19 Fevral 2016 21:13
396

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ölkəmizdə səfərdə olan İndoneziya parlamenti Nümayəndələr Palatasının sədr müavini Fahri Hamzah və Palatanın üzvləri ilə görüş olub.

Teleqraf.com-un məlumatına görə, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov ötən dövrdə ölkəmizdə dinamik iqtisadi artımın təmin edilməsi, iqtisadi şaxələndirmənin sürətləndirilməsi, iş yerlərinin yaradılması və əmək bazarının inkişafı, sosial rifah halının yaxşılaşdırılması sahəsində əldə olunan nailiyyətləri diqqətə çatdırıb: “Uğurlu islahatlar kursu nəticəsində yaradılan güclü iqtisadi potensial son vaxtlarda qlobal böhranın dərinləşməsi səbəbindən ölkəyə qarşı artan risklərə qarşı milli iqtisadiyyatın, əmək bazarındakı sabitliyin və sosial müdafiə sisteminin dayanıqlığını təmin edir. Dövlət başçısının sosial yönümlü siyasəti bu gün ölkədə iqtisadi inkişafın neft amilindən asılılığını tam aradan qaldırmağa yönələn yeni iqtisadi islahatlarda da əhalinin məşğulluğu və etibarlı sosial müdafiəsinin diqqətdə saxlanmasını şərtləndirir”.

Səlim Müslümov kəskin iqtisadi böhran səbəbindən dünyanın bir çox ölkələrində sosial proqramların təxirə salındığı indiki vaxtda Azərbaycanda bütün sosial proqram və layihələrin uğurla davam etdirildiyini, büdcədə nəzərdə tutulan sosialyönümlü xərclərin sabit saxlanılmaqla, bir sıra sahələr üzrə artırıldığını konkret göstəricilər əsasında diqqətə çatdırıb. Ölkəmizin əmək və sosial təminat sistemi barədə ətraflı məlumat verən nazir bu sahələrdə mütərəqqi və şəffaf xidmətlər sisteminin qurulması üçün aparılan islahat tədbirlərini də diqqətə çatdırıb.

Azərbaycanla İndoneziya arasında İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində əmək və sosial müdafiə sahəsində əməkdaşlığın həyata keçirildiyini qeyd edən Səlim Müslümov ötən il təşkilata üzv ölkələrin əmək nazirlərinin üçüncü konfransının İndoneziyada yüksək səviyyədə təşkil edildiyini bildirib: “Əmək nazirlərinin Bakıda keçirilən ikinci konfransının iştirakçıları ilə görüşündə Prezident İlham Əliyevin İslam Əməkdaşlıq Təşkilatının Bakıda Əmək mərkəzinin yaradılması təşəbbüsü yekdilliklə dəstəklənib. Cakartada keçirilən konfransda bu mərkəzin yaradılması ilə bağlı yekun sənədlər də müzakirə olunaraq dəstəkləndi. Belə bir mərkəzin yaradılması üzv ölkələrin əməkdaşlıq əlaqələrinin daha da genişlənməsinə yönəlib. Bu sahədə İslam Əməkdaşlıq Təşkilatının üzv ölkələrindən olan İndoneziyanın da fəal dəstək verməsi iki ölkənin dostluq münasibətlərinin ifadəsidir. Hazırda iki ölkənin əmək və sosial müdafiə sahəsində əməkdaşlığının ikitərəfli müstəvidə və daha fəal şəkildə həyata keçirilməsi üçün də imkanlar mövcuddur. Hesab edirik ki, müvafiq iş sahələrində qarşılıqlı təcrübə və məlumat mübadilələrinin aparılması hər iki tərəf üçün önəmli ola bilər”.

Fahri Hamzah iki ölkə arasında münasibətlərin daim gücləndiyini, İndoneziyanın Azərbaycanla bütün sahələrdə əməkdaşlığı genişləndirmək əzmində olduğunu vurğulayıb: “Biz əhalinin sosial müdafiəsi sahəsində Azərbaycan təcrübəsini öyrənməkdə maraqlıyıq”. O, ölkəsində əmək və sosial müdafiə sisteminin təkmilləşdirilməsinin hökumətin diqqətində dayanan məsələ olduğunu və bu sahədə Azərbaycanla əlaqələrin gücləndirilməsi üçün müvafiq işlərin görüləcəyini bildirib.

Görüşdə iki ölkə arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.

Naibə QURBANOVA


Müəllif: