1 Fevral 2016 15:49
667
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) “Elektron Hökumət” portalı üzərindən təqdim etdiyi “Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi” e-xidmətindən istifadə etmək imkanları genişləndirilib.

ƏƏSMN-nin ictimaiyyətlə əlaqələr şöbəsindən Teleqraf.com-a verilən məlumata görə, nazirlik istiqamətdə növbəti tədbir kimi, əlillik müayinəsinin nəticəsi barədə məlumatın sadəcə telefon vasitəsilə daha sadə və asan şəkildə əldə oluna bilməsinə də imkan yaradıb. Artıq vətəndaşlar onların əlilliyinin və ya sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması ilə bağlı Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən keçirilmiş müayinənin nəticəsi barədə nazirliyin 142-“Çağrı mərkəzi” vasitəsilə də məlumat əldə edə bilərlər. Bunun üçün texniki prosedur vətəndaşların asan və rahat istifadə edə bilmələri üçün sadə şəkildə qurulub. Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən əlilliyinin və ya sağlamlıq imkanları məhdudluğunun müayinəsi aparılmış istənilən vətəndaş “Çağrı mərkəzi”nə zəng edərək 0 düyməsini yığmalıdır. Bundan sonra şəxs özünün şəxsiyyət vəsiqəsinin nömrəsini və doğum tarixini daxil edir.

Daxil edilən rəqəmlər səsləndirilərək düzgünlüyü təsdiqləndikdən sonra əlilliyin və ya sağlamlıq imkanları məhdudluğun müəyyən olunması ilə bağlı aparılmış müayinənin nəticəsi (hansı tarixdə və neçənci dərəcə əlillik qrupunun təyin olunması, əlilliyin nə qədər müddətə müəyyən edilməsi) barədə məlumat vətəndaşın diqqətinə çatdırılır. Əgər şəxsə əlilllik təyin olunmayıbsa, informasiya sistemində onunla bağlı məlumat olmadığı bildirilir.

“Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi” e-xidməti aparılmış əlillik müayinəsinin nəticəsi barədə məlumat əldə etməyə, habelə hər hansı quruma təqdim etmək üçün əlilliyə dair elektron arayışlar formalaşdırmağa yönəlib. Həmin e-xidmətdən vətəndaşların heç bir autenfikasiya vasitəsinə ehtiyac olmadan da istifadə proseduru sadələşdirilərək, elektron yolla da müvafiq məlumatın əldə olunmasına şərait yaradılıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əhaliyə xidmət sisteminin təkmilləşdirilməsi yönündə tədbirlər bundan sonra da davam etdiriləcək.

Naibə QURBANOVA


Müəllif: