Azərbaycanın müxtəlif rayonlarında Xocalı soyqırımının 24-cü ildönümünə həsr olunmuş “Qan yaddaşı” adlı tədbirlər keçirilir.
Belə tədbirlərdən biri də Astara rayonundakı Gənclər Evində olub. Tədbir iştirakçıları əvvəlcə ermənilərin Azərbaycanın Xocalı şəhərində törətdikləri vəhşilikləri əks etdirən sənədli filmə baxıblar.
Sonra Astara Rayon Gənclər və İdman İdarəsinin rəisi Ərçə Əliyev, Astara İntellektual İnkişaf Klubunun sədri Əfqan Hüseynov, Astara Pedaqoji Kollecinin tarix müəllimi Elçin Mahmudov və gənclər çıxış edərək Ermənistan tərəfindən xalqımıza qarşı yönəlmiş Xocalı soyqırımının insanlıq əleyhinə törədilmiş ən qanlı cinayət olduğunu vurğulayıblar.
Diqqətə çatdırılıb ki, Xocalı soyqırımına əsil siyasi və hüquqi qiymət ümummilli lider Heydər Əliyev tərəfindən verilib.
Tədbir iştirakçıları Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində sistemli və ardıcıl fəaliyyətini yüksək dəyərləndiriblər.