18 İyul 2016 12:09
554
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində iş adamını qətlə yetirməkdə və digər ağır cinayətlərdə ittiham olunan 17 nəfərlik dini ekstremist dəstənin üzvləri - Nurəddin Xəlilov, Müşfiq Mikayılov, Rəşad Həşimli, Əhməd Kərimov, Çoşqun Kərimbəyli, Bahadur Məmmədov, Zaur Əliyev, Pərviz Şıxalyev, Rəşad Səfərəliyev, Xəlil Məmmədov, Şakir Məmmədov, Rafiq Bəyimov, Ceyhun Abdullayev, İlqar Musayev, Anar Rzayev, Niyaməddin Xəlilov, Fəxri Şirinzadənin cinayət işi üzrə məhkəmə prosesi davam edib.


Teleqraf.com xəbər verir ki, hakim Zeynal Ağayevin sədrliyi ilə keçən prosesdə təqsirləndilən şəxslərə son söz demək üçün şərait yaradılıb. Onlar son söz deməkdən imtina ediblər. Yalnız təqsirləndirilən Xəlil Məmmədov çıxış edib. O, bildirib ki, terrora dəsrətək verməyib, silahlı birləşmə yaratmayıb: "Suriyada heç bir qruplaşmada iştirak etməmişəm. Mənə verilən ittihamlarla razı deyiləm".

Proses avqystun 1-də davam edəcək.

Bundan əvvəlki prosesdə prokuror Nüsrəddin Xəlilovun ömürlük, Rəşad Həşimli, Müşfiq Mikayılov, Əhməd Kərimov, Coşqun Kərimbəyli və Bahadur Məmmədovun 20 il, Fəxri Şirinzadə, Rufiz Bəyimov və Zaur Əliyevin 18 il, Pərviz Şıxaliyev, Rəşad Səfərəliyev, Xəlil Məmmədov, Samir Məmmədov və Niyaməddin Xəlilovun 16 il, Anar Rzayev, İlqar Musayev və Ceyhun Abdullayevin isə 15 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.


İttihama əsasən, 2014-cü il noyabrın 24-də Qəbələ şəhər sakini olan iş adamı Vahid Vahabovun yaşadığı evdə meyiti tapılıb. Müəyyən edilib ki, Vahid Vahabovun qonşusu Coşqun Kərimbəyli onun imkanlı şəxs olduğu barədə yaxın dostları, radikal ekstremist yönümlü dini təriqət üzvləri olan, əvvəllər məhkum edilmiş Nurəddin Xəlilov, Müşfıq Mikayılov, Rəşad Həşimli və Əhməd Kərimova məlumat verib.

Onlar külli miqdarda pul və qızıl-zinət əşyalarını ələ keçirmək məqsədilə Vahid Vahabovun evinə basqın ediblər, odlu silahla onu öldürüblər, həyat yoldaşına müxtəlif dərəcəli xəsarətlər yetiriblər. İstintaq hərəkətləri nəticəsində dəstə üzvlərinin daha bir neçə şəxsin evinə quldurluq yolu ilə basqın etdikləri də məlum olub.

Hacı Zeynalov


Müəllif: