Yaz fəslinin gəlişi ilə daha da kəskinləşən allergik rinit xəstəliyi bu fəsli bir bir çoxları üçün əziyyətə çevirib. El arasında “Bahar allergiyası” adlanan xəstəlik barədə Teleqraf.com-a Mərkəzi Neftçilər Xəstəxanasının otorinolarinqoloji şöbəsinin müdiri İradə Əlizadə məlumat verib.
Həkim deyir ki, allergik rinitin iki forması var – mövsümi (yaz, payız) və daimi (ilboyu davam edən). Əlamətlər isə burun tənəffüsünün çətinləşməsui (burun selikli qişasında şişkinliyin hesabına), burundan ifrazat, qıcıqlanma, qaşınma, tutmaşəkilli asqırmalarla müşahidə olunur.
İradə Əlizadə bildirir ki, allergik rinit həssaslığı yüksək olan insanlarda müşahidə edilir: “Müxtəlif allergenlərə – havada olan bitki tozcuqları, heyvan kəpəyi, toz və kimyəvi maddələrə reaksiya kimi meydana çıxır. Xəstəliyə daha çox uşaqlar arasında rast gəlinir, yeniyetmə və cavan adamlar da ondan əziyyət çəkir, yaşlı insanlarda isə nadir hallarda müşahidə edilir.
Allergik xəstəliklərin bəziləri irsən keçsə də, allergik rinit irsi xəstəlik sayılmır, lakin bir ailənin bütün üzvlərində rast gəlinə bilər, o da eyni mühiti paylaşdıqları səbəbdən”.
Həkim hamilələrdə allergik rinitin doğulacaq uşağa təsiri barədə də məlumat verib: “Hamiləlik özü burun tutulmasının səbəbi ola bilər. Allergik riniti olan hamilələrdə burun tutulması daha baş verir. Fəsadlara gəlincə, o, burun tənəffüsünü yaxşılaşdırmaq üçün istifadə olunan dərmanlara bağlı ola bilər”.
Xəstəliyin müalicəsinə gəlincə, İradə Əlizadə deyir ki, allergen məlumdursa, xəstə allergenlə kontaktdan uzaq olmalıdır: “Medikamentoz müalicədə antihistaminlərdən (adamın allergik olduğu maddə ilə qarşılaşanda və ya iltihab vəziyyətlərində ortaya çıxan kimyəvi vasitədir), yerli və ya bəzən ümumi təsirli kortikosteroidlərdən istifadə olunur. Cərrahi müalicə – xəstədə burun çəpərinin müxtəlif əyriliklərində (bu, həm burun tənəffüsünü mexaniki çətinləşdirir, həm də endoqıcıq ola bilər), burun balıqqulaqlarının hipertrofiyalarında, burun polipozlarında aparılır”.
Həkim xüsusilə vurğulayır ki, xəstəlik vaxtında müalicə olunmasa – allergik bronxit, bronxial astma, burun boşluğu polipozları kimi fəsadlara gətirib çıxara bilər.
Naibə QURBANOVA