Günün ikinci yarısında Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin keçmiş Aparat rəhbəri Vidadi Zeynalov, “Aztelekom” MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədov, "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynov, "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin baş mühasibi Anar Mustafayevin cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Teleqraf.com xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə Anar Mustafayev dövlət ittihamçısı Fərid Nağıyevin suallarını cavablandırıb.
Anar Mustafayev bildirib ki, Beytulla Hüseynovdan maaşdan əlavə ümumən təxminən 100 min manat alıb: “Aylıq aldığım 7 min manatdan 5 mini işçilərin müalicəsinə, toya-yasa gedirdi”.
Beytulla Hüseynov isə bildirib ki, Anar Mustafayevə ayda 7000 manat verib, lakin onun hamısı Anar Mustafayevə qalmayıb.: “Anar Mustafayevin özünün 30 işçisi var idi”.
Anar Mustafayev əməkhaqqısının 560 manatdan 1000 manata qədər olduğunu söyləyib. O, mal-materialı bazar qiymətindən aşağı qiymətə alıb və həmin məbləğin 20-25 faiz artırıldığını deyib.
Anar Mustafayev bildirib ki, Bayram Vəliyev, Emin Məmmədov və Namazalı Məmmədovun razılığı ilə onlara çatan məbləği mənimsəyiblər: “Biz dövlət əmlakını mənimsəməmişik. Əməkdaşların onkoloji xəstəlikləri, toyları, yasları, tədbirlərin hamısı o pulla edilib. Mən nazirliyə verilən pulun məbləğin bilmirəm. Bunu Beytulla Hüseynov və Vidadi Zeynalov bilir”.
Daha sonra ifadə vermək üçün digər təqsirləndirilən “Təmir Təchizat Servis” MMC-nin direktoru Bayram Vəliyevə söz verilib.
O, istintaqa verdiyi ifadəni təsdiqləyib və məhkəmədə sərbəst ifadə verməkdən imtina edib. Buna görə də onun istintaqa verdiyi ifadəsi elan olunub.
Bayram Vəliyev istintaqa deyib ki, şirkətləri təsis edərək Beytulla Hüseynova işləmək istədiyini çatdırıb: “Gömrükdə işdən təzə çıxmışdım, işsiz idim. Bundan sonra mən “Təmir Təchizat Servis”də rəsmi olaraq rəhbər qalsam da, ora faktiki Beytulla Hüseynov rəhbərlik edirdi. Tenderlərdə şirkətlərin qalib olmasını o, təmin edirdi. Mən Beytulla Hüseynovun əmrlərini yerinə yetirirdim, 1000 manat maaş, 1500 manat isə paket alırdım. Tender və kotirovka sənədləri ilə məşğul olmurdum, özləri həll edirdi, sadəcə qol çəkirdim”.
Bundan sonra Vidadi Zeynalov ittiham aktını almadığını deyib. Hakim ona ittiham aktının veriləcəyini bildirib.
Proses dekabrın 2-də davam edəcək.
***
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin ikeçmiş Aparat rəhbəri Vidadi Zeynalov, “Aztelekom” MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədov, "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynov, "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin baş mühasibi Anar Mustafayev, “AzİnTelekom” MMC-nin sabiq baş direktoru Cəlil Cəfərov, “Azərpoçt” MMC-nin sabiq baş direktoru Qəmbər Bəybalayev, “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin baş mühasibi Səhrab Hümbətov, “Rabitə Mülki Tikinti” MMC-lərinin direktoru Emin Məmmədov, “Aztelekom” MMC-nin baş mühasibi Oktay Rüstəmov, “Təmir Təchizat Servis” MMC-nin direktoru Bayram Vəliyev və "Optik Qurğular" İdarəsinin sabiq rəisi Namazalı Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Teleqraf.com xəbər verir ki, proses başlanan kimi hakim Əfqan Hacıyev bildirib ki, təqsirləndirilən Namazalı Məmmədovun iki vəkili var: "Amma vəkillərin heç biri prosesdə iştirak etmir. Hər iki vəkillə əlaqə saxlamışıq. Biri rayonda, digəri Ali Məhkəmədə olduğunu deyib, prosesə bir saata gəlib çatacağını bildirib".
Hakim əlavə edib ki, Namazalı Məmmədovun qohumları yeni vəkillə müqavilə bağlayıblar. Yeni vəkil Tamerlan Zeynalov məhkəməyə order təqdim edib.
Hakim yeni vəkilin prosesə qoşulmasına təqsirləndirilən şəxsin münasibətini soruşub və müsbət cavab alıb.
Daha sonra təqsirləndirilən Beytulla Hüseynov Vidadi Zeynalovun vəkili Ceyhun Yusufovun suallarını cavablandırıb. Vəkil ittihamda mənimsəmə faktlarlnın şişirdilməsi ilə bağlı suallar verib. Beytulla Hüseynov bildirib ki, Rabitə Nazirliyi rəhbərliyinin göstərişlərini icra edib: "Mən burada ad çəkmək istəmirəm. Sifarişləri icra etmişəm. Göstərişi rəhbərlikdən almışam. Bu barədə daha danışmaq istəmirəm".
Vidadi Zeynalovdan göstəriş alıb-almadağı barədə suala Beytulla Hüseynov belə cavab verib: "Suallara cavab vermirəm. İstintaqa verdiyim ifadələri təsdiq edirəm".
Vidadi Zeynalovun vəkilləri Beytulla Hüseynovun istintaqa verdiyi ifadəsinin elan edilməsini istəyiblər. Hakim ifadəni elan edib.
Beytulla Hüseynov ifadəsində bildirib ki, tikinti üçün qiymətlərin şişirdilməsi sifarişini sabiq nazir Əli Abbasov verib: "Sifarişi Əli Abbasov versə də, müvafiq hesabatları Vidadi Zeynalova təqdim etmişik. Vidadi Zeynalov hər ay mühasib Anar Mustafayevdən hesabat alırdı. Bizim onları aldadıb-aldatmadığımızı yoxlayırdı. Vidadi Zeynalova hər ay müəyyən məbləğdə pul vermişik. Əli Abbasovun Nadir adlı dostuna hər ay 1000 manat, müavini İltimas Məmmədova bir dəfəyə 1.5 milyon manat və vergi orqanlarına da pul vermişəm".
Daha sonra Anar Mustafayev ifadə verib. Deyib ki, istintaqa verdiyi ifadəsində qeyd etdiyi rəqəmləri təsdiqləyir, amma bəzi hissələrdə manat-dollar məsələsində səhv ediblər:
"Xarici şirkətlər gəlib deyib ki, müqavilələri bizlə bağlayın, sizə bonus verəcəyik. Bunlar rəsmi qeydiyyata alınmayıb. Beytulla Hüseynovun mənə əməliyyatlar üçün 15 min manat verdiyini demişəm. Amma bunu yalandan dedim. Düzdü, Beytulla müəllimin mənə hər ay 7 min manat verdiyini demişəm, amma onun cəmi 2 min manatı məndə qalırdı, qalanı digər işçilərə verilirdi. İstintaqda Vidadi Zeynalova da vəsait vermədiyimi dedim, çünki təxmini rəqəm deməyimi istədilər, mən də iki dəfə paket verdiyimi, amma içində nə qədər pul olduğunu bilmədiyimi dedim".
Anar Mustafayev daha sonra deyib: "Deyirlər, dövlət vəsaitini talan etmişik. Belə olmayıb. Bir tikinti şirkəti hansısa işə vəsait qoyursa, necə ola bilər, qazanc əldə etməsin? Əvvəlcədən layihə hazırlanırdı, ona uyğun iş görülürdü. Heç bir rəqəm şişirdilməyib. Dəfələrlə yoxlama olub, heç bir pozuntu qeydə alınmayıb. Biz tikinti sahəsində monopoliya qurmuşduq, bunu məcburən etmişdik.
Biz burada Bayram Vəliyev və Emin Məmmədovun haqqına girmişik. Uşaqda bilir ki, 100 manatlıq vəsait yatıranda 30-35 manatlıq qazancı olur".
Şişirdilmiş rəqəmlərdən danışan Anar Mustafayev əlavə vəsaitlərin mənimsənilməsi ittihamı barədə belə danışıb: "Əlavə vəsaitləri ya biz oğurlamali idik, ya da oğurlanmasına göz yummalı idik".
Anar Mustafayev ifadəsində əmək haqqısından əlavə pullar aldığını etiraf edib. O bildirib ki, 2005-ci ildən 2015-ci ilə qədər olan müddətdə hər ay 800-2000 manat arasında əlavə pul alıb. O, özünü qismən təqsirli bilib.
Hacı Zeynalov