27 May 2016 17:53
574
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünən Çin İctimai Elmlər Akademiyasının (ÇİEA) vitse-prezidenti Tsay Fanın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunda olub.

Teleqraf.com xəbər verir ki, görüşdə Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudov Azərbaycan və Çin arasında əlaqələrin tarixindən söz açıb: “Azərbaycan Qərb ilə Şərq arasında qızıl körpü rolunu oynayıb”.

Daha sonra AMEA-nın müxbir üzvü Y.Mahmudov çinli qonaqlara Tarix İnstitutunun uğurları haqqında geniş məlumat verib: “Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 25 may tarixli 2238 nömrəli sərəncamı ilə Qarabağın, Naxçıvanın və İrəvan xanlığının tarixinə dair silsilə əsərlərə görə Tarix İnstitutunun 13 əməkdaşına Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatı fəxri adı verilib”.

Görüşdə ÇİEA ilə Tarix İnstitutu arasında əməkdaşlıq barəsində fikir mübadiləsi aparılıb.

ÇİEA-nın Rusiya, Şərqi Avropa və Mərkəzi Asiya İnstitutunun direktoru Li Yuntsüan çıxışında bildirib ki, hazırda institutun adında dəyişiklik baş verib və elmi müəssisənin adına Qafqaz sözü əlavə olunub: “Bu isə Çin və Azərbaycanın elmi müəssisələri arasında əməkdaşlığı genişləndirmək imkanı yaradır”.

Görüşdə ÇİEA ilə AMEA-nın Tarix İnstitutu arasında əlaqələndirici olan tarixçi-alim Nərgiz Axundovanın “Azərbaycan və Çin mədəniyyətlərinin əlaqələri haqqında” (rusca) adlı kitabının təqdimatı keçirilib və qonaqlara Tarix İnstitutunun nəşrləri ilə birlikdə hədiyyə olunub. Kitabın elmi redaktoru AMEA-nın müxbir üzvü Yaqub Mahmudovdur.

Bəkir


Müəllif: