13 Fevral 2016 18:43
2 275
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təhsil Nazirliyi fevralın 12-də bir neçə kollecin birləşdirilməsi və bəzilərinin ali məktəblərin nəzdinə verilməsilə bağlı mətbuat konfransı keçirdi.

Tədbirdə nazirliyin sektor müdiri Cəsarət Valehov, elm, ali və orta ixtisas təhsili şöbəsinin müdir müavini Natiq İbrahimov orta ixtisas təhsili müəssisələri şəbəkəsinin optimallaşdırılması istiqamətində son yeniliklər haqqında məlumat verdilər.

17 kollecdə birləşmə

Qeyd edək ki, Təhsil Nazirliyinin saytında orta ixtisas təhsili müəssisələrinin sayı 58 göstərilib.
Mətbuat konfransında bildirildi ki, orta ixtisas təhsili pilləsində tədrisin səmərə və keyfiyyətinin yüksəldilməsi zərurəti nəzərə alınaraq, Nazirlər Kabinetinin 2016-cı il 3 fevral tarixli qərarına əsasən, eyni və ya oxşar ixtisaslar üzrə kadr hazırlığı həyata keçirən, eyni coğrafi ərazidə yerləşən orta ixtisas təhsili müəssisələri şəbəkəsi optimallaşdırılıb. Qərara görə, 14 kollec müvafiq qayda üzrə biri digərinə birləşdirilib, 3 kollec profil üzrə müvafiq ali təhsil müəssisələrinin tabeliyinə verilib.

“Orta ixtisas təhsili müəssisələrinin şəbəkəsinin optimallaşdırılması və Nazirlər Kabinetinin 2011-ci il 15 iyul tarixli 118 nömrəli qərarı ilə təsdiq edilmiş ”Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nda dəyişikliklər edilməsi haqqında Nazirlər Kabinetinin qərarında göstərilir ki, Bakı Sosial Pedaqoji Kolleci Bakı Humanitar Kollecinə, Bakı Kompüter Kolleci Bakı İdarəetmə və Texnologiya Kollecinə, Şuşa Musiqi Kolleci Şuşa Humanitar Kollecinə qoşulub.

Gəncə Texniki Kolleci və Gəncə Humanitar Kolleci birləşdirilərək Gəncə Dövlət Regional Kolleci, Şəki Pedaqoji Kolleci və Şəki Musiqi Kolleci birləşdirilərək Şəki Dövlət Regional Kolleci, Şamaxı Humanitar Kolleci və Şamaxı Dövlət Sənaye-İqtisad Kolleci birləşdirilərək Şamaxı Dövlət Regional Kolleci adlandırılıb.

Bakı Neft-Energetika Kolleci Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin, Sumqayıt Dövlət Texniki Kolleci Sumqayıt Dövlət Universitetinin tabeçiliyinə verilib.

Bakı Sənaye-Pedaqoji Kolleci isə Azərbaycan Dövlət Pedaqoji Kollecinə qoşularaq Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci adlandırılıb.

Bildirildi ki, Təhsil Nazirliyi bu qərarın icrası ilə əlaqədar qənaət edilmiş maliyyə vəsaitinin kolleclərdə infrastrukturun gücləndirilməsinə yönəldilməsini, həmçinin azad olmuş maddi-texniki bazadan təhsil sisteminin məqsədləri üçün istifadə olunmasını təmin etməlidir. Eyni zamanda, Təhsil Nazirliyi və Maliyyə Nazirliyi 2 ay müddətində orta ixtisas təhsili müəssisələrinin maliyyələşdirilməsinin təkmilləşdirilməsinə dair təkliflərini Nazirlər Kabinetinə təqdim etməlidir.

Maliyyəyə qənaət şərtilə müəllim və tələbə heyəti sabit qalmalıdır

Cəsarət Valehov bildirdi ki, orta ixtisas təhsili müəssisələri şəbəkəsinin optimallaşdırılması nəticəsində tələbələrin sayı azalmadığına görə müəllimlərin dərs yükü əvvəlki səviyyədə qalacaq, qəbul olunmuş qərar müəllimlərin fəaliyyətinə mənfi təsir göstərməyəcək: “Orta ixtisas təhsili müəssisələri şəbəkəsinin optimallaşdırılması bu təhsil pilləsində kadr hazırlığının səmərə və keyfiyyətinin yüksəldilməsinə, müasir təhsil sisteminin tələblərinə cavab verməsinə xidmət edir. Təhsili idarəetmə sisteminin və infrastrukturunun beynəlxalq təcrübəyə uyğunlaşdırılması və ölkəmizin inkişaf konsepsiyasına uyğun yenidən qurulması tədbirləri ”Təhsilin inkişafı üzrə Dövlət Strategiyası" çərçivəsində həyata keçirilir".

Əsas məqsəd

Mətbuat konfransının sonunda jurnalistlərin sualları da cavablandırıldı.
Müəllim və tələbə heyəti əvvəlki tərkibdə saxlanırsa, Təhsil Nazirliyi dövlətə qənaət edilən maliyyə vəsaiti baxımından hansı köməyi göstərmiş olacaq? Cəsarət Valehov suala belə cavab verdi ki, bir çox kolleclər eyni profil üzrə kadr hazırlığı həyata keçirir və bəzilərində peşəkar idarəetmə və müəllim heyəti ilə bağlı o qədər yüksək keyfiyyət olmadığı üçün onların fəaliyyəti qənaətbəxş hesab edilmir. Ona görə də əmək bazarında yetərincə tələbat olmayan sahələr üzrə kadr hazırlığının aparılması və çoxsaylı idarəetmənin saxlanılması büdcə vəsaitlərində səmərəsiz xərcləmələrə gətirib çıxarır: “Buna görə də, Təhsil Nazirliyi bu istiqamətdə müəyyən addımlar atıb, görülən tədbirlər nəticəsində orta ixtisas müəssisələrində pedaqoji kadr hazırlığı minimuma endirilib, əmək bazarında tələb olunmayan digər ixtisaslar üzrə qəbul planları məhdudlaşdırılıb”.

Cəsarət Valehov onu da əlavə etdi ki, əsas məqsəd orta ixtisas təhsil müəssisəsinin optimallaşdırılması hesabına daha mobil və keyfiyyətli kadr hazırlamaqdır.

Əmək bazarında hansı kollec məzunlarına ehtiyac böyükdür?

Məşğulluq üzrə ekspertlər bildirilər ki, ali və orta ixtisas təhsillilərin əmək bazarında iş qabiliyyətini müqayisə etdikdə, daha çox kollecləri bitirən məzunların işsiz qalması hallarına rast gəlinir. Təhsil Nazirliyində bu barədə nə məlumat var? Əmək bazarında hansı kollec məzunlarına daha çox ehtiyac duyulur?

Natiq İbrahimov bildirdi ki, bu barədə nazirliyin statistika şöbəsindən məlumat əldə etmək olar. Cəsarət Valehov isə qeyd etdi ki, müvafiq nazirliklərin bazasında da məzunların əmək bazarındakı iş fəaliyyəti haqqında məlumatlar olur.

Bir halda ki ali məktəblərin nəzdinə verilən kolleclər mövcud binalarında fəaliyyət göstərəcəklər, onlara nəzarət necə təmin olunacaq? Biri-birilə birləşdirilən kolleclərin idarəetməsi necə həyata keçiriləcək?

Cəsarət Valehov dedi ki, ali məktəblərin tabeçiliyinə verilən, eləcə də birləşdirilən kolleclər hansı adda fəaliyyət göstərəcəklərsə, o adda qurumun rəhbərliyi altında və idarəetməsi əsasında davam edəcəklər: “Tutaq ki, B kolleci A kollecinə birləşdirilbsə, A kollecinin idarəetmə prinsipi əsas götürüləcək. Burada qərar vermədə də optimallaşdırılma olacaq. Orta ixtisas təhsili müəssisələrinin ali məktəblərin nəzdində fəaliyyət göstərməsi təcrübəsi qonşu ölkələrdə də var. Bizdə bu təcrübə artıq tətbiq olunmağa başlanıb.

Texniki Universitet və İqtisad Universitetinin nəzdinə bir neçə ixtisas təhsili müəssisəsi verilib. Bu təcrübə kollecdə təhsil alan tələbənin həmin kollecin universitetində də təhsilini davam etdirməyə bir motivasiya yaradır. Təhsilin optimallaşdırılmasında həm də o nəzərdə tutulur ki, tələbənin təhsili onu qane etmirsə, o, təhsil aldığı müəssisədə müasir çağırışlarla qarşılaşa bilmirsə, ona daha innovativ təhsil almaq imkanı yaradılır".

Sevil Hilalqızı


Müəllif:

Oxşar xəbərlər