Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin hərəkət xidmətində qatarların qəbulu və yola salınması üzrə növbətçi peşəsinə işə qəbulla bağlı elan olunmuş kurslar yekunlaşıb.
Bu barədə Teleqraf.com-a Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.
O bildirib ki, Metropolitenin təlim-tədris mərkəzində təşkil olunan 1 aylıq ödənişsiz kurslara martın 14-dən start verilmişdi: "Təxminən 1800 müraciətdən ilkin müsahibəyə dəvət edilən 500 nəfər arasından metropolitenin peşəkar mütəxəssislərindən ibarət kadr komissiyası seçim edərək 77 nəfəri kurslara dəvət edib. Kursun nəticəsi aprelin 14-ü yekun imtahandan sonra bəlli olub".
N.Paşayev deyib ki, imtahanda 62 nəfər məqbul, 15 nəfər qeyri-məqbul nəticə göstərib: "İmtahan nəticələri məqbul olan 60 nəfərlə qanunvericiliyin tələblərinə uyğun əmək müqaviləsi bağlanaraq hərəkət xidmətində işlə təmin olunub. 2 nəfər isə onlara təklif olunan işdən imtina edib. Əvvəllər hərəkət xidmətində qatarların qəbulu və yola salınması üzrə növbətçi peşəsinə işə qəbul olunmaq üçün müraciət edənlər 3 ay sınaq müddətinə işə götürülürdü. Bu müddət ərzində metropoliten üzrə təlimatları mənimsəyən, müəyyən təcrübə toplayanların peşə bacarıqlarının qənaətbəxş olub-olmaması imtahandan sonra bəlli olurdu. Bu isə həm zaman itkisinə, həm də peşəkar kadr çatışmazlığına səbəb olurdu".
O sonra qeyd edib ki, əvvəllər əksəriyyəti xanımlardan ibarət olan bu sahəyə hazırda oğlanların da marağı artıb: ""Bakı Metropoliteni" QSC-nin işarəvermə və rabitə xidmətində də vakant vəzifələrə işə qəbul prosesi yekunlaşıb. Seçimlər metropolitenin rəsmi internet səhifəsinin "Karyera və əməkdaşlıq" bölməsinə anket forması ilə müraciət edənlər arasında aparılıb. Müsahibəyə 70 nəfər dəvət olunub. 23 nəfər nəzərdə tutulan tələblərə uyğun olduğundan, martın 14-dən təlim-tədris mərkəzində 1 aylıq ödənişsiz kurslara qatılıb. Aprelin 5-i yekun imtahanda kursu bitirən 23 nəfərdən 21-i iştirak edib. Onlardan 18-nin nəticələri məqbul, 3-nün nəticələri isə qeyri-məqbul qiymətləndirilib. İmtahan nəticələri uğurlu olan 16 nəfərlə qanunvericiliyin tələblərinə uyğun olaraq əmək müqaviləsi bağlanıb. Sağlamlığı vakant vəzifəyə uyğun olmadığı üçün 2 nəfər isə təklif olunan işdən imtina edib. Qeyd edək ki, "Bakı Metropoliteni" QSC-nin vakant vəzifələr üzrə işə qəbul prosesi davamlı olacaq".