Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin ikeçmiş Aparat rəhbəri Vidadi Zeynalov, “Aztelekom” MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədov, "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynov, "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin baş mühasibi Anar Mustafayev, “AzİnTelekom” MMC-nin sabiq baş direktoru Cəlil Cəfərov, “Azərpoçt” MMC-nin sabiq baş direktoru Qəmbər Bəybalayev, “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin baş mühasibi Səhrab Hümbətov, “Rabitə Mülki Tikinti” MMC-lərinin direktoru Emin Məmmədov, “Aztelekom” MMC-nin baş mühasibi Oktay Rüstəmov, “Təmir Təchizat Servis” MMC-nin direktoru Bayram Vəliyev və "Optik Qurğular" İdarəsinin sabiq rəisi Namazali Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Teleqraf.com xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən proses başlamamışdan əvvəl Vidadi Zeynalovun vəkili Elxan Süleymanov juralistlərə hücum çəkib.
O, vəkil etikasından kənara çıxıb, jurnalistlərə "şərəfsizsiniz", "əxlaqsızsınız" ifadələrini işlədib. O, Vidadi Zeynalovun ittiham aktının mətbuatda yayılmasına etiraz edib.
Xatırladaq ki, müvafiq qanunvericliyə görə, Vidadi Zeynalovun vəkilinin jurnalistlərə qarşı etikadan kənar ifadələr işlətməsi və ya irad bildirməsi yolverilməzdir. Vəkilin peşəsi təqsirləndirilən şəxsi məhkəmə iclaslarında müdafiə etməkdən ibarətdir.
Vidadi Zeynalovun vəkili isə qanuna məhəl qoymayıb, hətta jurnalistə əl qaldırmaqdan belə çəkinməyib.
Təqsirləndirilən şəxslərin zaldakı qohumları da mübahisəyə qarışıb. Onlardan biri: "Bir vaxtlar Vidadi Zeynalovun kabinetində pul dilənən jurnalistlər indi onun əleyhinə yazır" deyə bildirib.
Daha sonra hakimlər məhkəmə zalına gəlib, dövlət ittihamçısı Fərid Nağıyev ittiham aktını elan etməyə başlayıb.
Proses davam edir.
Məhkəmədə araşdırılan 517 cildlik cinayət işində 205 şahidin adı keçir. Cinayət işi üzrə 11 təqsirləndirilən şəxs, 1 zərərçəkmiş şəxsin, 1 nəfər isə mülki iddiaçının nümayəndəsi var. Maliyyə Nazirliyi də zərərçəkmiş kimi tanınıb.
İttiham aktına əsasən, “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin baş mühasibi Anar Mustafayev 567 min, “Rabitə Mülki Tikinti” MMC-nin direktoru Emin Məmmədov 7 milyon 700 min, “Aztelekom” MMC-nin baş mühasibi Oktay Rüstəmov 250 min, “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin baş mühasibi Səhrab Hümbətov 600 min, “Azərpoçt” MMC-nin sabiq baş direktoru Qəmbər Bəybalayev 2 milyon, “AzİnTelekom” MMC-nin sabiq baş direktoru Cəlil Cəfərov 1,5 milyon və “Təmir Təchizat Servis” MMC-nin direktoru Bayram Vəliyev 204 min, Rabitə və Yüksək Texnologiyalar Nazirliyin Aparat rəhbəri Vidadi Zeynalov 8 milyon, “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynov 10 milyon, "Optik Qurğular" İdarəsinin rəisi Namazəli Məmmədov 4 milyon manat mənimsəmədə təqsirli bilinirlər.
***
Prosesdə təqsirləndirilən Emin Məmmədovun yeni vəkillə müqavilə bağladığı məlum olub. Hakim bildirib ki, Tural Süleymanovla müqavilə bağlandığını deyib və onun prosesdə iştirakına razılıq verib.
Dövlət ittihamçısı Fərid Nağıyev əvvəlcə “AzİnTelekom” MMC-nin sabiq baş direktoru Cəlil Cəfərovun ittihamnaməsini elan edib. İttihama görə, Cəlil Cəfərov 1,5 milyon manat mənimsəyib.
Cəlil Cəfərov elan olunmuş ittiham üzrə təqsirli bilməyib: "İttiham aktında yazılanlarla qətiyyən razı deyiləm".
Daha sonra dövlət ittihamçısı “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin baş mühasibi Səhrab Hümbətovun ittihamını oxuyub. O 600 min manat mənimsəmədə ittiham edilir. Səhrab Hümbətov da elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib.
Məhkəmədə həmçinin “Azərpoçt” MMC-nin sabiq baş direktoru Qəmbər Bəybalayevin də ittihamı elan olunub. Qəmbər Bəybalayev 2 milyon manat mənimsəmədə təqsirli bilinir. Təqsirləndirilən reaksiyası belə olub: "İttiham aktının heç bir bəndi ilə razı deyiləm".
Təqsirləndirilən Emin Məmmədov ifadı verməyə hazır olmadığını bildirib və əlavə edib ki, ifadəsini yazılı hazırlayır və hələ başa çatdıra bilməyib. Anar Mustafayev də ifadə verməyə hazır olmadığını deyib.
Daha sonra “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynov ifadə verib. O, 10 milyon manatlıq mənimsəmədə ittiham edilir.
Beytulla Hüseynov bildirib ki, gördüyü işlərə görə yığılan vəsaitin 20 faizi birlikdə qalıb, 80 faizini isə nazirliyə köçürüblər: "Bu, Vidadi Zeynalovun da, sabiq nazir Əli Abbasovun da ifadəsində göstərilib. Həmin 20 fazin 4 fazi paketlərə yönəldilir, 6 faizi isə qovşaqlara göndərilirdi".
Təqsirləndirilənin sözlərinə görə, vəsaitlərin köçürülməsi barədə tapşırıqları nazirlikdən alıb.
O, dəymiş ziyanı ödəməyə hazır oıduğunu bildirib: "Məhkəmə qarşısında söz verirəm ki, dövlətə dəymiş ziyanı ödəməyə hazıram. Mənim xidmətlərim olub. Prezdentin sərəncamı ilə Əməkdar mühəndis adına layiq görülmüşəm".
Beytulla Hüseynov əlavə edib ki, şəxsi büdcəsi hesabına şəhid ailələrinə, Qarabağ döyüşlərində işturak edənlərə pulsuz telefon çəkilməsini təmin edib.
Onun sözlərinə görə, Avropa oyunları ərəfəsində xüsusu tasşırıq alıblar: "Həmin tapşırıqları layiqincə yerinə yetirmişik, buna görə mükafatlamışıq. Avropa oyunları zamanı sifarişçi "Azəryolservis" olub. 4 milyon 564 min manatlıq iş görmüşük. Bu gün də həmin məbləğlə bağlı alacağımız var".
Beytulla Hüseynov daha sonra dövlət ittihamçısının suallarını cavablandırıb. Bildiririb ki, istintaqda dediyi kimi, hər ay nazirliyə pul veriblər: "Ad çəkmək istəmirəm. Yalnız hər ay 200 min manat pul verdiyimizi deyə bilərəm. İstintaqda hesablanan 10 milyon manatdır. Həmin məbləğ 22-24 milyon manata yaxındır".
Sonra Beytulla Hüseynov vəkilinin sullarını cavablandırıb. Bildirib ki, 2 milyon 800 min manat mənimsəyib: "Həmin məbləği bu gün ödəməyə hazıram".
Proses noyabrın 30-da davam edəcək.
Hacı Zeynalov