olmur. Amma bunu bizim yeni saytımızda daha operativ və anında görə bilərsiniz”.

Bakı şəhərində 302 avtobusun fəaliyyət göstərdiyini deyən Nuridə Allahyarova bildirib ki, hədəfdə 18 metr uzunluğunda olan avtobusların da istifadəsi var.

“BakuBus” MMC-nin İnformasiya Texnologiyaları Şöbəsinin müdiri Fərid Əsədlinin sözlərinə görə, saytın mobil versiyası da fəaliyyətə başlayıb. Onun sözlərinə görə, gələcəkdə sayta metro xətlərinin qrafiki də əlavə olunacaq: “BakuBus” indiyədək avtobuslarının təmizliyi, səliqəsi, rahatlığı, istilik-soyutma sistemi, sürücü mədəniyyəti ilə xidmət edirdi. Biz indi istifadəyə verdiyimiz “BakuBus” saytı ilə də eyni xidmət səviyyəsini saxlamağa çalışdıq. İnanırıq ki, gözlədiyimiz nəticəni əldə edə biləcəyik”.

Tədbirdə bildirilib ki, şirkətin avtobusları Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar dekabrın 31-dən yanvarın 1-nə keçən gecə saat 02:00-a qədər işləyəcək. Sərnişin sıxlığının həddən artıq olacağı təqdirdə MMC-nin sürücüləri hətta gecə saat 3-ə qədər işləyəcəklər.

Nuridə Allahyarova növbəti ildən “BakuBus” şirkətinin avtobuslarının 6 yeni marşrut üzrə hərəkət edəcəyini açqılayıb. Onun sözlərinə görə, şirkətin planına bütün paytaxtı“BakuBus”a məxsus avtobuslarla təmin etmək daxildir: “Əvvəlcə 14 marşrutu işə salmağı planlaşdırırıq. Onlardan səkkizi artıq şəhərdə işləyir və əsasən mərkəzi əhatə edir. Gələn il qalan 6 marşrutu işə salmağı planlaşdırırıq”.

“BakuBus”un 2016-cı il üçün daha bir yeniliyi avtobuslarda pulsuz WI-FI xidmətinin istifadəyə verilməsidir.

Naibə QURBANOVA


Müəllif:

Oxşar xəbərlər