15 Sentyabr 2016 17:11
923
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 69 yaşlı bacısını öldürməkdə təqsirləndirilən Şahbaz Xəlfəyev və onun 25 yaşlı oğlu İslam Xəlfəyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.


Teleqraf.com xəbər verir ki, hadisə bu il yanvarın 18-də Sumqayıt şəhərində baş verib.

Şəhərin Ə.Vahid küçəsi, 39 saylı evin yaxınlığında üzərində zorakılıq əlamətləri olan naməlum qadın meyiti tapılıb.

Meyitin Sumqayıt şəhər sakini, 1947-ci il təvəllüdlü Rəfiqə Ağayeva olduğu müəyyən edilib. Cinayətin Sumqayıt şəhər sakinləri – 1961-ci il təvəllüdlü Şahbaz Xəlfəyev və 1991-ci il təvəllüdlü İslam Xəlfəyevin törətdiyinə kifayət qədər əsas olduğundan onlar şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunublar.

İstintaq Rəfiqə Ağayevanı yanvarın 17-də saat 23 radələrində məişət zəminində mübahisə zamanı qardaşı Şahbaz və onun oğlu İslam Xəlfəyevlərin küt alətlə çoxsaylı xəsarətlər yetirərək öldürdükləri müəyyənləşib.

Şahbaz Xəlfəyev və İslam Xəlfəyev Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirli biliniblər.

Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. İslam Xəlfəyev 18, Şahbaz Xəlfəyev isə 17 il azadlıqdan məhrum edilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər