20 Aprel 2016 18:36
1 537
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda əntiq əşyalar satılan mağazalar az da olsa qalıb. Xüsusən, İçərişəhərdə Qız Qalasının yaxınlığındakı mağazalar əcnəbi turist intizarındadır. Çünki xarici qonaqlarla alver daha yaxşı gedir.

Ancaq satıcılar jurnalistləri sevmirlər... Danışmağa vaxt ayırmağı heç xoşalmırlar. Yan-yana düzülü mağazaların hansı birinə ayaq basdıqsa, satıcısı bildirdi ki, bəs danışmaq məsləhət deyil, buyurun qonşu mağazaya.

Susmaq qızılmış

Üz tutduq məşhur “Tarovı”ya –Nizamı küçəsində yerləşən darısqal əntiq mağazalarına. Burda da mağaza sahibləri bizi susmaq qızıldı prinsipi ilə qarşıladılar. Nazim adlı satıcı dedi ki, televiziya müxbirləri çəkdikləri əntiq əşyanın qiymətini fərqlə təqdim ediblər: “O gün bir tele-kanaldan gəlmişdilər. Xahiş etdilər, çəkiliş aparmağa icazə verdik. Əntiq əşyaların qiymətini soruşdular dedim. Gedib efirdə tamam fərqli qiymətlər dedilər. Mən də onlardan şikayət etdim. Buna görə danışmaq istəmirəm”.

Həmin mağazanı tərk edib, başqa birisinə yol aldıq. Bu dəfə satıcı söhbətcil adam çıxdı.

Mağazada qədim əşyalar, saatlar, kəmərlər, qab-qacaqlar sıx yerləşdirilmişdi. Kimlərəsə lazımsız görünən əşyalar, əslində canlı tarixdir...

Stalin, Maksim Qorki və Lenin...

Satıcı Elçin Əhmədov deyir ki, 15 ildən çoxdur bu işlə məşğuldur: “Əntiq əşya almaq insanların hobbisidir. İndi bu əşyaları hamı maraq göstərmir. Müştərilər əşyaların qədimliyinə, keyfiyyətinə görə meyl edirlər. Hazırda ölkəyə o qədər keyfiyyətsiz mal gətirilir ki, insanlar pul verib, almaq istəmirlər.

Bəzən bizə satmağa əşyalar gətirirlər, əlini vurursan, zəri gedir. Amma əntiq əşyalar elə deyil, onlar illər, əsrlərcə də qalsa, rəngini itirmir, bəzəkləri pozulmur. Bir alıcı üçün bu əşyalar nə qədər dəyərlidirsə, kolleksiyaçı və ya satıcı üçün onlar qat-qat dəyərlidir”.

Mağazada Stalinin, Maksim Qorkinin fiqurları, Leninin portreti də satışdadır.

Elçin Əhmədov deyir ki, fiqurların böyük qismi Rusiyaya aiddir: “Rumıniyadan, Polşadan gətirilən əşyalara müştərilərin marağı böyükdür. Əntiq malları sevən inşalar bizim mağazadan əliboş çıxa bilməz. Mağaza darısqal olsa da, istənilən zövqə uyğun rəsm, əşya tapmaq mümkündür. Bir çox ölkələrin qədim pulları, medalları satışdadır. Onları demək olar ki, kolleksiyaçılar yığırlar.

1941-45-ci ilin medalları daha baha olurdu. İndi onlar bitib, müharibənin 50 və 70 illiyinə aid yubiley medalları qalıb. 10-15 manata satılır. Elə vaxt olur, müştəri əntiq mal alanda onu üzərində hədiyyə də veririk”.

19-cu əsrə aid 84 əyarlı qılınc

Mağazada 2000-dən artıq əşya var. Həmsöhbətim deyir ki, mağazadakı hər bir əşyanın tarixi haqqında məlumatlıdır: “Müştərilər əşya almazdan öncə tarixi ilə maraqlanırlar. Bizimdə borcumuz əşyalar barədə geniş məlumat verməkdir. Hər əşyanın öz qiyməti var.

Ən qədim və bahalı əşyalar gümüşdəndir. Gümüş kəmərlər var ki, qiyməti 1000 manatdır. Belə kəməri xan-bəy taxıb deyə alırlar. Bu vaxtadək satdığımız ən qədim əşya 19-cu əsrə aid 84 əyarlı gümüş qılınc olub. Həmin qılıncdan döyüşlərdə istifadə olunub.

Mağazamızda çox da qədim olmayan, yaşı 50-60-a çıxan duzqabının qiyməti o qədər də yuxarı deyil. Müştəriyə 5-6 manata verərik gedər”.

“Əşyanı ucuz qiymətə almağa çalışır”

Elçin Əhmədov deyir ki, əntiq əşyanı daha çox öz millətimizinn nümayəndələri alır: “Ölkəmizə gələn turistlər daha çox milli əşyalar almaq istəyirlər. Demək olar ki, mağazamızda Azərbaycana aid qədim əşyalar çox az qalıb. Əvvəllər alıcımız daha çox olurdu. Çünki satdığımız əntiq əşyalarını küçələrə yığırdıq, turistlər alırdılar.

İndi küçəyə mal çıxarmağa icazə yoxdur, mağaza da zirzəmidə yerləşir, əntiq əşyalara düşüb baxan da az olur”.

Dollar qalxandan sonra müştəri sayının azaldığını deyən Elçin Əhmədovun sözlərinə görə, elə gün olur mağazanın qapısından girən tapılmır: “Hazırda vəziyyətlə əlaqədar alver yaxşı getmir. Gün olur heç alver etmirik, gün də olur müştəri axır... Hamı əşyanı ucuz qiymətə almağa çalışır. Daha düşünmürlər ki, biz də dolanışıq üçün bu əşyaları alıb, üstünə 3-5 manat qoyub satırıq.

Digər tərəfdən, müştəriləri də qınamaq olmur. İndi əntiq əşya satan insanlar alıcılardan çoxdur. Müştərilər əşya gətirir ki, banka kreditimi ödəməliyəm və yaxud borcum var, satıram. Biz də qiymətləşib alırıq.
Gətirilən əşyalar bəzən zədəli, yararsız olsa da, bərpa olunub satışa çıxarılır”.

Mağazada milli geyimlər də satılır, qiyməti 60 manatdan başlayır.

Heç kəsin üzünə baxmadığı “Madonna”

Həmsöhbətim deyir ki, mağazaya cürbəcür insanlar gəlir: “Eləsi olur, əntiq əşyanı gətirib deyir ki, indi imkanım yoxdur, sizə verirəm, bir müddət saxlayın, geri alacam. Biz də saxlayırıq, sonra 5-10 manat xeyir verməklə onu geri alır. Birinin evində servizdən nəsə sınanda həmin yarımçığı bizim mağazalarda axtarırlar.
Bir gün bir oğlan yaxınlaşdı ki, ona 70-ci illərin Çex istehsalı olan yemək servisi lazımdır. Məlum oldu ki, anasına ad günü hədiyyəsi etmək istəyir. Anasının cehizinə daxil olan elə bir servisi uşaq vaxtı sındırıb. İndi eynilə həmin qab dəstini almaqla anasını ad günündə sevindirmək istəyir, bizim mağazada həmin dəst tapıldı”.

Əvvəllər qızlar gəlin köçəndə cehiz kimi “Madonna” servisləri aldıqlarını xatırladan həmsöhbətim deyir ki, indiki gənclər qədim əşyaları istəmirlər: “Hazırda evlənən cütlüklər evin dizaynını dəyişirlər, sadəcə görünüş üçün bəzək əşyaları alırlar. Vaxtı ilə evlərin divarını xalçalarla bəzəyərdilər. Artıq bu dəb də geridə qalıb. “Madonna” servislərimiz çoxdur, amma daha ona baxan yoxdur. Qiymətləri 110-160 manat arası dəyişir”.

Sonda həmsöhbətim bildirdi ki, imkanı olanlar əntiq əşyalar alsınlar: “Bu əşyalar qədimliyini heç vaxt itirmir. Qədimi əşyalar isə insanlara xeyir gətirir...”

İlhamə Əbülfət


Müəllif:

Oxşar xəbərlər