17 Mart 2016 14:05
1 268
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Məni müdafiə edən vəkillərimə, hüquq müdafiəçilərinə, media nümayəndələrinə minnətdarlığını bildirərəm. Ailə üzvlərim həbsdə olduğum müddətdə mənə dəstəyini əsigəməyib. Yanımda olan anama, bacıma, həyat yoldaşıma minnətdaram. Çünki onların mənə dəstəyi böyük olub.

Mənim dəstəyə böyük ehtiyacım vardı. Ailə üzvlərim dəstək verməsəydi, ağır günlərdə dözə bilməzdim, bu vəziyyətdən çıxa bilməzdim”.

Bu sözləri həbsdən şərti olaraq azadlığa buraxılan jurnalist Rauf Mirqədirov bildirib.
O, əlavə edib ki, həbs müddətində ona heç bir təzyiq göstərilməyib: “Bu baxımdan mənə münasibət çox yaxşı olub. 23 ay ərzində tək adamlıq kamerada məhbus həyatı yaşamaq çox ağır yükdür.

Sözsüz, mən özümü günahkar saymıram. İttiham tərəfi məhkəmə prosesində dövlətə xəyanət etməyimlə, yaxud xarici xüsusi xidmət orqanları ilə ünsiyyət qurmağımla bağlı sübut təqdim edə bilmədi. Bu barədə sübut təqdim edə də bilməzdi.

30 ilə yaxın jurnalistika fəaliyyətim ərzində nəinki Ermənistanın, ümumiyyətlə, hər hansı xarici xüsusi xidmət orqanı ilə əməkdaşlığım olmayıb. Bu, mənim üçün əsasdır. Vəkilimlə birlikdə bəraət qazanmağımla bağlı mübarizəyə başlayacam. Əminəm ki, gec-tez bu bəraəti qazanacağıq”.

Rauf Mirqədirov səhhətinin yaxşı olmadığını bildirib. O, qeyd edib ki, gözlərində problemləri yaranıb, təzyiqi yuxarıdır: “Səhhətimlə də məşğul olacam. Əsas məqsədim ailəmdir. Bildiyiniz kimi ailəm xaricdə yaşayır. Bu çıxarılmış qərar ailəmlə qovuşmağıma imkan vermir. Çalışacam ki, bu məsələləri mümkün qədər tez həll edib ailəmə, körpə balalarıma qovuşa bilim”.

Xatırladaq ki, bu gün Bakı Apelyasiya Məhkəməsində həbsdə olan jurnalist Rauf Mirqədirovun apelyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Hakim Qail Məmmədovun sədrliyi ilə keçirilən prosesdə Rauf Mirqədirovun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib. Rauf Mirqədirov 5 il müddətinə sınaq müddəti olmaqla şərti cəza alıb. O, dərhal məhkəmə zalından azadlığa buraxılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rauf Mirqədirov 6 il müddətinə azadlıqdan məhrum edilmişdi. O, ötən il aprelin 19-da Türkiyədə saxlanılaraq Azərbaycana deportasiya olunmuşdu.

Rauf Mirəqdirov Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunur.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər