Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mərhum xalq artisti İlhamə Quliyevanın sabiq köməkçisi Mehriban Hüseynovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Teleqraf.com-un məlumatına görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçən prosesdə şahidlərin məhkəməyə gəlmədiyi elan olunub.
Hakim bildirib ki, şahidlərdən Zəminə Məhərrəmova məhkəməyə səhhətində problem yaranması səbəbindən gəlməyib: "Bununla bağlı Zəminə xanım özü məhkəməyə zəng vuraraq məlumat verib. Qeyd edib ki, istintaqa verdiyi ifadəni təsdiqləyir".
Daha sonra məhkəmə iclasında Zəminə Məhərrəmovanın istintaqa verdiyi ifadə elan edilib.
Məhkəmə təqsirləndirilən Mehriban Hüseynovaya sərbəst ifadə vermək təklifi edib. Lakin onun vəkilləri məhkəmədə əlavə şahidlərin dindirilməsini istəyiblər.
Məhkəmənin növbəti prosesi okryabrın 11-nə təyin edilib.