13 İyun 2016 16:19
1 727
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ərini qətlə yetirməkdə təqsirləndirilən 1969-cu il təvəllüdlü Bakı şəhər sakini Xalidə İsgəndərovanın cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Teleqraf.com-un məlumatına görə, hakim Əfqan Hacıyevin sədrlik etdiyi prosesdə Xalidə İsgəndərovanın qardaşı İlyas İbrahimov ifadə verib. O bildirib ki, Azərbaycanın Türkiyə Respublikasındakı səfirliyinin hərbi attaşesində işləyib.

İlyas İbrahimov deyib ki, qətldən bir gün əvvəl İstanbulda hərbi məktəbin bir tədbirində iştirak edib: “Sentyabrın 1-də səhər saatlarında Ankaraya qayıtmaq üçün “Atatürk” hava limanına yollandım. Orada gözləmə otağında olanda qardaşım Knyaz zəng vurdu, Füzulinin öldürüldüyünü xəbər verdi. Bir qədər sonra Knyaza zəng edib bildirdim ki, heç nəyə əl vurmasınlar, hüquq-mühafizə orqanlarının əməkdaşlarını gözləsinlər. Knyaz cavab verdi ki, Füzulini yumuşuq, dəfn etməyə aparırıq”.

“Dostları arasında narkomanlar da vardı”

İlyas İbrahimovun sözlərinə görə, sonradan Bakı Şəhər Prokurorluğuna çağırılıb. O, bacısı Xalidə ilə heç bir telefon danışığının olmaması barədə “Türksell” mobil operatorundan çıxarışları müstəntiq Müşfiq Abbasova təqdim edib: “Müstəntiq həmin sənədləri düzgün saymadı. Mən Türkiyədən mərhumun yeddi mərasiminə gəlib çata bilmişdim. Bacım Xalidə ilə hadisəni bundan sonra müzakirə etmişəm, kimin cinayəti törətməsini öyrənməyə çalışmışam. Buna görə həm bacımla, həm də bacım qızları ilə söhbət aparmışam.

Həmin söhbətlərdən hiss olunurdu ki, bacım qızı Bülbül yalan danışır. O, ötən illərdən həm bizim ailəyə, həm də İsgəndərovlar ailəsinə çoxlu düşmən qazandırıb. Bülbülün dostlarının əhatəsi ilə hələ 2009-cu ildə maraqlanmışam. Onun Firuzə Abbasova adlı bir rəfiqəsi vardı. Hərəkətlərindən çox şübhələnirdim. Bülbülün əhatəsi dairəsi valideynlərinin harada işləməsi, qızına toy eləməsi barədə məlumatlı idilər. Bülbülün dostları arasında narkomanlar da vardı”.

“Bildirdim ki, bu haqsızlıqdır”

Şahid qeyd edib ki, Füzuli İsgəndərovun qətlinin açılması ilə bağlı prokurorluğa çoxsaylı şikayət və ərizələr yazıb: “Müstəntiq həmin ərizələrin mənasız olduğunu, ərizələrlə ayaqqabısını sildiyinin bildirdi. Dedi ki, bacın bu cinayəti etiraf etsin, sən də işində qalacaqsan. Müstəntiqin bu təklifi ilə razılaşmadım. Bildirdim ki, bu, haqsızlıqdır, bacımın günahsız yerə həbsə göndərilməsinə vicdanım yola verə bilməz”.

Dövlət ittihamçısı Fərid Nağıyevin suallarına cavab verən şahid bildirib ki, hadisənin baş verməsini bacısı ilə söhbətdən öyrənib. Onun sözlərinə görə, hazırda işləmir, Bakı Şəhər Prokurorluğunun təqdimatı əsasında müdafiə nazirinin əmri ilə sərəncama götürülüb.

İlyas İbrahimov suallara cavab verərkən qətllə bağlı bir sıra məqamlardan da danışıb: “Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə istintaq İdarəsində Mehdi Mirzəyev adlı baş müstəntiq olan kəndlimiz işləyir. Qardaşımın tanışına həmin müstəntiq cinayətin “İla” adlı Gürcüstanın Sadaxlı kəndindən olan İlham Abdullayev törətdiyini deyib. Biz həmin şəxsin adını, soyadını istintaqa verdik.

Hüquq-mühafizə orqanlarından belə bir ad-soyadlı şəxsin mövcud olmadığı üzə çıxdı. Sonradan müstəntiq dedi ki, soyadı səhv deyib, həmin şəxs İlham Alı oğlu İsmətov olub. Hüquq-mühafizə orqanlarında belə bir adını da mövcud olmadığı üzə çıxdı”.

Daha sonra suallara cavab verən İlyas İbrahimov qeyd edib ki, Bülbül əvvəllər narkomanlara qoşularaq evdən qaçıb: “Bundan sonra Bülbül Milli Parkda rəfiqəsi Firuzə Abbasovaya şantaj olunmaması üçün pul da verib. Biz bu cinayətin Bülbülün əhatə dairəsinin törətməsindən şübhələnirdik”.

“Xalidə orda-burda deyib ki, Füzulini guya mən öldürmüşəm”

Digər şahid Mahir Süleymanov bildirib ki, mərhum Füzuli İsgəndərovun bacısı Cəmilənin həyət yoldaşıdır. Təqsirləndirilən Xalidə ilə ədavəti olduğunu dilə gətirən şahid qeyd edib ki, Xalidənin hərəkətlərinə baxmayaraq Füzuli ilə arası normalmış: “Füzuli ilə qardaş kimi olmuşam. Amma Xalidə orda-burda deyib ki, Füzulini guya mən öldürmüşəm. Mən şər-böhtan atırlar. Əgər belə faktları varsa, ortaya qoysunlar. Bir daha deyirəm, mən Füzuli ilə qardaş kimi olmuşam, ona əl qalıdrmağa belə qiymaram. Xalidə polisə çağırılanda mənim adımı hallandırıb”.

Mahir Süleymanov daha sonra bildirib ki, Xalidə ilə Fizulinin arasında daim söz-söhbətlər olub: “Xalidənin əlinə nə keçirdi, Fizuliyə çırpırdı. Bir dəfə məni də “lapatka” ilə az qala öldərəcəkdi”.

Mahir Süleymanov daha sonra ifadəsində hadisə yerinə getməsindən, Füzulunun xəstəxanaya aparılmasından danışıb. Qeyd edib ki, Sadaxlı kəndində qohumları var, amma onun “İla” adı ilə tanınan tanışı olmayıb.

Mahir Süleymanov Füzuli ilə şərikli biznesi olduğunu da vurğulayıb. Şahid ifadə verən zaman Füzuli İsgəndərovun atası Xalıqverdi, bacısı Cəmilə ilə Xalidə İsgəndərovanın vəkilləri – Cavanşir Süleymanov və Abuzər Mütəllimov arasında mübahisə yaranıb. Mübahisəyə səbəb Füzuli İsgəndərovun mülkləri ilə bağlı olub.

Xalıqverdi İsgəndərov bildirib ki, oğlunun qanını batırmaq istəyirlər: “Mən burada oğlumun qanın tələb edirəm. Mənim dağ kimi oğlum ölüb. Onun qanını batırmaq istəyirlər. Vəkillər 50 min manat alaraq bu işi bağlamaq istəyirlər. İndi burada qətl qalıb bir kənarda, oğlumun mülklərini sorğu-sual edirlər”.

Daha sonra məhkəmə zalına mərhumun qardaşı, iş üzrə şahid Xəqani İsgəndərov dəvət edilib. Cavanşir Süleymanov bildirib ki, bu şahid dindirilə bilməz: “Çünki gizli olaraq bütün məhkəmə proseslərində iştirak edib və məhkəmənin gedişindən məlumatlı olub”.

Hakimlər onun sərbəst ifadə verməsinə qanunla nəzərdə tutulmuş qaydada şərait yaratmayıblar. Bu səbəbdən Xəqani İsgəndərovun ibtidai istintaqa verdiyi ifadəsi elan edib. O, ifadəsində qətlin baş verməsindən, sonra da qətlin Xalidənin törətməsindən şübhələndiyini bildirib.

Mərhum Füzuli İsgəndərovun qardaşı Nizami İsgəndərovun həyat yoldaşı Nailə İsgəndərova isə bildirib ki, qətlin Xalidə İsgəndərova tərəfindən törədilməsindən şübhələnib: “Qızları bizə dedi ki, polis deyir, atanızı ananız öldürüb. Mən də Xalidədən şübhələnmişdim”.

Məhkəmə prosesi iyunun 20-də davam edəcək.

Qeyd edək ki, qətl hadisəsi 2014-cü il sentyabrın 1-də Bakıda Babək prospektində baş verib. 1964-cü il təvəllüdlü Füzuli İsgəndərov yaşadığı 17 nömrəli evin həyətində, qarajın yanında qətlə yetirilib.

Hadisə adıçəkilən rayonun 24-cü polis bölməsinin ərazisində baş verib. Qatil qurbanının boğazını amansızlıqla kəsərək öldürüb. Qətlin digər təfərrüatları da məlum olub. Maskada olan qatil qurbanına 19 bıçaq zərbəsi vurduqdan sonra boğazını kəsib. Bıçaq zərbələrinin çox olması Füzuli İsgəndərovun müqavimət göstərməsindən xəbər verir.

Sonra cinayətkar binanın girişinə yönəlib və Füzuli İsgəndərovun mənzilinə daxil olub. Evdə qətlə yetirilənin həyat yoldaşı tək imiş.

Qadın istintaqa ilkin ifadəsində bildirib ki, qatilin maskasını çıxararaq onu öldürməməsi üçün yalvarıb, bütün qızıl və pulları verəcəyini deyib. Bu səbəbdən qatil onu sağ buraxaraq hadisə yerindən qaçıb.

Bakı Şəhər Prokurorluğu və Nizami Rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat zamanı hadisəni mərhumun həyat yoldaşı Xalidə İsgəndərovanın törətdiyi məlum olub. Xalidə İsgəndərova şübhəli şəxs qismində saxlanılıb.

Qətlə yetirilən Füzuli İsgəndərov uzun illər Daşınmaz Əmlak üzrə Dövlət Reyestri Xidmətinin rəis müavini vəzifəsində çalışıb. Onun həm də sabiq maliyyə naziri Əvəz Ələkbərovun xalası oğlu olduğu bildirilir.

Qətldən əvvəl, avqust ayının 29-da Füzuli İsgəndərov qızına toy edibmiş. Onu da əlavə edək ki, Füzuli İsgəndərovun dəyəri 30 milyon manat olan mülkləri var.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər